“Bədii Şuranın necə olacağı barədə məlumat yoxdur”

“Bədii Şuranın necə olacağı barədə məlumat yoxdur”
  23 May 2013    Oxunub:1850
“Televiziyaların nüfuzu Bədii Şuradan asılıdır”
“2013-cü ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən televiziya və radiolarda bədii şuralar yaradılmalıdır”. Bunu AzVison.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov televiziyalarda yaradılacaq bədii şuralar haqqında danışarkən deyib. Deputat bildirib ki, televiziyaların və radioların nüfuzunun müəyyən hissəsi yaradılacaq bədii şuralardan asılı olacaq.

“Şuranın yaradılması qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkə də dilçiliyin inkişafına dair dövlət proqramı” nın tələbidir. Həmin tədbirlər planında xüsusi maddə ondan ibarətdir ki, teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılmalıdır. Bu proses üçün 2013-cü ilə qədər vaxt qoyulub. Bu il ərzində bu şuralar yaradılıb, başa çatdırılmalıdır.Və bu maddənin həyata keçirilməsi Milli Televiziya və Radio Şurasına tapşırılıb. Buna görə də televiziyaların ora müraciət etmələri tamamı ilə qanuna uyğundur”.

Nizami Cəfərov tədbirlər planında Bədii Şuranın strukturunun necə olacağı barədə məlumatın olmadığını bildirib:

“Mən düşünürəm ki, bu məlumata ehtiyac da yoxdur. Burada televiziya və radiolara müəyyən sərbəstlik verilib. Bəzi teleradio şirkətinin daxili imkanları elədir ki, orada bu işlə bağlı mütəxəssislər var və onların hesabına bu formalaşdırıla bilər. Amma hər halda Milli Elmlər Akademiyasının Dilçilik İnstitutundan və yaxud bizim universitetlərimizin dil, nitq, nitq mədəniyyəti, üslubiyyət məsələləri ilə məşğul olan mütəxəssisləri bu şuralara daxil etmək yaxşı olardı. Mən güman edirəm ki, bu cür də olacaq”.

Millət vəkili “AZTV” nin potensialı böyük olduğunu söyləyib. Onun sözlərinə görə, dövlət televiziyasına kənardan mütəxəssis cəlb etməyə ehtiyac yoxdur. “Çünki orada təcrübəli mütəxəssislər çoxdur. Ancaq elə televiziyalar, radiolar var ki, ora kənardan mütəxəssis dəvət etməyə ehtiyac var. Hətta mən düşünürəm ki, televiziyalar bir- biri ilə əməkdaşlıq edib, mütəxəssisləri bu şuraya cəlb etsələr maraqlı olar. Çünki onların nüfuzunun müəyyən hissəsi bu şuradan asılıdır”-deyə, Nizami Cəfərov əlavə edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti