Zelenskinin 3 ssenarisi, Qərbin bədbinliyi və təzyiqi

   Zelenskinin 3 ssenarisi, Qərbin    bədbinliyi və təzyiqi
  18 Oktyabr 2024    Oxunub:1027
ABŞ-də prezident seçkiləri başa çatdıqdan sonra Ukraynadakı münaqişənin inkişaf məcrası ilə bağlı üç ssenari var.
AzVision.azxəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “The Financial Times (FT)” qəzetinə müsahibəsində seçkilərdən sonra Vaşinqtonun Kiyevə məhz nə təkilf edəcəyinin məlum olmadığını deyib.

“Üç ssenari var. Bunlardan biri Ukraynaya yardımı davam etdirməkdir. Lakin müttəfiqlərimiz bəzi risklərdən qorxurlar. ABŞ-də prezident seçkilərində kimin qalib gəlməsindən asılı olaraq daha iki yol var. Bu daha çox, yoxsa daha az müsbət olacaq? Düzünü desəm, bilmirəm və bu xalqımız üçün çox həssas məsələdir”, - Ukrayna prezidenti bildirib.

Onun iddiasına görə, NATO-ya üzvlük qarşılığında Rusiyaya ərazi güzşətlərinə getmək barədə nəzəri müzakirələr aparan qərbli məmurlar bunu şəxsən ona deməkdən çəkinirlər.

- Təkliflərinizi açıq şəkildə masa üzərinə qoyun. Əgər digər ölkələrin sülh planları “realdırsa” və Kiyevin özünün səylərini sarsıtmayırsa Ukrayna bunun üçün açıqdır. Braziliya, planın varmı? Möhtəşəm. Biz Çindən gələn təklifin əleyhinə deyilik. Amma uşaqlar, xahiş edirəm bizi ayırmayın”, - Volodimir Zelenski çağırış edib.

Zelenski “qələbə planı” nı açıqlayıb
Zelenski qeyd edib ki, münaqişəni bitirməyin yeganə yolu Ukraynanın Şimali Atlantika Alyansına dəvət almasıdır. İki gün əvvəl onun Ali Radada detallarını açıqladığı “qələbə palnı”nın da ilk bəndi məhz bu müddəanı özündə ehtiva edir. Dünən Ukrayna prezidenti öz planını Brüsseldə Aİ-yə daxil olan ölkələrin rəhbərlərinə də təqdim edib.

Maraqlıdır ki, Ukraynaya hərtərəfli dəstəyin ən böyük tərəfdarlarından olan və sərt anti-Rusiya mövqeyi tutan Polşanın baş naziri Donald Tusk Zelenskinin “qələbə planı”na skeptik yanaşıb. Onun iddiasına görə, planla bağlı Aİ dövlətləri arasında konsensus yoxdur.

“Volodimir Zelenskinin təqdim etdiyi qələbə planının qiymətləndirilməsi kontekstində Aİ liderləri arasında tam harmoniya olduğunu deməzdim, amma bunu heç kim gözləmirdi də. Yəni burada yeni heç nə baş verməyib - bilirsiniz, hər ölkənin müharibə və Rusiyanın təcavüzü ilə bağlı öz fikri var. Əslində bu planda yalnız bir əsas tezis var - NATO-ya üzvlük perspektivi”, - Polşanın baş naziri vurğulayıb.

Digər tərəfdən, Ukraynadakı səfərbərliklə də bağlı Qərbin Kiyevə təzyiq göstədriyi məlum olub. Belə ki, hazırda Ukraynada 25-60 yaş arasında kişilərin səfərbər olunması barədə Ali Radanın qərar çıxarmasına baxmayaraq, ölkənin Müdafiə naziri Rustem Umerov 18-25 yaşlı kişilərin səfərbər edilməməsi barədə Qərbdəki müttəfiqlərin sualları ilə üzləşdiyini bildirib.

“Bəzən bu məsələ ilə bağlı müzakirələr olur, çünki Ukraynanın tərəfdaşları bizim 18-25 yaşlı insanları niyə səfərbər etmədiyimizi anlamaq istəyirlər. Ukrayna hakimiyyəti isə izah edir ki, bu, hökumətə 25-60 yaşlı insanları səfərbər etməyə icazə verilməsi barədə Ali Radanın şərtidir. Lakin biz həmişə insanın özünün seçim etməsinə imkan veririk. İndi, dediyimiz kimi, bütün hüquq normalarına uyğun işləyirik. Qanunvericilik aydın şəkildə müəyyən edir: 25 yaş və ondan yuxarı. Kimsə gəlib xalqına xidmət etmək arzusunu bildirsə, biz buna həmişə şadıq”, - Ukraynanın Müdafiə naziri vurğulayıb.


Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Sergey Leşenko ABŞ-nin hər iki əsas partiyasının səfərbərlik yaşının 18-dən başlaması barədə Kiyevə təzyiq göstərdiklərini bəyan edib. Onun sözlərinə görə, amerikalılar qələbə üçün yalnız onların verdiyi silahların yox, həm də 18 yaşından başlayaraq səfərbəlriyin keçirilməsinin zəruri olduğunu iddia edirlər.

Lakin Rustem Umerov belə müzakirələrin aparılmadığını və nazirliyin şayiələri şərh etmədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Qərb   şərtlər  





Xəbər lenti