Nazir müavini və bankir oğullarının Azərbaycanda fərqli biznesi

Nazir müavini və bankir oğullarının Azərbaycanda fərqli biznesi
  08 Aprel 2015    Oxunub:54340
Borc Agentliyi – Azərbaycan üçün yeni anlayışdır. Azərbaycandakı borc agentliklərinin fəaliyyəti hələlik tam olaraq formalaşmayıb. Bu agentliklər borcunu qaytarmayan şəxsin borcunun alınıb, banka ödənilməsini təmin edirlər.

Hələlik bu agenliklərlə banklar arasında münasibətlərin qurulması, onların vətəndaşları tapması və həmin borcları almaları ilə bağlı tam təcrübə yoxdur. Borc agentlikləri müstəqil fəaliyyət göstərməli və buna görə də bank tərəfindən müəyyən ödənişlər əldə etməlidirlər. Bu agenliklərə insanlar müraciət etmirlər. Həmin agentliklər özləri borclu insanları tapmalı və borcu geri almalıdırlar.

`Borc agentlikləri praktikası MDB ölkələrində tətbiq edilməkdədir`,- deyə AzVision.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

`Ukrayna, Rusiyada borc agentliklərinin xidmətlərindən istifadə edilərək geri qaytarılmayan kreditlərin alınmasını həyata keçirilir. Burada əsas yanaşma ondan ibarətdir ki, bank borclu şəxsdən borcu almaq üçün zaman ayırmaqda maraqlı deyil. Və banklar həmin agenliklərlə müqavilə bağlayırlar. Artıq həmin borcun alınması işini agentlik həyata keçirir. Bankın adından rəsmi olaraq agentlik çıxış edir. Borcu qaytarmayan şəxsin borcunun alınıb banka ödənilməsini həmin agentlik təmin edir. Bu zaman həmin banklar agentliyə müəyyən məvacib ödəyirlər`.

İqtisadçı-alim həmçinin bildirib ki, hazırda problemli kreditlərin həcmi çoxdur. Onların yığılması ilə bankların birbaşa özlərinin məşğul olmaları üçün uzun vaxt tələb olunur:

`Bu, banklar üçün əlavə xərc deməkdir. Nəticədə banklar borc agentliklərilə müqavilələr imzalayırlar. Bundan sonra isə borcların alınması ilə həmin agentliklər məşğul olurlar. Əgər agentlik borcun geri qaytarılmasını təmin edə bilirsə, avtomatik olaraq geri qaytarılan borcun müəyyən hissəsini bonus şəkilində əldə etmiş olurlar. Bir növ agentliklər büro kimi fəaliyyət göstərirlər. Həmin vəsaitin bir qismi isə bank tərəfindən agentliyə ödənilir. Nəticədə banklar zaman və işçilərin sayına qənaət edirlər`.

Mövzu ilə əlaqədar olaraq 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan Baku Collecting Agency (BOA) MMC ilə əlaqə saxladıq.

"BOA" kollektor agentliyinin direktoru Samir Mustafayev AzVision.az-a açıqlamasında agentliyin iki təsisçisinin olduğunu qeyd etdi. Və bildirdi ki, təssiçilər agentliklə bağlı heç bir açıqlama verilməsini istəmirlər:

`Təsisçi İlkin Qəribli agenliklə bağlı yazının dərc olunmasını istəmir. İlkin müəllim xaricdədir. O, Azərbaycan dilində başa düşmür. İlkin müəllim balaca olan vaxtdan xaricdə yaşayır. Orada təhsil alıb. Ona görə Azərbaycan dilini bilmir, rus və ingilis dillərini bilir. Digər təsisçi isə Rüstəm Hacıyevdir. Əgər biri açıqlama vermisə, o biri də verməyəcək`.

Qeyd edək ki, İlkin Qəribli “Unibank”ın prezidenti Eldar Qəribovun oğludur. O, bir neçə ay öncə poker yarışında 1 milyon dollar qazanması ilə gündəmə gəlmişdi.

BOA agentliyinin həmtəsisçisi Rüstəm Hacıyev isə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğludur.

Xatırladaq ki, BOA Kollektor Agentliyi 2012-ci ildə fəaliyyətə başlayıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti