Afrikada daha bir müharibə qızışıb

   Afrikada daha bir müharibə qızışıb
  27 Yanvar 2025    Oxunub:527
Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətinin mərkəzi Qoma şəhəri ətrafında şiddətli döyüşlər baş verib.
AzVision.az xəbər verir ki, BMT-yə istinad edən “France 24” telekanalının məlumtaına görə, Anqolanın KDR və Ruanda arasında vasitəçilik səylərinin uğursuzluğundan sonra, M23 qrupundan olan üsyançılar və 3-4 min Ruanda əsgəri bir milyon əhalinin və təxminən eyni sayda köçkünün yaşadığı Qomanı “demək olar ki, tamamilə mühasirəyə alıblar”.

Qomadan on kilometr aralıda intensiv döyüşlərin getməsi və gün ərzində ağır silahlardan istifadə edilməsi barədə məlumatı paytaxt Kinşasadan “France 24” telekanalının müxbiri təsdiqləyib. BMT-nin məlumatına görə, humanitar əməliyyatların aparıldığı şəhərin hava limanı bağlıdır.

Ən azı 13 BMT sülhməramlısının öldüyü xəbərləri var və qurum öz personalının bir hissəsini Qomadan təxliyyə etməyə başlayıb. ABŞ, Fransa, Böyük Britaniya və Almaniya daha əvvəl öz vətəndaşlarını şəhəri tərk etməyə çağırmışdı.

Hadisədən bir gün əvvəl KDR-in Xarici İşlər nazirliyi Ruanda ilə diplomatik əlaqələrin kəsildiyini və diplomatik heyətinin Ruandanın paytaxtı Kiqalidən çıxarılmasını açıqlayıb. Ruanda isə ötən cümə günü Kinşasada qalan diplomatlarını təxliyə edib.

KDR-in Xarici İşlər naziri Tereza Kayivamba BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Ruanda bölmələrinin öz ölkəsinin daxil olduğunu bildirib: “Mən sizin qarşınızda danışdığım vaxt bütün dünyanın gözü qarşısında görünməmiş bir hücum baş verir. Əlavə Ruanda qoşunları ərazimizə daxil olub və bu, suverenliyimizin pozulmasıdır. Bu təcavüzdür, bu, müharibə elanıdır”.


Nazir BMT TŞ-nin üzvlərini hərbi əməliyyatların dayandırılmasını, Ruanda qoşunlarının çıxarılmasını tələb etməyə, Ruanda etiketli bütün minerallara embarqo qoymağa, həmçinin Ruandaya silah satışı üçün bildiriş sistemi tətbiq etməyə çağırıb.

- TŞ təkcə Ruanda hərbi komandanlığının müəyyən üzvlərinə deyil, həm də bu təcavüzə görə məsuliyyət daşıyan siyasi liderlərə qarşı aktivlərin dondurulması və səyahət qadağaları da daxil olmaqla, məqsədyönlü sanksiyalar tətbiq etməlidir”, - Tereza Kayivamba çağırış edib.

Hazırda Qomada elektrik enerjisinin olmadığı, su təchizatı və mobil rabitənin işləmədiyi, ərzaq və ilkin tələbat mallarının çatdırılması yollarının bağlandığı bildirilir.

Qeyd edək ki, M23 qrupu 2012-ci ildə Konqo ordusundan fərarilik edənlər tərəfindən yaradılıb. Əksəriyyəti tutsilərdən ibarət olan üsyançı qruplar 2021-ci ilin yanvarında KDR-in şərqində döyüşməyə başlayıb. Onlar Şimali Kivu əyalətində bir neçə şəhəri və 100-dən çox kəndi ələ keçirə biliblər. KDR hökuməti Ruandanı üsyançıları dəstəkləməkdə ittiham edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Konqo   Ruanda   müharibə  





Xəbər lenti