BSU-da Heydər Əliyev anıldı

BSU-da Heydər Əliyev anıldı
  01 May 2013    Oxunub:2167
Bakı Slavyan Universitetində Ümummulli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş IV Beynəlxalq Elmi Konfrans keçirilir
May ayının 1-də Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai elmlər bölməsi və BSU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfransın açılış mərasimi oldu.
Təntənəli mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamladı. Beynəlxalq konfransın əsas leytmotivinin azərbaycançılıq olduğunu bildirən A.Əlizadə bu məfkurənin banisi Heydər Əliyevin şəxsiyyət və zaman baxımından Azərbaycanın böyük bir tarixi olduğunu bildirdi və Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında gördüyü işlərin təqdirəlayiq olduğunu vurğuladı. “Heydər Əliyev ideyalarının konfransda səslənməsi dünyada azərbaycançılıq məfkurəsinin yayılmasına yardım edəcək”.

BSU-nun rektoru professor Kamal Abdullayev konfransın işini tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirdi, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açdı. Rektor BSU-nun Kiyev, Poltava, Moskva və Minskdəki mərkəzlərinin azərbaycanşünaslığın inkişafında əhəmiyyətini vurğuladı.

İlham Mustafayev konfras iştirakçılarına Təhsil Naziri Mikayıl Cabbarovun salamlarını çatdırdı və konfransın işinə uğurlar arzuladı.

Belarus Respublikasının Azərbaycandakı səfiri N.Y.Paskeviç bölgədə lider dövlət olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildirdi. Eyni zamanda Heydər Əliyevin Azərbaycanın inkişafında rolundan bəhs edən cənab səfir onu “müasir Azərbaycanın memarı” adlandırdı. “Bakı Slavyan Universiteti gənclərin intellektual mübadilə meydanıdır və bu konfransın mədəniyyətlərin təmasında rolu danılmazdır”.

Daha sonra Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev, Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor A.A.Nestulya, İstanbul Kültür Universitetinin rektoru, professor S.S.Demir, “Marşalek” Holdinqin prezidenti A.Marşalek, Palatski Universitetinin rektoru, professor M.Maşlan, Harvard Universitetinin professoru M.Kramer, Tbilisi Dövlət Universiteti Linqvistika Institutunun direktor müavini, professor M.Mancqaladze, Litva Dili İnstitutunun direktoru, professor İ.Zabarskayte, Misirin Ayn-Şəms Universiteti əməkdaşı Ə.S.Elaydi, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Ural Federal Universitetinin professoru A.G.Nesterov, Qazıxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinova çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

Sonda iştirakçı gənclər adından Evrovision Mahnı müsabiqəsinin qalibi BSU-nun məzunu və əməkdaşı Eldar Qasımov qonaqları salamladı və “Azərbaycan” mahnısını ifa etdi.

Xatırladaq ki, 220-dən çox yerli və xarici alimin məruzələrinin qəbul olunduğu konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən Rusiya, Belorus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqariyadan 40 qonaq iştirak edir.



Teqlər:  





Xəbər lenti