Bakıda Qida sərgisi öz işinə başlayıb

Bakıda Qida sərgisi öz işinə başlayıb
  22 May 2013    Oxunub:1297
Sərgidə çıxış edən nazir İsmət Abasov sərgi iştirakçılarını səmimi salamlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Bu gün Kənd Təsərrüfatı nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq qida sənayesi “WorldFood Azerbaijan-2013” və7-ci Azərbaycan kənd təsərrüfatı “AgriHort Azerbaijan-2013” sərgisi keçirilib. AzVision.az xəbər verir ki, sərgidə 179 şirkət iştirak edib. Ötən illə müqayisədə sərginin sahəsi 47% artıb.

Sərgidə çıxış edən nazir İsmət Abasov sərgi iştirakçılarını səmimi salamlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında danışıb, qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsi güclü potensial imkanlara malikdir. Respublikanın əlverişli torpaq-iqlim şəraiti və mühüm nəqliyyat yollarının qovşağında yerləşməsi aqrar bölməni ölkə iqtisadiyyatında ən mühüm prioritetlərindən birinə çevirir.

Nazir bildirib ki, ölkənin kənd təsərrüfatının əsasını iki böyük sahə - bitkiçilik və heyvandarlıq təşkil edir. Bitkiçilikdə taxılçılıq, tərəvəzçilik, kartofçuluq, meyvəçilik, üzümçülük, pambıqçılıq, heyvandarlıqda isə maldarlıq, qoyunçuluq və quşçuluq üstünlük təşkil edir. 2012-ci ildə 2003-cü ilə nisbətən kənd təsərrüfatının ümumi məhsul istehsalı 3,3 dəfə, o cümlədən bitkiçilik məhsulları 3,0 dəfə, heyvandarlıq məhsulları 3,7 dəfə artıb. Bununla yanaşı, taxıl istehsalı 1,4 dəfə, kartof istehsalı 1,3 dəfə. tərəvəz məhsulları istehsalı 1,2 dəfə, meyvə istehsalı 1,4 dəfə, ət istehsalı 1,4 dəfə, süd istehsalı 1,5 dəfə artıb.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin reqionların sosial-iqtisadi inkişafına, aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsinə, lizinqin genişləndirilməsinə və bir çox sahələrin inkişafına dair imzaladığı Fərman və Sərəncamlar kənd əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır və bu proqram sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi öz müsbət nəticəsini verməkdədir.

Çıxışının sonunda Nazir İsmət Abasov sərgi iştirakçılarına işgüzar əlaqələr yaratmaq, əlverişli şərtlərlə işbirliyi qurmaq üçün uğurlar arzulayıb.

Sonda Nazir İsmət Abasov sərgidə iştirak edən yerli və xarici şirkətlərin nümayiş etdirdikləri eksponatlarla tanış olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti