İlham Əliyev Beynəlxalq Aeroportda açılış etdi

İlham Əliyev Beynəlxalq Aeroportda açılış etdi
  06 May 2013    Oxunub:1611
Dövlət başçısı yeni aerovağzal kompleksinin tikintisi ilə də maraqlanıb.
Bu gün Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda “Silkway Technics” şirkətinin yeni inşa olunan anqar kompleksi ilə tanış olub, Beynəlxalq Logistika Mərkəzinin açılışında iştirak edib, təzə alınmış AİRBUS A340-500 sərnişin təyyarələrinə baxıb.

Dövlət başçısı yeni aerovağzal kompleksinin tikintisi ilə də maraqlanıb.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda əvvəlcə “Silkway Technics” şirkətinin yeni tikilmiş anqar kompleksi ilə tanış olub. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlət başçısına məlumat verib ki, tikintisinə 2011-ci ildə başlanan yeni anqar kompleksində hava gəmilərinə texniki xidmət göstərmək üçün hər cür şərait vardır. Burada quraşdırılan avadanlıq texniki xidməti dünya standartları səviyyəsində həyata keçirməyə imkan verir. Ümumi ərazisi 26 min kvadratmetr olan kompleksin anqar hissəsinin sahəsi 16 min kvadratmetrdir. Eni 160, hündürlüyü 23, dərinliyi 95 metr olan anqarda eyni vaxtda ən böyük hava gəmisi olan iki “Boinq-747” təyyarəsinə, həmçinin dargövdəli 8-10 təyyarəyə texniki xidmət göstərmək üçün bütün zəruri şərait vardır. Ofis, anbar, inzibati bölmə və digər texniki otaqların yerləşdiyi kompleksdə yeni texniki xidmət sahələri də yaradılmışdır. Anqarda təyyarələrin interyerinə, şassilərinə, akkumulyatorlarına, qəza-xilasetmə avadanlığına xidmət göstərmək mümkündür. Quraşdırılan xüsusi avadanlıq təyyarə gövdəsinin xaricində olan bütün hissələrə rahatlıqla yaxınlaşmağa və xidmət göstərməyə imkan verir.

Azərbaycan Prezidenti İlham Əliyevə aeroportun ərazisində gələcəkdə inşa olunacaq anqarlar barədə də məlumat verilib.
Daha sonra dövlət başçısı aeroportda tikilmiş Beynəlxalq Logistika Mərkəzinin açılışında da iştirak edib.
Prezident İlham Əliyev mərkəzi işə salıb.

Prezident İlham Əliyev yeni alınmış iki AİRBUS A340-500 sərnişin təyyarələrinə də baxıb.
Məlumat verilib ki, maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmiləri birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir. Bu da öz növbəsində uzaqməsafəli uçuşları daha səmərəli həyata keçirməyə imkan yaradır. AİRBUS A340-500 təyyarələri bu gün dünyanın ən nüfuzlu aviaşirkətləri tərəfindən istifadə edilir. 237 yerlik avialayner sərnişinlərin rahatlığını təmin və uçuşları maraqlı təşkil etmək üçün bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Bildirildi ki, “Azərbaycan Hava Yolları” aviaparkın daha da müasirləşdirilməsi istiqamətində gələcəkdə də fəaliyyəti davam etdirəcəkdir.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda inşa olunan yeni aerovağzal kompleksi ilə də tanış olub.
Qeyd edildi ki, yeni kompleksin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada 24 lift, 30 eskalator, 37 xüsusi X-Ray aparatı quraşdırılacaqdır. Yeni kompleksdə sərnişinlərin və işçilərin rahatlığını təmin etmək üçün bütün zəruri tədbirlər reallaşdırılacaqdır. Kompleksdə sərnişinlərin qeydiyyatı üçün 41, pasport nəzarəti üçün isə 52 köşk qoyulacaqdır. Bundan əlavə, kompleksdə kafe, restoran və digər xidmət obyektləri fəaliyyət göstərəcəkdir. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımalarında xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Müasir standartlara cavab verəcək aerovağzal kompleksi ildə üç milyon sərnişinə xidmət göstərmək gücündədir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir. Mövcud terminal vasitəsilə yerli aviareyslər həyata keçiriləcəkdir. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Aerovağzal binasının ərazisində eyni vaxtda 13 təyyarəni qəbul edə biləcək teleskopik pilləkən quraşdırılacaqdır.

Görülən işlərlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti