Viruslar bakteriyalara qarşı: Antibiotikləri nə əvəzləyəcək?

   Viruslar bakteriyalara qarşı:    Antibiotikləri nə əvəzləyəcək?
  05 Dekabr 2024    Oxunub:2165
Britaniyanın “The Lancet” elmi jurnalında qorxulu bir proqnoza diqqət çəkən araşdırmanın nəticəsi yayımlanıb. Tədqiqatçılar bildirirlər ki, infeksiyalara gətirib çıxaran bakteriyalar tədricən mövcud dərmanlara qarşı müqavimət qazandıqca antibiotiklər təsirini itirir. Bu proses 2050-ci ilədək 39 milyondan artıq insanın ölümü ilə nəticələnə bilər.
Bəs nə etmək olar? Antibiotiklərin təsirini itirəcəksə, mikroblarla necə mübarizə aparmaq mümkündür? Ağla gələn variantlardan biri bakteriofaq preparatlardır.

Bakteriofaqlar - mikroorqanizmləri yoluxduraraq, məhv edən virusların ümumi adıdır. XIX əsrdən bəri bu viruslar əsasında dərmanlar hazırlanır. Patogen bakteriyalar antibiotiklərə nəzərən bakteriofaqlara daha çətin alışır. Odur ki antibiotiklərə qarşı daha tez, bakteriofaqlara qarşı isə yalnız zaman keçdikcə müqavimət göstərə bilirlər.

Onlar indi də tibbdə kara gəlir, ancaq müsbət xüsusiyyətləri ilə yanaşı, mənfi cəhətləri də var, odur ki istifadəsi geniş deyil.

Bakteriofaqlar yalnız bir, ən çoxu bir neçə növ bakteriya üzərində təsirə malikdirlər. Halbuki, hətta ən dar spektrli antibiotiklər də daha çox infeksiya növünün müalicəsi üçün nəzərdə tutulub. Bu, bəzi hallarda, məsələn, insan orqanizmində patogen bakteriyanın növünü dərhal aşkarlamaq mümkün olmayanda çox işə yarayır.

Bakteriofaqların hədəfi yalnız müəyyən bakteriyalardır. Onlar nə insan hüceyrələrinə, nə də digər bakteriyalara zərər verirlər. Belə bir xüsusiyət ona görə əhəmiyyətlidir ki, bakteriofaqlar spesifik infeksiya patogenlərini öldürərkən, antibiotiklərdən fərqli olaraq, faydalı mikrofloraya toxunmurlar.


Hərçənd burada da bir mənfi cəhət var: insanın immun sistemi istənilən virusu xarici agent saydığı üçün bakteriofaqlara da hücum çəkərək, gücünü azaldır. Eyni zamanda, orqanizmdə patogen bakteriyalar çoxalırsa, bakteriofaq virusları da həmin dərəcədə artır. Beləliklə, immunitetdə hiperreaksiyalar əmələ gələ bilər.

Antibiotiklərə nəzərən bakteriofaq preparatlarını hazırlamaq daha asandır, lakin istehsalın qurulması baha başa gəlir. Çünki antibakterial viruslara əsaslanan belə dərmanlar biotexnoloji məhsullardır və hazırlanması antibiotiklərin kimyəvi sintezindən daha çox vəsait istəyir.

Bakteriofaqların geniş istifadəsinə ən böyük maneələrdən biri onların dozasını, tətbiq kursunu və digər müalicə parametrlərini müəyyənləşdirməkdə yaranan çətinlikdir. Çünki bu antibakterial virusların faydası standartlaşdırılmayıb. Bu məqsəd üçün əlavə tədqiqatlara, vaxta və vəsaitə ehtiyac var.

Ümumiyyətlə, bakteriofaqların faydası şübhəsizdir. Onların potensialını müvafiq tədqiqatlar və düzgün seçimlər sayəsində həyata keçirmək mümkündür. Bu viruslar xüsusilə mədə-bağırsaq traktının, cinsiyyət orqanlarının və yuxarı tənəffüs yollarının selikli qişalarının infeksiyalarının müalicəsində əhəmiyyətli rol oynaya bilər.


Bakteriofaqlar öz funksiyalarını tamamlayaraq, əsasən bağırsaqlar vasitəsilə orqanizmdən xaric olunur. Bu tamamilə təhlükəsiz prosesdir, amma immunitetdə mənfi reaksiyaların meydana gəlməsi də mümkündür.

Firudin Həmidli
Samir Quliyev



Teqlər: Tibb   Bakteriofaq  





Xəbər lenti