Zelenski “qələbə planı” nı açıqlayıb

   Zelenski    “qələbə planı”   nı açıqlayıb
  16 Oktyabr 2024    Oxunub:310
Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada ölkəsinin Rusiya ilə müharibədə qalibiyyət planını təqdim edib.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, onun “sülh planı”nın 1-ci bəndi ölkənin dərhal NATO-ya dəvətini nəzərdə tutur. Zelenski “sülh planı”nın həyata keçirilməsinin Moskvadan yox, Kiyevin tərəfdaşlarından asılı olduğunu iddia edib.

“Rusiya vicdanlı sülh axtarmır. Prezident Vladimir Putin ağlını itirib və müharibə istəyir, o, şəxsən dəyişməyəcək, heç kimə qulaq asmır. Ukrayna və onun tərəfdaşları müharibənin bitməsi və Rusiyanın “sülhə məcbur olması” üçün şəraiti birlikdə dəyişməlidirlər. Birinci və çox vacib olan məqam NATO-ya dəvətdir. İndi. Bu, tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini necə gördüyünə əminlikdir”, - Volodimir Zelenski vurğulayıb.

Ukraynanın NATO-ya dəvətinin Rusiya ilə açıq-aşkar hərbi münaqişəyə gətirib çıxara biləcəyi barədə Qərbin aparıcı dövlətlərinin bəyanatlarına rəğmən, Zelenskinin bu məsələnin hətta indiki məqamda belə aktual olduğunu iddia etməsi ən azı təəccüb doğurur. Digər tərəfdən isə, Rusiyanın hərbi müdaxiləsinin və ukraynalıların üzləşdikləri bütün faciələrin təməlində ilk növbədə məhz Ukraynanın NATO-ya üzvlük iddiasının dayandığı heç kim üçün sirr deyil. Bu baxımdan, Volodimir Zelenskinin “qələbə palnı”nın elə ilk bəndi bu təklifin ən azı indiki məqamda utopiya olduğunu sübuta yetirir.

Zelenski bildirib ki, “qələbə planı”nın ikinci bəndinin həyata keçirilməsinin açarı Ukraynada bufer zonaların yaradılmasına imkan verməmək üçün Müdafiə Qüvvələrinin Rusiya ərazisində əməliyyatlarının uğurla davam etdirilməsidir.

- İkinci bənd müdafiədir. Bu, Ukraynanın işğalçıya qarşı müdafiəsinin dönməz şəkildə gücləndirilməsidir. Ukraynada döyüş meydanında öz mövqelərimizi müdafiə etmək və eyni zamanda müharibəni Rusiya ərazisinə qaytarmaq lazımdır ki, ruslar həqiqətən də müharibənin nə olduğunu hiss etsinlər və Rusiyanın təbliğatına baxmayaraq, nifrətlərini Kremlə qarşı çevirməyə başlasınlar. Biz sadəlövh deyilik. Ukrayna rusların əksəriyyətinin Rusiyanın mənəvi tənəzzülünün dərinliyini dərk edəcəyinə inanmır və inanmayacaq. Ancaq rus ordusunun süqutunu hiss etməlidirlər. Bu isə onların müharibə ideologiyası üçün itki olacaq”, - Ukrayna prezidenti əminliyini ifadə edib.

Onun sözlərinə görə, Ukrayna əsgərlərinin gücünü saxlaya bilən silahların dəqiq siyahısı tutulub. Kursk Kursk əməliyyatı sayəsində isə, Ukrayna təzyiq göstərdiyi zaman Kiyev Putinin bunun qarşısını almaq üçün kifayət qədər gücünün olmadığını gördü.


Bu baxımdan, “qələb planı”nın ikinci bəndinin uğurla həyata keçirilməsi üçün Ukrayna bir sıra alt bəndlərin həllinə çalışmalıdır:
1. Ukraynada bufer zonaların yaranmasının qarşısını almaq məqsədilə düşmənin müəyyən ərazilərində Ukrayna Müdafiə Qüvvələrinin əməliyyatlarının uğurla davam etdirilməsi;
2. Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinin dönməz şəkildə gücləndirilməsi və Ukraynanın işğal olunmuş ərazisində Rusiyanın hücum potensialının məhv edilməsi;
3. Ukrayna Silahlı Qüvvələri üçün ehtiyat briqadaların cəlb edilməsində tərəfdaşlardın köməyi;
4. Ukrayna şəhər və kəndlərini Rusiya raket və PUA-larından qorumaq üçün Ukraynanın hava hücumundan müdafiəsini (HHM) kifayət qədər yüksək səviyyəyə qaldırmaq və onları vurmaq üçün tərəfdaşların hava qalxanlarına çıxışı çərçivəsində Avropadakı qonşularla birgə müdafiə əməliyyatları;
5. Ukrayna raketləri və dronlarından istifadə etməklə əməliyyatların genişləndirilməsi, habelə onların Ukraynada istehsalının genişləndirilməsinə investisiyalar;
6. Tərəfdaşların Ukraynanın bütün Rusiya tərəfindən işğal olunmuş ərazilərində və Rusiya ərazisində - hərbi infrastruktur obyektlərində - uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırması, habelə Ukraynanı müvafiq uzaqmənzilli raketlər, pilotsuz təyyarələr və digər məhvetmə vasitələri ilə təmin etməsi;
7. Ukraynanı real vaxt rejimində peyk məlumatları və digər kəşfiyyat vasitələri ilə əldə olunmuş məlumatlarla təmin etmək.


Volodimir Zelenski vurğulayıb ki, “qələbə planı”nın müdafiə bəndinin hər bir alt bəndi üçün Ukrayna öz tərəfdaşlarına aydın əsaslandırma təqdim edir. Onun sözlərinə görə, planın bu bəndindəki məxfi əlavəyə yalnız müvafiq hərbi yardım potensialına malik olan tərəfdaşların çıxışı var.

Zelenskinin “qələb planı” ABŞ-da təəssürat yaratmayıb
Bununla belə, Ukrayna prezidenti onun “sülh planı”nın, xüsusilə də 6-cı alt bəndin, həm ABŞ, həm də NATO-nun Avropadakı aparıcı üzvləri tərəfindən niyə soyuq qarşılanmasına aydınlıq gətirməyib. Yeri gəlmişkən, məhz bu dövlətlər, Zelenskinin özünün də dediyi kimi, müvafiq hərbi yardım potensialına malik olan oyunçulardır.

Ali Radadakı çıxışında, həmçinin ölkəsinin yalnız Rusiya ilə yox, habelə Şimali Koreya və İranla müharibə apardığını diqqətə çatdıran Ukrayna prezidenti onun “qələbə planı”nı dəstəklənəcəti halda müharibəni ən uzağı gələn il bitməsini istisna etməyib.

- Qələbə planı dəstəklənsə, gələn ildən gec olmayaraq müharibəyə son qoya bilərik. Əksər bəndlərin vaxtı təfərrüatlı şəkildə müəyyən edilir, lakin bu “qalibiyyət planı” yalnız tərəfdaşların köməyi ilə həyata keçirilə bilər. Əgər biz və tərəfdaşlarımız indi güclənməsək, o zaman Putin gələn il əhəmiyyətli dərəcədə güclənəcək. Kiyev dürüst və vicdanlı diplomatiyaya açqıdır”, - Ukraynanın rəhbəri deyib.

Volodimir Zelesnkinin çıxışına reaksiya verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onu son ukraynalıya qədər münaqişəni davam etdirmək üçün ABŞ-nin “pərdələnmiş planı” adlandırıb.

“Yəqin ki, mətbuat onun bütün açıqlamalarını dərc edəndə nəsə demək mümkün olacaq. Amma ümumiyyətlə, bilirsiniz, artıq neçə həftədir ki, hansısa efemer “sülh planı” haqqında danışılır. Çox güman ki, bu, sonuncu ukraynalıya qədər bizimlə döyüşmək üçün amerikalıların planının Zelenskinin pərdələyərək təqdim etdiyi “sülh planı”dır, - Kremlin sözçüsü deyib.

Ukrayna üçün yeganə real sülh planının Ukrayna hakimiyyətinin yeritdiyi siyasətin puç olduğunun dərk edilməsi olduğunu vurğulayan Dmitri Peskov, rəsmi Kiyevi “ayılmağa” və hərbi münaqişəyə səbəb olan səbəbləri başa düşməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   Rusiya  





Xəbər lenti