“Şagirdin müəllim tərəfindən qaçırılması yalandır” - Açıqlama

“Şagirdin müəllim tərəfindən qaçırılması yalandır” -  Açıqlama
  13 May 2013    Oxunub:1551
“Səhiyyə Nazirliyi bu məlumatı hardan əldə edib bilmirəm”.
“Hadisə baş verən zaman orada olmuşam və bununla bağlı məktəbin kollektivi ilə söhbət etmişəm. Məktəbin direktoru ilə söhbətim zamanı isə məlum oldu ki, uşağın müəllim tərəfindən qaçırdılması ilə bağlı yayılan məlumatlar yalandır”.

Bu sözləri AzVision.az-a açıqlamasında Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov XI sinif şagirdinin ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Şöbə müdiri həmçinin Səhiyyə Nazirliyinin həmin şəxsin qaçış zamanı dünyasını dəyişməsi ilə bağlı yaydığı məlumatları da təkzib edərək, nazirliyin həmin məlumatları haradan əldə etməsinə şübhə ilə yanaşıb:

“Səhiyyə Nazirliyi bu məlumatı hardan əldə edib bilmirəm. Mən həmin şagirdin anası ilə görüşdüm. Hüquq-mühafizə orqanlarının işçiləri də hadisə yerində idilər. Məlum oldu ki, uşağın səhhətində problemlər var imiş. Belə ki, Azad İlyasov səhər yuxudan oyananda anasına özünü yaxşı hiss etmədiyini deyib və həbb qəbul edib.
Səhhəti normallaşdıqdan sonra isə dərsə gəlib. Anası ona getməmək üçün israr etsə də, Azad anasının sözünə əhəmiyyət verməyib”.

V. Ələkbərov hadisənin belə olduğunu, kütləvi informasiya vasitələrində yayılan məlumatların yalan olduğunu, hadisəyə müxtəlif qərəzli mövqedən yanaşıldığını təəssüf hissi ilə vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib.

Hadisə şahidlərinin ans-ə verdikləri məlumata görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti