Avtoxuliqanlıq edənlərə qarşı cəzalar sərtləşdirildi

Avtoxuliqanlıq edənlərə qarşı cəzalar sərtləşdirildi
  14 May 2013    Oxunub:1294
Layihə Azərbaycan Ədliyyə, Daxili İşlər nazirlikləri və Ali Məhkəməsi ilə razılaşdırılıb
Azərbaycan Milli Məclisi (MM) avtoxuliqanlığa görə inzibati həbsin müddətini artırıb.

APA-nın xəbərinə görə, MM-in bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 296.1-ci (avtoxuliqanlıq) maddəsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq olunacaq.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə ediləcək və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on gündən on beş günədək) inzibati həbs tətbiq ediləcək.

İXM-ə edilən digər dəyişikliyə əsasən, Azərbaycanda nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə inzibati cəza sərtləşdirilib. Belə ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat miqdarında cərimə ediləcək və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək (hazırda on beş günədək) inzibati həbs tətbiq olunacaq.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə il ərzində inzibati həbs almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək (hazırda 10 günədək) inzibati həbs tətbiq olunacaq.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək (hazırda 15 günədək) inzibati həbs tətbiq olunacaq.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək (hazırda beş günədək) inzibati həbs tətbiq olunacaq. Həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə yeddi yüz manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək (hazırda beş gündən on günədək) inzibati həbs tətbiq ediləcək.

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat miqdarında cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək (hazırda on beş günədək) inzibati həbs tətbiq olunacaq.

Qeyd edək ki, müvafiq dəyişiklik layihəsi MM-ə baş prokuror Zakir Qaralovun imzası ilə daxil olub. Parlamentə daxil olan məktubda layihənin Azərbaycan Ədliyyə, Daxili İşlər nazirlikləri və Ali Məhkəməsi ilə razılaşdırıldığı bildirilib.(apa)


Teqlər:





Xəbər lenti