Netanyahu İrana zərbəni əsas nazirlərlə razılaşdırıb, amma...

   Netanyahu İrana zərbəni əsas nazirlərlə razılaşdırıb,    amma...
  15 Oktyabr 2024    Oxunub:699
İsrailin baş naziri Benyamin Netanyahu öz hökumətinin əsas nazirləri ilə İrana qarşı cavab zərbəsinin vaxtı və üsulu ilə bağlı razılığa gəlib. İndi bununla bağlı bütün Nazirlər Kabinetinin təsdiqi gözlənilir.
AzVision.az xəbər verir ki, İsrailin “Kan” teleşirkətinin yaydığı məlumata görə, İrana gözlənilən zərbənin parametrləri Netanyahu ilə İsrailin Müdafiə naziri Yoav Qalant və digər nazirlər arasında məsləhətləşmələrdən sonra təsdiqlənib.

“Bu görüşlər nəticəsində İrana qarşı hərəkətlər, cavab tədbirlərinin vaxtı və intensivliyi barədə tam razılıq əldə olunub. Bununla belə, hərəkətə keçmək üçün hələ Nazirlər Kabinetindən yekun təsdiq tələb olunur”, - teteleşirkətin məlumatında deyilir.

Qeyd edək ki, dünən “The Washington Post” qəzeti Netanyahunun ABŞ prezidenti Co Baydenin administrasiyasına İsrailin İranın nüvə və neft obyektlərinə deyil, hərbi obyektlərinə zərbə endirmək niyyəti barədə danışdığını yazıb. Nəşrin iddiasına görə, İsrailin İrandakı hərbi obyektlərə zərbəsi noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi gözlənilir.

Bu arada mənbəyə istinad edən “Financial Times (FT)” qəzeti İranın potensial ballistik raket hücumuna qarşı hava hücumundan müdafiə (HHM) sistemini gücləndirmək üçün İsraildə lazım olan tutucu raketlərin çatışmadığı barədə material verib.


Həmin raketlərin istehsalı sahəsinin rəhbərlərinin, keçmiş hərbi rəsmilərin və analitiklərin fikrincə, Təl-Əviv ölkəni İran və onun regional müttəfiqlərinin hücumlarından qorumaq üçün HHM sistemini gücləndirmək zərurəti qarşılığında yaxınlaşan raket çatışmazlığı ilə üzləşir.

- İsrailin bu cür silahlarla bağlı problemi ciddidir. Əgər İran İsrailin hücumuna kütləvi hava hücumları ilə cavab versə və buna “Hizbullah” da qoşulsa, İsrailin HHM-i son həddə çatacaq. ABŞ əvvəlki kimi Ukrayna və İsraili eyni sürətlə təchiz etməyə davam edə bilməz, biz dönüş nöqtəsinə yaxınlaşırıq”, - qəzet ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqə nəzarət etmiş sabiq nümayəndəsi Dana Stroulun sözlərindən sitat gətirir.

Ballistik raketləri zərərsizləşdirmək üçün istifadə olunan “Arrow” tutucu raketlərinin istehsalçısı “Israel Aerospace Industries” dövlət şirkətinin baş direktoru Boaz Levi istehsal xətlərinin işini təmin etmək üçün əməkdaşların üç növbəli rejimlə işlədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   İran   zərbə   raketlər  





Xəbər lenti