Dördüncü ya beşinci sinifdə oxuyanda ədəbiyyat müəllimlərimiz Mikayıl Müşfiqin Nargin adasında güllələndiyini söyləmişdi. Müşfiq mənim ən çox sevdiyim şairlərdən idi və bu söz məni o qədər sarsıtmışdı ki, neçə vaxt özümə gələ bilməmişdim. O vaxtdan Nargin mənim üçün qorxu və ölüm simvoluna çevrildi. Yaşlı adamlar 30-cu illərdə həbs olunanlar haqqında danışanda tez-tez işlətdikləri “gedər-gəlməz” sözünün sinonimi mənim üçün Nargin idi.
Bir də neçə illər sonra institutun birinci kursunda oxuyanda uşaqlarla Dənizkənarı parkda katerə minib dəniz gəzintisinə çıxmışdıq. Katerdəkilərdən kimsə əliynən qarşıdakı adanı göstərib “Nargindir” dedi. Qəribə bir qorxu və həyacan doldurdu içimi. Kater adaya çatmamış geri döndü...
İndi mən neçə illər sonra zamanın çox sirlərin üstünə işıq saldığı bir dövrdə düz oraya- Narginə gedirdim. Ancaq qəribə də olsa adaya yaxınlaşdıqca həmin qorxu və həyacan yenə də haradansa baş qaldırırdı.
Bu da Nargin...
Bakı buxtasının düz ortasında yerləşən bu daşlı- qayalı torpaq parçasının əsil adı Böyük Zirədir. Bu adanın Nargin adlandırılmasının isə qəribə tarixçəsi var. “Nargin” sözü zahirən dilimizdəki hansısa sözlərə oxşasa da onun Azərbaycanla heç bir əlaqəsi yoxdur. Belə ehtimal olunur ki, 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Bakı buxtasına gələn rus dənizçiləri bu adanı, formasına görə Baltik dənizindəki (Revel şəhərinin yaxınlığında) Narqen adasına bənzədiyindən belə adlandırıblar. (Maraqlıdır ki, Baltik dənizindəki Narqen adasının qonşuluğundakı başqa bir adanın da adı Vulfdur. ) Ancaq o da maraqlıdır ki, Baltik Narqenini yerli əhali ruslardan fərqli olaraq Naysaar adlandırır.
1883-cü ildə adada mayak quraşdırılır və təxminən həmin dövrdə də burada həbsxana inşa edilir. Lakin 20-ci əsrin əvvəllərində həbsxanada saxlanılan dustaqların qohumları adaya gediş-gəliş çətin olduğundan Hacı Zeynalabdin Tağıyevə şikayət edirlər. Hacı hökumət nümayəndələrini həbsxananın adadan şəhərə köçürülməsinə razı salır. Əvəzində isə özünün yeni tikdirdiyi dəyirmanı həbsxana binası üçün verir. Həbsxana şəhərə köçürülsə də birinci dünya müharibəsi başlandıqdan sonra yenidən buranı Antanta qoşunlarının hərbi əsirlərini saxlamaq üçün istifadə edirlər.
“Qırmızı terror” dövrünün- qanlı- qadalı 20-ci, 30-cu illərin qurbanlarının bu adada güllələnməsi, oradakı adsız məzarlarda dəfn olunması barədə xalq arasında hələ də əfsanəyə bənzər qorxulu rəvayətlər dolaşır. Uzunluğu təxminən 2 km, eni isə 800-900 m olan bu kiçik torpaq parçası o qanlı illərin, qırılan ömürlərin, puç olan arzuların, soraqsız qalan məzarların simvoluna çevrilib.
Buradakı həbsxana binası çoxdan yerlə yeksan edilib yerində hərbi kazarmalar tikilsə də, əsən küləklər və yağan yağışlar bəlkə də yüzlərlə, minlərlə insanın uyuduğu adsız qardaş məzarlarını üzə çıxarıb. Adanın cənub-qərb tərəfindəki təpənin ətəyi insan sümükləri ilə doludur. Bu insanların kimliyi isə əbədi olaraq qırmızı imperiyanın arxiv labirintlərində itib- batıb.
Geryə qayıdanda bir də dönüb arxaya Narginə baxdım...
Qorxusuz, həyacansız...
Ada bu dəfə mənə çox kədərli göründü...
Füzuli Sabiroğlu