Ramil Usubov gürcü həmkarı ilə görüşüb

Ramil Usubov gürcü həmkarı ilə görüşüb
  21 May 2013    Oxunub:1439
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili ölkəmizə rəsmi səfərə gəlib.

Mayın 21-də əvvəlcə İrakli Qaribaşvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb.

Sonra dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət etmiş, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Daha sonra respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları səmimi salamlayan və bu səfərin iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə təkan verəcəyinə inandığını bildirən nazir müstəqilliyimizin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durumu xatırladıb, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalını, doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın acınacaqlı taleyini, kriminogen durumun dözülməz həddə çatdığını yada salıb.

O deyib ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində həyata keçirilən islahatlar, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində gördüyü qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb.

İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünün prioritet istiqamətlərindən biri elan etmiş respublikamızda ictimai münasibətləri, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən yeni qanunların qəbul edildiyi, bu sahədə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğu, onların icrasının mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.

Xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, bu münasibətlərin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdiyi strategiyaya uyğun uğurla inkişaf etdiyini vurğulayan cənab Ramil Usubov Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əlaqələrin, təcrübə və informasiya mübadiləsinin ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini vurğulayıb.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklər arasında imzalanmış sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib.

Daxili işlər naziri mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edən cənab İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb, Gürcüstanda həyata keçirilən hüquqi islahatlardan söz açıb, təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu bir dövlət, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.


Teqlər:  





Xəbər lenti