Amnistiya Aktının icrası ilə bağlı müşavirə keçirilib

Amnistiya Aktının icrası ilə bağlı müşavirə keçirilib
  14 May 2013    Oxunub:1473
Qərarın mütəşəkkil qaydada, gecikdirilmədən və düzgün icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri əmr imzalayıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Qərarının Penitensiar xidmət üzrə icrasına hazırlıqla bağlı tədbirlər başa çatdırılmaq üzrədir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsində tabe qurumların rəhbərlərinin və Bakı Şəhər Prokurorluğu nümayəndəsinin iştirakı ilə Amnistiya Qərarının icrasına hazırlıqla bağlı geniş müşavirə keçirilib.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə-general leytenantı Mədət Quliyev Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın humanist təşəbbüsü ilə Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin 90 illik yubileyi münasibətilə ölkə parlamenti tərəfindən növbəti dəfə elan edilən Amnistiya Qərarı barədə məlumat verdi. Qeyd edilib ki, Qərarın mütəşəkkil qaydada, gecikdirilmədən və düzgün icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Naziri əmr imzalayıb. Penitensiar xidmət rəisinin müvafiq əmrinə əsasən xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun sədrliyi ilə xüsusi komissiya yaradılıb və Qərarın icrası ilə bağlı komissiya qarşısında konkret tapşırıqlar qoyulub.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov çıxış edərək amnistiya haqqında Qərarın ilk növbədə aidiyyəti xidmət sahələrinin əməkdaşları tərəfindən ətraflı öyrənilməsinin, müəssisələrə amnistiya aktının tətbiqi ilə bağlı daimi metodiki köməkliyin göstərilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, amnistiya aktının tətbiqi ilə əlaqədar süründürməçilik, əsassız imtina və qanunsuz tətbiq edilmə ilə bağlı müraciət və şikayətlər xüsusi nəzarətə götürülməklə, pozuntuya yol vermiş əməkdaşlar barəsində ciddi tədbirlər görüləcəkdir. Amnistiya tətbiq olunan məhkumların şəxsi işlərinin, amnistiya qərarlarının və digər materialların hazırlanmasına, cəzanın çəkilməmiş hissəsindən təxirəsalınmadan azad edilməyə, alkoqolizm, narkomaniya və ya zöhrəvi xəstəliklərdən məcburi müalicə təyin olunmuş şəxslərə amnistiya tətbiq olunarkən müvafiq məhkəmə qərarının olmasının vacib şərt kimi nəzərə alınmasına, qanunvericiliklə müəyyən edilmiş bütün qaydalara riayət edilməsinə, eləcə də penitensiar müəssisələrin rəhbərləri tərəfindən qərarların razılaşdırılması üçün müvafiq prokurorlara təqdim olunmasına və prokurorluq orqanları əməkdaşlarının amnistiyanın tətbiqi ilə bağlı müəssisələrdə şəxsi işlərlə tanış olmalarına tam şərait yaradılmasına komissiya tərəfindən daim nəzarət olunacağı tabe qurumların rəhbərlərinin nəzərinə çatdırıldı.

Bakı Şəhər Prokurorluğunun İttihamnamə şöbəsinin rəis müavini ədliyyə müşaviri Yusif Səməndərov çıxış edərək prokurorluq tərəfindən də amnistiya Qərarının icrası ilə bağlı xüsusi hazırlıq işləri görüldüyünü və prokurorluq işçilərinin bu işdə cəzanı icra edən orqanla birgə əməkdaşlığa hazır olduqlarını bildirdi.
Müşavirədə Amnistiya Qərarının icrası ilə bağlı keçirilən mərasimlərə kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyətinin, Ombudsman aparatının nümayəndələrinin dəvət edilməsinin zəruriliyi qeyd olundu.

AzVision.az


Teqlər:  





Xəbər lenti