Manat qəpik qədər ucuzlaşacaq – TƏHLİL

Manat qəpik qədər ucuzlaşacaq – TƏHLİL
  20 Fevral 2015    Oxunub:17504
Manatın dəyərinin ucuzlaşacağı haqda söhbətlər səngimir. Hərçənd, dövlət başçısı da bu barədə bir neçə dəfə açıqlama verərək bildirib ki, manatın dəyəri qorunub saxlanılacaq. Bununla belə, bir çoxları yenə, ABŞ dollarının hər yerdə olduğu kimi, bizdə də bahalaşacağını vurğulayırlar.

Təbii ki, bunun üçün də kifayət qədər əsas var. Belə ki, ölkəmizin xarici valyuta gəlirləri demək olar, bütövlükdə neftdən asılı olduğundan, qiymətin 2 dəfədən çox enməsi manatın dəyərini təhlükəyə alıb. Ona görə də, keçən şərhimizdə də yazdıq ki, neftin qiymətinin düşməsi ilə əlaqədar ölkə iqtisadiyyatını idarəetmə orqanları sırasında bu gün ən çətin vəziyyətdə qalan Azərbaycan Mərkəzi Bankdır (AMB). Manatın taleyi bilavasitə AMB-dən asılıdır.

Bu baxımdan da Mərkəzi Bankın İdarə Heyətinin 16 fevral 2015-ci il tarixdən məzənnə siyasətində ikitərəfli hədəflənmədən valyuta səbəti dəyərinin əsas götürülməsinə keçmək haqda qərarı daha çox ajiotaj yaradıb. Halbuki, adı çəkilən qurumun məzənnə siyasətində tezliklə ABŞ dolları ilə Avronun da daxil olduğu ikivalyutalı səbət mexanizmini məqsədəuyğun hesab edəcəyi gözlənilirdi. Belə ki, bunu dolayı yolla əslində, dövlət başçısı tapşırmışdı. Bu barədə bir qədər sonra...

Sual olunur ki, AMB-in qərarı nəyi ehtiva edir? Deməli, məsələ belədir: manatın məzənnəsini Mərkəzi Bank tənzimləyərkən indiyədək yalnız ABŞ dollarını əsas götürürdü. Ancaq bundan sonra avroya görə kurs ayrıca nəzərə alınacaq. Belə ki, buna manatın kursunu müəyyənləşdirməkdə bivalyuta (dollar/avro) səbəti deyilir. Bivalyuta səbətindən əvvəl də istifadə edilib. Başqa sözlə desək, ölkəmizdə manatın dəyərinin tənzimlənməsində 2008-ci ildən (mart ayından) məhz bu mexanizmdən istifadə olunurdu.

Ancaq 2011-cü il yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə bivalyuta səbətindən manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçildi. O səbəbdən ki, mövcud makroiqtisadi vəziyyətə əsasən ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəf seçilməsi real şəraitdə AMB-in məqsədləri və inflyasiyaya təsir göstərmək baxımından daha uyğun gəlirdi. Sözümüz bunda deyil.

Ancaq dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına dair keçən ay keçirilən konfransda dedi ki, avronun manata nəzərən çox da ucuzlamasına yol vermək olmaz.

“Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək”- deyə, Prezident vurğuladı. AMB-in sözügedən qərarı da məhz bu göstərişin nəticəsidir.

Bununla belə, manatın “ipinin artıq buraxıldığı” demək tezdir. Yəni söhbət, hələ devalvasiyadan getmir. AMB-in sözügedən qərarı da bunu ehtiva etmir. Belə ki, devalvasiya ayrıca siyasətdir.

Əvvəla, avro ilə bağlı Azərbaycan kimi ölkədə təşvişə düşməyə və ajiotaja ehtiyac yoxdur. Ona görə ki, iqtisadiyyatımız dollara bağlıdır. İxracımızın 86 faizini xam neft təşkil edir. Ölkəmizdə manatın avroya görə məzənnəsi istənilən halda dollara əsasən formalaşır. Müəyyən xırda təzahürlərin olması isə manatın dəyərini titrətsə də, sarsıda bilməz. Burada Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəmizin 34 faizə yaxın təşkil etməsi faktı da mənasız arqument xarakteri daşıyır. Bunu avronun hər dəfə ucuzlaşmasına rəğmən, daxili bazarımızda Avropa mallarının qiymətlərinin ciddi dəyişikliyə məruz qalmaması da sübut edir.

Çünki bizdə ən çox tələb olunan mallar heç də Avropa istehsalına aid deyil. İkinci də, manatın dollara və yaxud avroya görə məzənnədən əhəmiyyətli düşməyi əhalinin real pul gəlirlərinin səviyyəsinə və maaş ilə pensiyaların alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər ki, o zaman sosial istiqamətdə əlavə tədbirlər görmək, müvafiq addımlar atmaq zərurəti yaranacaq. Bu isə AMB-ə aid məsələ deyil. Deməli, dövlət büdcəsindən əlavə artımlara getmək lazım gələcək. Odur ki, manatın ucuzlaşmağı qəpiklərlə ifadə olunacaq...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti