NRC: "Suriyada yeni humanitar böhran baş qaldırır"

      NRC:    "Suriyada yeni humanitar böhran baş qaldırır"
  17 Oktyabr 2024    Oxunub:1068
"Dinc sakinlərin Qəzzada və Livandakı müharibələrdən Suriyaya qaçıb sığınması nəticəsində bu ölkədə də yenidən humanitar böhran əmələ gəlməkdədir".
Bu sözləri Norveç Qaçqınlar Şurasının (NRC) Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Angelita Karedda şuranın bəyanatında diqqətə çatdırıb.

"İndi çoxsaylı problemlər fonunda regionda cəmi 12 ay ərzində formalaşan üçüncü humanitar böhranın astanasındayıq. Suriya, onsuz da, 13 illik vətəndaş müharibəsi nəticəsində yaşanılmaz yerə çevrilib və yardımlar ehtiyacları artıq qarşılamır. Livandan kütləvi qaçqın köçü vəziyyəti lap çətinləşdirir. Suriyaya keçən minlərlə ailə yaşamaq üçün təhlükəsiz yer, yaxud uşaqları üçün yemək-içmək tapmaq çətinlik çəkəcək. Bu artıq böhran içində böhran vəziyyətidir", - xanım direktor deyib.

Şuranın bəyanatında həmçinin bildirilir ki, İsrailin "Hizbullah"a qarşı quru əməliyyatına başlamasının ardınca Livanda yaşayan 276,000-dən artıq insan Suriyaya qaçmaq məcburiyyətində qalıb:

"Onların əksəriyyəti qadın və uşaqlardır, hətta bəzi uşaqlar valideyn himayəsindən məhrum qalda təkbaşlarına qalıblar".

Xatırladaq ki, ötən gün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) humanitar fəaliyyətlər üzrə icraçı direktorunun müavini Ted Çayban da fondun öz məlumatına əsasən vurğulamışdı ki, Livanda yurd-yuvasından didərgin düşən uşaqların sayı 400 minə çatıb.
UNICEF: "Livanda 400 min uşaq öz yurdundan didərgin düşüb"

"Çoxsaylı böhranla mübarizə aparan, indi isə müharibənin çənginə keçən kiçik ölkədə bütöv bir nəsli itirmək təhlükəsi ilə üz-üzə qalmışıq. Məni heyrətə gətirən odur ki, bu müharibə cəmi üç həftə qabaq başlayıb, amma görün neçə uşaq onun ziyanını çəkir. Ümumilikdə 1,2 milyon uşaq təhsildən məhrum qalıb. Məktəb binaları ya yararsız hala gətirilib və ya məcburən sığınacaq kimi işlədilir", - o bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Norveç   Suriya   Livan   qaçqınlar  





Xəbər lenti