Almaniya miqrasiya siyasətini dəyişmək istəyir

Almaniya miqrasiya siyasətini dəyişmək istəyir
  01 Aprel 2025    Oxunub:786
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) rəhbəri Hans-Ekhard Sommer ölkənin miqrasiya siyasətində əsaslı dəyişikliklər olunmasını təklif edib.
O, fərdi sığınacaq hüququna əsaslanan mövcud sistemin səmərəsizliyini vurğulayaraq, humanitar əsaslarla qəbul kvotalarına üstünlük verilməsini məqsədəuyğun olduğunu bildirib.

“Spiegel” qəzeti xəbər verir ki, Konrad Adenauer Fondunda keçirilən tədbirdə çıxış edən BAMF rəhbəri Avropada sığınacaq siyasətinin köklü islahatlara ehtiyac duyduğunu vurğulayıb. O qeyd edib ki, miqrasiya proseslərinin daha səmərəli idarə olunması üçün əmək bazarının inteqrasiya imkanları da nəzərə alınmalıdır. Qeyri-qanuni yolla Almaniyaya daxil olan şəxslərə gələcəkdə yaşayış icazəsinin verilməməsi istiqamətində addımlar atılmalıdır.

Hans-Ekhard Sommer, həmçinin Avropada miqrasiya siyasətinə dair mövcud yanaşmaların köhnə düşüncə tərzindən uzaqlaşılmasının da vacibliyini ifadə edib. Onun sözlərinə görə, son illərdə populist və ifrat sağçı partiyaların yüksəlişi demokratik hüquq sisteminin bu məsələdə çevik qərarlar qəbul etməsini zəruri edir.

Ötən il 229 min 751 nəfər ilk dəfə sığınacaq üçün Almaniyaya müraciət edib. Bundan əlavə, 21 min 194 təkrar müraciət qeydə alınıb. İlk müraciətlərin sayı əvvəlki illə müqayisədə 30,2 faiz azalıb. BAMF rəhbəri bu azalmanın əsas səbəbinin Serbiyanın 2023-cü ilin noyabrında Macarıstana keçid yolunu bağlaması ilə izah edib. Bu keçid yolunun uzunmüddətli bağlı qalıb-qalmayacağı hələ tam müəyyənləşməyib.


AzVision.az


Teqlər:





Xəbər lenti