Dünyada ədalət varmı? – NLP yanaşması

Dünyada ədalət varmı? – NLP yanaşması
  01 Aprel 2015    Oxunub:17290
Babək Bayramov
NLP Ustadı, Biznes və Yaşam Koçu
Xüsusi olaraq AzVision.az üçün

...Bir gün Molla Nəsrəddin gölə yıxılır və boğulmamaq üçün qışqıraraq kömək çağırır. Yaxınlıqdan keçənlərdən biri Mollanın səsini eşidərək köməyə gəlir. O, əlini Mollaya uzadır: “Molla, əlini ver”. Molla ölüm-dirim mübarizəsi aparsa da, əlini vermir.


Adam bir neçə dəfə müraciətini təkrarlasa da, nəticə dəyişmir. Birdən adamın beynində sanki “şimşək çaxır.” O, bu dəfə cümləsi fərqli şəkildə səsləndirir: “Molla, al əlimi!” Molla Nəsrəddin onun əlindən tutaraq xilas olur. “Al Molla” zərb-məsəlinin əsasını bu metafora təşkil edir.

Ədalət varmı?

Dünyanın hər yerində hökumətlər dövlətləri qanunlarla idarə edirlər və mütəmadi olaraq yeni qanunlar çıxmaqdadır. Bu prinsip, əslində “ƏDALƏT” anlayışına daha da yaxınlaşma prinsipidir və ədalətin heç yerdə tam olmadığını təsdiq edir. Əgər bir şey daim təkmilləşməyə ehtiyac duyursa, deməli, heç zaman mükəmməl ola bilməz, sadəcə, mükəmmələ yaxınlaşa bilər.

Ədalət - haqqın qorunması və təmin edilməsi deməkdir. İnsanda ədalət anlayışının meydana gəldiyi gün, əslində hüquq elminin əsasının qoyulduğu gündür. İnsanların cəmiyyətdəki davranışları əxlaqi və dini qaydalarla da əlaqəlidir. Dünyada ədalətin olub-olmaması, nəyin daha ədalətli olması tarix boyu mübahisəli bir sahə olub.

Bir əməlin ədalətli olması yalnız dünyanı necə qavramağımıza bağlıdır. Məsələn, götürək təyyarə biletlərinin satışını. Məlumdur ki, təyyarə havaya qalxarkən götürdüyü yük məhduddur. Lakin, çəkisi 60 kq olan 1 adamla, çəkisi 120 kq olan adam bilet üçün eyni məbləği ödəyir. Bu, ədalətlidirmi? Sizin fikrinizcə, kök arığı istismar etmirmi?

Tutalım həyatının 60 ilini ibadətə sərf edən adam cənnətlə mükafatlandırılır və bunu ədalətli hesab edirik. Eyni zamnda, “Allah bütün günahları əhv edir”, deyirik. Deməli, həyatının sonuna cəmi 1 il qalmış adam tövbə edərsə, dini qaydalara riayət edib, haqq yoluna dönərsə, o da cənnətə gedə bilər. Nəticə etibarilə, bir işi 60 il görənlə, 1 il görən eyni mükafatla mükafatlandırılır. Bəs bu, ədalətlidirmi?

Bu siyahını çox uzatmaq olar. “Ədalət” anlayışı insandan-insana dəyişir və hər birimizin bu məsələdə fərqli düşüncələrimiz var. Dünyadakı münaqişə və müharibələri çıxaran şey də budur.

Havayı alırıq, yoxsa dəyərini ödəyirik?

Bir adamın 1 dirhəm pulu olur və bu pula pendir və çörək alıb qarnını doyurmaq istəyir. Əvvəlcə bazarda pendirsatana yaxınlaşır və 1 dirhəmi satıcıya uzadaraq, yarım dirhəmlik pendir istəyir. Pendirsatan ona yarım dirhəmlik pendir verir. Amma başı digər müştərilərə qarışdığı üçün, onun pulunun qalığını verməyi unudur. Müştərisi pulun qalığını istəyəndə deyir : “Verdim!”. Adam: “Vermədin!”,- deyir. Mübahisə düşür və pendirsatan onu qovur.

Adam, fikirləşə-fikirləşə çörəkçinin yanına gəlir və yarım dirhəmlik çörək istəyir. Çörəkçi onun istədiyi miqdarı çəkib verir və pulunu istəyir. Adam: “Verdim!”,- deyir. Çörəkçi isə vermədiyini deyir. Adam yenə sözünü təkrarlayır. Çörəkçinin də müştərisi çox olduğundan, fikirləşir ki, yəqin verib, unutmuşam.

Adam bir kənara çəkilərək, qarnını pendir-çörəklə doyurur və əllərini göyə açaraq, deyir: “Verdiyin nemətlərə həmd olsun, ilahi. Mən bu işdən haqq-hesabı düz şəkildə çıxıram və özün buna şahidsən. İndi, zəhmət olmazsa, o yarım dirhəmi pendirsatandan al, çörəkçiyə ver”.

Birimizin ədalətli hesab etdiyi bir şeyi, başqa birimiz ədalətsiz hesab edə bilirik. Uzun həyatın zəhmətli tərəflərini yaşamış bir şəxs, bir gün vəzifcə yüksəlirsə, adətən ona olan hörmət və ehtiram artır. Bu adamın gözlərinə dünya ədalətli görünür və düşüncələri təxminən belə olur: “Əlbəttə, bu qədər zəhmətin bəhrəsini görməli idim”.

Uzun illər cəmiyyətdə yüksək mövqədə olaraq hörmət-izzət görmüş bir şəxs, bir gün bu mövqeni tərk edərsə, özünə olan hörmət və ehtiramın azaldığını görür və təxminən belə fikirləşir: “Dünya çox ədalətsizdir!” Dünya nə ədalətli, nə də ədalətsizdir. Dünyanın necə olması müşahidəçiyə bağlı olaraq dəyişir.

Ağrıdan qaçma və Həzzə yönəlmə

Səhər yuxudan oyanan kimi saatamı baxırsınız? O an içinizdən 1 düşüncə keçir: “Durmaq vaxtıdır!” Bu düşüncə işə və ya dərsə gecikəcəyinizlə əlaqədar xəbərdarlıq da ola bilər.



Hər səhər sinir sisteminizə göndərdiyiniz bu siqnal ya kefinizi açır, ya da pozur. Siqnal səsli şəkildə olmaya da bilər. Məsələn, gözünüzün önünə xoş və ya xoş olmayan görüntü də gələ bilər. Şüuraltı olaraq təxminən bu 2 istiqamətdən birinə yönəlirsiniz: 1) “İşə (və ya dərsə) geciksəm, problem yaranar”; 2) “Hədəflərimə çatmaq, mükafatlandırılmaq üçün tez getməyim lazımdır”.

Birincidə ağrıdan qaçır, ikincidə həzzə yönəlirsiniz. Əgər istirahət günüdürsə, beyniniz gecikmədən bu barədə sizə məlumat verir və rahatlanırsınız. Neqativ və ya pozitiv olmasından asılı olmayaraq, bədəniniz dərhal bu siqnallara reaksiya verir və bir hiss yaradır. Əgər heç bir duyğu yaranmırsa, heç bir davranış da yaranmır ki, buna da “ƏTALƏT” deyirik. Sizi ayağa qaldıran və ya bir az daha uzanmağınızı, yerinizdə qurcalanmağınızı təmin edən faktor da bu hissdir. Avtomatik olaraq işləyən bu zehni strategiya sizin motivasiyanızı yaradır.

Havayı faydalanmaq istəyi

Yığıcılıq insanın ən qədim məşğuliyyətidir və o zamanlarda insan hər şeyi təbiətdən hazır şəkildə alırdı. Sonra buna ovçuluq da əlavə olundu. Uzun əsrlər bizim ulu babalarımız və nənələrimiz yaşamaq üçün sadəcə təbiətin hazır nemətlərindən faydalanırdılar. Çünki insan zehninin dərinliklərində “faydalanma motivasiyası” var və bu motivasiya insanın həyatını və nəslini davam etdirməsi üçün vacibdir.

İnsan dünyadan heç bir şərt olmadan faydalanmaq istəyir. Nə qədər də qəribə səslənsə də, insan əslində hər şeyi havayı istəyir. Bu istək insanın zehninin ən dərin qatlarında gizlənmiş vəziyyətdədir. Bu vəziyyət özünü bir çox vəziyyətdə göstərir. Məsələn, uşaqlığımızı xatırladıqda görərik ki, ehtiyaclarımız valideynlərimiz tərəfindən havayı şəkildə təmin edilirdi. Hər birimiz sevilmək istəyirik, ancaq heç bir şərt olmadan sevilmək istəyirik. Xoşumuza gələn bir şeyi gördükdə qəlbimizin dərinliklərində onun bizə verilməsini istəyirik. Dövlətin bizə daha yaxşı şərait yaratmasını istəyirik. Bizə, sadəcə biz olduğumuz üçün hörmət olunmasını istəyirik. Sosial şəbəkələrdəki paylaşımlarımızın havayı olaraq “like” olunmasını istəyirik. Səbəb hər nə olursa olsun, faydalanmaq istəyirik.

Havayı faydalanmaq istəyi bütün canlılarda var. Birhüceyrəli Amöbdən göy balinaya qədər, kif göbələklərindən Uca çinarlara qədər bütün canlılar dünyadan heç bir əlavə şərt olmadan faydalanırlar. İnsanın da eyni zamanda bir canlı olduğunu nəzərə alsaq aydın olar ki, insanın da təbiətində havayı faydalanma istəyi var və hələ ana bətnində olanda belə ətrafından havayı fayda əldə edir.

Əldə ediləcək hər şeyin dəyəri ödənilməlidir

`Sivilizasiya` adlandıraraq yaşadığımız dövrün gətirdiyi inanclar da var ki, bu da insanın sosial münasibətlərinin əsasını təşkil edir. Məsələn, “Əldə ediləcək hər şeyin dəyəri ödənilməlidir” inancı, insanı bazarlığa yönəldən inancdır. Bu inanc dilimizdə bir çox metaforlarla möhkəmlənmiş haldadır: “Havayı pendir ancaq siçan tələsində olar; Pulunu kim verirsə, musiqini də o sifariş edər; Könlü balıq istəyənin quyruğu suda gərək” və s.

Bir gün Molla Nəsrəddin şəhərə gəlməyə hazırlaşır. Kənd əhli onun başına yığılaraq sifarişlər verir və deyirlər ki, “Molla gələndə pulunu verərəm.” Molla da hamısına “yaxşı, alaram”, deyir. Bir uşaq qaça-qaça gəlib Mollaya 20 qəpik uzadır və sifarişini verir: “Molla əmi, şəhərdən mənə 1 tütək alarsan.” Molla ona gülümsəyərk cavab verir: “Bala sən çaldın.”

İnsan böyüdükcə hipnotik təlqinlərin təsirinə məruz qalır, yeni inancları çoxalır və əvvəlki inancları dəyişir. Hər şeyin havayı olduğu dövr artıq geridə qalır və ona hər şeyin dəyərinin ödənilməli olduğu öyrədilir. Əvvəlcə, “Dərslərini yaxşı oxusan sənə velosiped alacam, sözə baxsan səni kinoya paracam və s.” mesajları, sonra digərləri “dəyər ödəmə” inancının köklərini daha dərinə uzadır. “İşləməsəm pul olmaz, pul olmasa yemək olmaz, namaz qılmasam cənnətə gedə bilmərəm, zəhmət çəkməsəm bəhrə görmərəm və s.” kimi alt inanclar “dəyər ödəmə” inancının şaxələnməsi nəticəsində formalaşır və insan ömür boyu bu inanca sadiq qalır.



Uzun illər əvvəl bu inancın yaranışı, bəşər tarixinə ƏKİNÇİLİK və MALDARLIQ adlı iki sənət bəxş etdi. İnsan öz qidasını becərməyə başladı və əmək verdiyi hər şeyi özü becərməyə başladı. Bu YIĞICILIQ və OVÇULUĞUN sona çatması demək deyildi, ancaq ədalət anlayışının güclənməsi idi.

Ziddiyyət

Yuxarıda deyildiyi kimi hamımız dünyadan havayı faydalanmaq istəyi ilə dünyaya gəlirik və böyümə prossesində bizə “dəyər ödəmə” inancı aşılanır. Birinci bizim hüceyrələrimizdə kodlanmış halda mövcud olur, ikincini isə həyatda öyrənirik. Bu iki faktor bizdə ömrümüzün axırınacan mövcud olur və ziddiyyət içindədirlər. Biri bizim bioloji, digəri isə sosial fəaliyyətimizə forma verir. Birinci faktor duyğularla, ikinci isə məntiqlə idarə olunur. Heyvanlarda ağıl olmur, sadəcə duyğular var, mələklərdə isə duyğular yoxdur, sadəcə ağıl var. İnsan isə yeganə məxluqdur ki, onda hər ikisi var. Bir sözlə, hər birimizin içində bir canavar və bir mələk var.

Mağazada çox xoşunuza gələn bir paltar görürsünüz və dərhal əldə etmək istəyi oyanır. Bu istək əslində “havayı faydalanmaq” istəyidir, lakin saniyədən də çox az bir müddətdə içinizdən bir səs gəlir: “Qiyməti neçəyədir?” Bu isə “dəyər ödəmə” inancının səsidir. Bu səs insanı içindəki vəhşidən uzaqlaşdırır və onu sosial davranmağa yönəldir. İnsan ömür boyu, hər bir addımda bu iki səsin ikisini də dinləyir. Bu səslər zamanına və məkanına görə dəyişir. Məsələn, insan acdırsa və pulu yoxdursa, “dəyər ödəmə” inancının təsiri alıtında bir qədər dözə bilər, ancaq aclıq dözülməz hala çatanda, inancın səsi zəifləyir. Belə vəziyyətdə o, oğurluq və ya soyğunçuluq edə bilər. Cinayətlər, “dəyər ödəmə” inancı zəiflədiyi və “havayı faydalanma” istəyi gücləndiyi zaman baş verir.

Bir insan nə qədər çox içindəki mələklə təmas qurarsa, o qədər dəyərli və faydalı insan olur, uğurlar qazanır. Çünki uğur üçün insanda zəkanın inkişaf etməsi şərtdir. İnstinkti yox edə bilmərik, ancaq inancı qüvvətləndirə bilərik.

Dünyadan necə faydalanmalı?

Vəhşilik və barbarlıq dövrləri çoxdan geridə qaldı və cəmiyyətin qanunlara riayət etməyənlər çox vaxt cəmiyyət qanunları ilə cəzalandırılırlar. Belə bir dövrdə həm “dəyər ödəmə” inancımızın, həm də “havayı faydalanma” istəyinin gücləndirilməsində fayda var. Çünki, birinci ikinci ilə əməkdaşlıq edərsə, insan ən faydalı çərçivəni tapa bilər. Bu iki faktorun qarışığından “dəyəri ödəməklə faydalanmaq” resepti meydana gəlir. İdeal olan ikisinin də eyni anda gücləndirilməsidir. Əgər instinkt güclü, inanc zəif olarsa, bu insanı cinayətkar edər. Əksinə, inancın təsiri hədsiz güclü olarsa, insan heç zaman mükəmməl olmayacaq ədalət axtarışın içərisində ilişib qalar və rifaha qovuşa bilməz. Daim təşkil etdiyim treninq və seminarlarımda bu balansı saxlamağ bacarığı üzərində çalışmalar aparıram. Və bunun nəticəsi olaraq tələbələrimizin uğur şansı olduqca yüksəlir.


Teqlər:  





Xəbər lenti