“Azərbaycanda güclü kosmos sənayesi yaratmaq fikrindəyik”

“Azərbaycanda güclü kosmos sənayesi yaratmaq fikrindəyik”
  07 May 2013    Oxunub:1587
İlham Əliyev : “İqtisadiyyatımızı şaxələndirməsək, daha böyük uğurlara nail ola bilmərik”
“Biz siyasi islahatlar həyata keçiririk, cəmiyyətimizin demokratikləşməsi bizim üçün prioritet məsələdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışında deyib.

Prezidentin sözlərinə görə, siyasi və iqtisadi islahatlar paralel həyata keçirilməlidir ki, bir-birini dəstəkləsin, qarşıya qoyulan məqsədlərə nail olunsun:

“Biz müstəqillik dövründə, xüsusilə son 10 il ərzində böyük irəliləyişə nail olmuşuq. Ümumi Daxili Məhsulun artımı 300 faiz təşkil edib ki, bu da dünyada rekord rəqəmdir. Eyni zamanda yoxsulluğu azaldaraq, 50 faizdən 6 faizə endirmişik. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nəticələr beynəlxalq təsisatların diqqətindən yayınmır. Əsas beynəlxalq maliyyə təsisatlarının bununla bağlı rəyi müsbətdir. Davos Forumunun göstəricilərinə görə, Azərbaycanın rəqabətlilik baxımından reytinqi artıb. Biz ölkədə əsas iqtisadi islahatları həyata keçirə bildik. İqtisadi inkişaf baxımından keçid dövrü artıq başa çatıb. 83 faiz iqtisadi yatırımımız hazırda özəl sektor tərəfindən təmin edilir.

Bizim özəl sektor kifayət qədər güclüdür. İqtisadi baxımından Azərbaycanın gələcək inkişafı da cəlbedicidir. Hazırda əsas diqqətimiz qeyri-enerji sektoruna yönəlir. 2013-cü ilin ilk üç ayında qeyri-enerji sektorunda böyük nailiyyətlər əldə edilib, 11 faizdən çox artım qeydə alınıb. Bu, bir daha göstərir ki, bizim iqtisadiyyatımız daha cəlbedicidir.

İqtisadiyyatımızı şaxələndirmək istəyirik, bu istiqamətdə səy göstəririk. Çünki şaxələndirmə baş vermədikcə, daha böyük uğurlara nail ola bilmərik”.

Dövlət başçısı bildirib ki, Azərbaycan müasir texnologiyalara daha çox sərmayə yatırır: “Bu il çox mühüm hadisəni yaşadıq. İlk dəfə olaraq Azərbaycanın süni peyki olan “Azerispace-1”-i fəzaya buraxdıq. Bu deməkdir ki Azərbaycanda kosmos sənayesi var. Bundan sonra “Azerispace-2” və “Azerispace-3” peykləri buraxılacaq. Biz beynəlxalq tərəfdaşlarımızla birgə Azərbaycanda çox güclü kosmos sənayesi yaratmaq fikrindəyik”.

Prezident İ. Əliyev enerji sahəsinin Azərbaycan iqtisadiyyatı üçün əsas hissə olduğunu deyib: “Çünki uzun əsrlər boyu Azərbaycan neft ölkəsi olaraq tanınıb. Biz indi qaz hasil edən ölkə kimi də tanınırıq. Enerji sektoruna yatırılan sərmayələr bizə çox müsbət investisiya iqlimi yaratmaq imkanı verdi. Birbaşa xarici sərmayələrə görə biz regionda ilk yerdəyik. Bu da xarici şirkətlərin ölkəmizə gəlməsini şərtləndirir. Ağır fəsadları, bəzi ölkələrin üzləşdiyi problemləri təkrarlamamaq məqsədilə Dövlət Neft Fondu kimi mexanizm yaratdıq. Dövlət Neft Fondu dünyada ən şəffaf fondlardan biri kimi tanınıb. Biz bununla çətin vəziyyətə düşməkdən özümüzü sığortaladıq. Biz kasıbların daha da kasıblaşması, varlıların daha da varlanması kimi haldan yan keçdik”.

Dövlət başçısı deyib ki, insan kapitalına, xüsusilə təhsil sahəsinə sərmayələr qoyulur: “Təhsil ümumiyyətlə uğuru şərtləndirən meyardır. Müxtəlif ölkələrin tarixi və təcrübəsi göstərir ki, nəinki iqtisadi inkişaf, o cümlədən intellektual potensial da vacib məsələdir. Biz 10 il öncə bəyan etdik ki “qara qızıl”ı insan kapitalına çevirmək fikrindəyik. İqtisadiyyatın şaxələndirilməsi, sosial layihələrin həyata keçirilməsi, infrastruktur layihələr və Azərbaycanda görünən dəyişikliklilər onu göstərir ki, keçid sahəsində - yəni totalitar cəmiyyətdən demokratik cəmiyyətə, dövlət iqtisadiyyatından özəl iqtisadiyyata keçiddə yaxşı təcrübəmiz var”.

Prezident İ. Əliyev bu gün Azərbaycanın tam olaraq öz resurslarına, güclü maliyyə imkanlarına malik ölkə olduğunu qeyd edib: “Bu da o deməkdir ki, iqtisadi böhran bizə təsir göstərmədi. Təbii ki, bütün bunlar ölkənin gələcək inkişafında öz rolunu oynayacaq. Biz bu gün öz dostlarımızla, tərəfdaşlarımızla enerji təhlükəsizliyi sahəsində fəal çalışırıq. Avropa ölkələri ilə, qonşularımızla bunu ona görə edirik ki, öz enerji potensialımızdan yaxşı yararlanaq”.

Dövlət başçısı Azərbaycanın enerji resurslarının bundan sonra daha 100 il ölkəyə kifayət edəcəyini də vurğulayıb.(apa)


Teqlər:





Xəbər lenti