Vaşinqtonda 95 illiyimiz qeyd olunub - FOTO

Vaşinqtonda  95 illiyimiz qeyd olunub - FOTO
  24 May 2013    Oxunub:1306
ABŞ paytaxtının ən möhtəşəm tarixi binalarından olan Endryu Mellon Auditoriumda Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Respublika Gününün 95 illiyinə həsr olunmuş təntənəli ziyafət keçirilib.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, tədbirdə ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri, ABŞ Konqresinin üzvləri Henri Kuelyar, Dana Rohrabaher, Stiv Kohen, Əl Qrin, Mark Vizi, Maykl Törner, Patrik Kennedi, Stiv Şabot ABŞ hərbi qüvvələrini təmsil edən yüksək rütbəli şəxslər, bir çox ölkələrin ABŞ-dakı səfirləri, diplomatik korpus təmsilçiləri, ABŞ-ın Azərbaycan, türk və yəhudi icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində argentinalı müğənni Mariya Entragus (Maria Entraigues) Azərbaycan və ABŞ himnlərini canlı olaraq ifa edib.
Azərbaycanın ABŞ-daki səfiri Elin Süleymanov bildirib ki, Azərbaycan Demokratik Respublikası ölkəmizin dövlətçilik ənənələrinin bərpasında önəmli rol oynayıb. O qeyd etdi ki, 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan hazırda regionda həm siyasi, həm də iqtisadi cəhətdən liderə çevrilib.

Eyni zamanda, səfir Oklahoma ştatında baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı ilə əlaqədar tədbirdə iştirak edən ABŞ-ın Oklahoma ştatı Milli Qvardiyasının (Oklahoma National Guard) komandan müavini, general Qlen Mura başsağlığı verib və Azərbaycan xalqının bu ağır günlərdə oklahomalıların ağrısını bölüşdüyünü deyib.

O, Azərbaycan və Oklahoma Milli Qvardiyası arasında ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində aparılan əməkdaşlığa toxunaraq bu dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini söyləyib.

ABŞ Dövlət Departamentinin xüsusi elçisi və beynəlxalq enerji məsələləri üzrə əlaqələndiricisi Karlos Paskual təbrik çıxışında Azərbaycanın regionda ilk irimiqyaslı enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallığa çevrilməsində müstəsna rolunu qeyd edərək, həmin layihənin sadəcə boru kəməri deyil, müstəqilliyin işarəsi olduğunu vurğulayıb.

Paskual Azərbaycanın bu gün də lider mövqeyində olduğunu bildirərək, tarixdə ilk dəfə Xəzər dənizi hövzəsindən Avropaya təbii qaz ixrac edəcək Cənub Qaz Dəhlizinə toxunaraq bu layihənin ABŞ tərəfindən tam dəstəkləndiyini söyləyib. O, həmçinin Əfqanıstanda NATO qüvvələrinin təchizatında Azərbaycanın müstəsna rolunu qeyd edib.

ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun həmsədri, konqresmen Stiv Kohen Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edərək ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini daha da genişləndirilməsinin mühümlüyündən danışıb.

ABŞ Konqresinin digər üzvü Dana Rohrabaher ABŞ-ın Azərbaycanla dostluq əlaqələrinin inkişaf etdirməyə davam edəcəyini bildirərək 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanmasının böyük tarixi hadisə olduğunu və Azərbaycan xalqının bu nailiyyətini yüksək qiymətləndirdiyini, həmçinin bu müstəqilliyin daimi və sarsılmaz olduğuna inandığını vurğulayıb.

Bundan sonra Vaşinqton Şəhər Meriyasının Protokol və beynəlxalq əlaqələr katibliyinin rəhbəri Patrisia Elvud Vaşinqton şəhərinin meri Vinsent Qreyin təbrik bəyannaməsini oxuyub.


Teqlər:  





Xəbər lenti