Prezident sərgilərlə tanış olub

Prezident sərgilərlə tanış olub
  22 May 2013    Oxunub:1204
Prezident İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.
Mayın 22-də Bakı Sərgi Mərkəzində "WorldFood Azerbaijan-2013" XIX Azərbaycan Beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2013" VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri açılıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgilərlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, "WorldFood Azerbaijan-2013" və "Agrihort Azerbaijan-2013" sərgiləri regionda tanınmış tədbirlər kimi ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir.

Bildirilib ki, budəfəki sərgidə 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40 faiz artması bu tədbirə marağın ildən-ilə çoxaldığını göstərir. Yerli şirkətlər də sərgidə fəal iştirak edirlər. Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi ilə keçirilən "WorldFood Azerbaijan-2013" sərgisinin təşkilatçıları qismində "Iteca Caspian" MMC və "ITE Group plc" şirkətləri çıxış edirlər.
Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış olub.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti