Rövnəq Abdullayevin tələbə yoldaşı: “Ad gününü kolbasa çörəklə qeyd edirdik”

Rövnəq Abdullayevin tələbə yoldaşı: “Ad gününü kolbasa çörəklə qeyd edirdik”
  03 Aprel 2015    Oxunub:60881
“Rövnəq Abdullayev çox yaxşı tələbə idi. Dərslərini yaxşı oxuyurdu. Əlaçı idi, həmçinin də qrup nümayəndəsi idi”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayevin qrup yoldaşı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) zavodun direktoru Ayaz Qarayev deyib.

O, bu gün 50 yaşı tamam olan Rövnəq Abdullayevin tələbəlik illərindən danışıb və xoş xatirələrini bölüşüb:

“Biz Rövnəq müəllimlə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda bir qrupda oxumuşuq. Onunla tələbəlik illərində yaxın münasibətimiz olub. Daha sonra onunla birlikdə Moskva İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşuq”.

A.Qarayevin sözlərinə görə, ARDNŞ prezidenti tələbəlik vaxtı əlaçı olub: “Onunla Sənaye və mülki tikinti fakültəsində təhsil alırdıq. Rövnəq müəllim dərslərə həmişə hazır gəlirdi. O, daha çox texniki fənlərlə maraqlanırdı. Daha sonra biz Moskvada təhsilimizi davam etdirdik. O zamanlar bir yataqxanada qalırdıq. Rövnəq müəllim əla tələbə və qrup yoldaşı idi”.

A.Qarayev tələbəlik illərində qeyd olunan ad günləri ilə bağlı xoş xatirələrində bölüşüb.

“O vaxtlar biz bütün qrup yoldaşlarımızın ad günlərini qeyd edirdik. Tələbəlikdə kolbasa çörək alıb, bir yerə toplaşadıq. Bununla da biz ad günü keçirirdik”.

A.Qarayev R. Abdullayevlə arada bir görüşdüyünü də deyib:

“Hazırda mən müəssisə rəhbəriyəm. Rövnəq müəllimlə hərdənbir görüşürəm. Görüşlərimiz yalnız işlə əlaqədar olur”.

Sonda isə A. Qarayev Rövnəq Abdullayevi yubileyi münasibətilə təbrik edib:

`Rövnəq müəllimə can sağlığı və uzun ömür arzu edirəm. Şərəfli işində daha da böyük nailiyyətlər əldə etsin. Qardaş qardaşa nə arzu edirsə, mən də qrup yoldaşıma onu arzu edirəm”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti