`Təkərə düşməmək` üçün Ling qanunu - NLP TEXNİKASI

`Təkərə düşməmək` üçün Ling qanunu  - NLP TEXNİKASI
  13 Aprel 2015    Oxunub:31491
Babək Bayramov
NLP Ustadı, Biznes və Yaşam koçu


Xüsusi olaraq AzVision.az üçün

Vaşaq çoxalanda dovşan azalır. Dovşan azalanda vaşaq azalır. Vaşaq azalanda dovşan çoxalır. Dovşan çoxalanda vaşaq çoxalır... Dünyadakı bütün sistemlərin inanılmaz dərəcədə dəqiq balansı var. Bu balans pozulanda sistemin əməliyyat şəkli dəyişir və ya sistem tamamən sıradan çıxır.

İş həyatı, ailə həyatı, sevgi həyatı və həyatın digər sahələri hamısı ideal balansa nə qədər yaxınlaşarsa, insan xoşbəxtliyə o qədər yaxınlaşar. Həm valideyninizə baş çəkəcəksiniz, həm hesabatları hazırlayacaqsınız, həm dostunuzun doğum gününə gedəcəksiniz, həm oğlunuzun dərslərini soruşacaqsınız. Bunların birini etməsəniz, bütövlüyünüz pozular. Həyat bir sistemdir, həyatın hər sahəsi ayrıca sistemdir, ancaq sizin ümümi həyatınızın alt sistemləridir. Sistemdəki bütün ünsürlər bir-birləri ilə rabitəli şəkildə müəyyən tarazlıqdadırlar və ayrı-ayrı sistemlər də bir-birləri ilə tarazlıq içindədirlər. Bədəndə tarazlıq pozulanda xəstəlik yaranır, ölkədə tarazlıq pozulanda xaos yaranır, ailədə tarazlıq pozulanda münaqişə yaranır.

1770-ci ildə Ceyms Kuk Avstraliyanı Britaniya torpaqları elan etdikdən sonra, bura gələn ingilislər özləri ilə bir neçə adadovşanı gətirmişdilər. Bu dovşanlar buranın zəngin təbiətində sürətlə törəyib çoxaldılar və tarlalara zərər verməyə çalışdılar. İnsanlar bu bioloji fəlakətin qarşısını heç cür ala bilmirdilər və dovşanlar dayanmadan çoxalırdılar. Bir müddət sonra kiminsə ağlına gəldi ki, burada dovşanın təbii düşməni olan canavar yoxdur. Qitəyə canavar gətirdikdən sonra dovşanların sayı sürətlə azalmağa başladı, ancaq bununla bərabər, bəzi kisəli-məməlilər də azalmağa başladı.

Aksiya problemini həll etdikdə reaksiya problemi yaranır. Ölkədə sənaye məhsullarına ehtiyac olduğu üçün sənayeləşmə gedir, amma bu dəfə ekologiya pozulur. Bir problemin həlli, bir sistemin dəyişilməsi ilə mümkün olur və nəticədə başqa problem yaranır.

İnanc sistemi

Əvvəlki məqalələrimizdə insanların sonsuz potensiala malik olmasından bəhs etmişdik. Problem sadəcə insanların bu potensialı ortaya çıxara bilməmələrindədir. İnsanın həyatda uğur qazanması da bir sistemdir. İnsanın bir şeyi edəcəyinə inanması ilk addımdır. İnsan əmin olarsa, potensialı üzə çıxar və hərəkətə gələr. İnancı qüvvətli olan insanın hərəkətləri də qüvvətli olar, səsi və davranışları da qüvvətli olar. Sistem bu cür işləyəndə insanın aldığı nəticə də yaxşı olar və insan, “bilirdim ki, alınacaq”,- deyər. İstədiyi nəticəni alan insanın inancı daha da güclənər və uğur çarxı bir sistem olaraq daha qüvvətli hərəkət edər. Burada sistem insanı gücləndirəcək şəkildə işləyər.

İnancı heç olmayan insan heç bir hərəkət etməz. Bir şeyi edəcəyənizə heç bir inancınız yoxdursa, onu əldə etməyi istəsəniz də, heç bir hərəkət etmərsiniz və bu istəkdən vaz keçərsiniz. Burada sistem işləmir.

“Görəsən, alınarmı?”,- deyən insanın vəziyyəti daha pisdir. İnancı zəif olan insan meydana çox az potensial çıxarar. Çünki, şübhə və tərəddüd burulğanındadır. Bir şeyi edə biləcəyinə əmin olmayan insanın hərəkətləri də zəif olar və aldığı nəticə yaxşı olmaz. Bununla da o, “Alınmayacağnı hiss edirdim”, deyər və inancı daha da zəifləyər. İnancı daha da zəifləyənin potensialı da daha az özünü göstərər və hərəkətləri daha da zəifləyər, aldığı nəticə daha da pisləşər. Burada sistem insanı zəiflədəcək şəkildə işləyər.

Təkər necə fırlanır?

Biznes də bir sistem olduğu üçün güclənəcək və zəifləyəcək şəkildə işləyə bilir. Mallar yaxşı satıldıqda, əldə edilən pulla daha çox xammal alınır və xərclər ödənilir. Sonra daha çox mal istehsal olunur, satılır və daha çox xammal alınır. Bazarda tələb cazibədardırsa, bənzər məhsullar istehsal edən firmalar çoxalır. Bazar doyuma çatanda qiymətlər düşür və biznes sərfəsiz olur. Mənfəət payı azaldığı üçün bu dəfə firmaların bir qismi ya iflas edirlər, ya da fəaliyyət sahəsini dəyişirlər. Rəqabət azalanda qiymətlər qalxır və bazar sərfəli olur.

Bazar da bu sistem üzrə işləyir. Təklif çoxalanda qiymətlər enir. Qiymətlər enəndə təklif azalır. Təklif azlanda qiymətlər yüksəlir. Qiymətlər yüksələndə təklif çoxalır və s.



İnsanların həyat standarları da eyni qaydada bir sistemdir. Maaşlar yüksələndə insanlar daha çox pul xərcləyirlər, yəni istehlak artır. İstehlak artanda, ticarətçi və istehsalçılar daha çox qazandıqları üçün daha çox vergi ödəyirlər və büdcə böyüyür. Büdcə böyüyəndə maaşlar yenə artır. Bunun tərsi də qüvvədədir. İstehlak azalanda, büdcə kiçilir.

Ailə modelində sistemin işləmə şəkli də eynidir. Ər evə gec gələndə arvad deyinir. Arvad deyinəndə ər hirslənir, evdəki mühitdən zövq almır. Ər növbəti dəfə gec gəlir, arvad yenə deyinir və bu dözülməz hala çatana qədər davam edir. Burada əri evdən qaçıran aldığı ağrılı duyğular, evə gətirən isə ailə dəyərləridir.

İqtisadiyyatda bir az gerilə olan kimi, böhran şayələri yayılır. İnsanlar böhranın gəldiyin zənn edərək, puldan daha qənaətlə istifadə edirlər və beləliklə dövriyyədə pulun sürəti azalır. Dövriyyədə pulun sürəti azalanda böhran bir az da dərinləşir. Böhran dərinləşəndə insanlar pula qənaəti bir az da gücləndirirlər.

Universitet qurtarıb, işə girə bilməyən bir məzunun beynindəki sistemə baxaq. “İşə girə bilmirəm, çünki stajım yoxdu, stajım yoxdu, çünki işə girə bilmirəm”. Belə yerdə çox məşhur bir jarqonu xatırladım: “Təkərə düşüb.”

Sistemə müdaxilə

Sənayeləşmə dövründə, birdən-birə Çikaqoda sərçələrin sayı azalmağa başladı. Araşdırmalar göstərdi ki, buna səbəb avtomobillərdir. Deməli, yeni nəqliyyat növü olan avtomobil istehsalının artması, köhnə nəqliyyat vasitələrinin, yəni at-arabadan istifadənin azalmasına, dolayısı ilə onların qidalanması üçün zəruri olan samanlıqların azalmasına səbəb oldu. Bu samanlıqlar isə sərçələrin əsas qida mənbəyi olduğu üçün, onların da miqdarı azaldı.

Ər, arvad və 2 uşağı olan bir ailə düşünün. Qaynana hər hansısa səbəbdən bu ailəyə gəlib, onlarla birlikdə yaşamağa başlayarsa, ailə üzvlərinin davranışları dəyişəcəkdir. Burada sistemə müdaxilə özünü göstərir.

Evliliklərin ilk dövrlərində, evdə uşaq olmayan zamanlarda ailə bir sistem olaraq bir cür işləyirdisə, uşaq olduqdan sonra gecə yuxusuzluqları, bazarlıqların tərkibinin dəyişməsi, bir sözlə davranışların dəyişməsi baş verir. Sistemə müdaxilə olduğu zaman, sistem əvvəlki kimi işləyə bilmir.

“Holland Sindiromu”nu daha bir örnək göstərə bilərik. Adətən stabil bir iqtisadiyyata malik bir ölkədə təbii sərvətlərin hasilatı zamanı baş verir. Birdən-birə külli miqdarda ixracat, ölkəyə güclü valyuta axınına səbəb olur. Dövlət bu valyutanı bazara çıxarıb satır ki, maaşları və xərcləri ödəsin. Tələb-təklif qanununa görə, bazarda bir şey çoxalarsa qiyməti düşər. Bu vəziyyətdə xarici valyutanın dəyəri düşür, dolayısı ilə milli valyuta gedərək bahalaşır. Burada nə baş verir? Xarici valyuta ilə alınan məhsulların qiyməti düşür və yerli istehsal xarici məhsullarla rəqabətdə uduzur. Nəticədə yerli istehsal ciddi surətdə zərər edir və mədən hasilatından savayı digər sahələr zəifləyir. Sistemə müdaxilə pozitiv və neqativ təsir verə bilər.

Köynək yaxşı satılmayanda tekstil sektorunda şirkətlər xərcləri ödəməkdə çətinlik çəkirlər və böhran yaranır. Böhran yarananda işçilər ixtisar olunur, satınalmalar dayandırılır. Tekstildə böhran yarananda trikotajda və maşınqayırmada da yaranır, çünki parça və dəzgahlar da alınmır. Trikotajda yaranan böhran beləliklə pambıqçılığa keçir. Əgər dəzgahlar Avropadan alınırsa, beynəlxalq ticarət vasitəsilə böhran Avropaya da keçir. Böhranın hər addımında büdcə daxilolmaları azalır. Hökumət maaş və təqaüdləri ödəyə bilmədikdə, hökumətdə böhran yaranır.



Sistemin bir ünsürü yaxşı işləmədikdə, sistem zəifləyir. Sistemin sürəti, onun ən yavaş ünsürünün sürəti qədərdir. Tıxaca bir sistem kimi baxarıqsa, sistemin sürəti ən yavaş gedən maşının sürəti qədər olacaq.

Ling qanunu

Əgər sistem işə yarayacaq şəkildə işləmirsə, zəiflədici bir döngü içərisinə giribsə, o zaman sistemə müdaxilə labüddür. Zəiflədici şəkildə işləyən soistemi tərsinə çevirmək üçün, sistemə bir linglə təkan vermək lazımdır.

Ailədə uşaq məktəbə getməyə başlayırsa, işləyən bir qadının qayğıları çoxalır və ərdən kömək istəyir. Evin bəyi, artan qayğıların qadının məsuliyyəti hesab etdiyindən, qəti şəkildə etiraz edir və onun işləməməsini, evdə oturub bütün ehtiyacları təmin etməsini tövsiyyə edir: “Acından ölmürük ki?! Mən işləyib pul gətirəcəm”. Qadının işləməsi sadəcə maddi ehtiyacları deyil, eyni zamanda onun “özünü reallaşdırma” ehtiyaclarını da təmin edirsə, qadın buna qəti surətdə etiraz edir və münaqişə başlayır. Bəzən belə münaqişələr çox kəskin həddə çatır. Bu halda sistemin əvvəlki kimi işləmədiyin şahidi oluruq. Belə bir sistemə necə müdaxilə etmək olar? Xüsusi dayə xidmətindən istifadə etməklə və ev işlərini asanlaşdıran texnologiyaları satın almaqla “Ling Qanunu”nu tətbiq etmək olar.

Bisnesi idarəetmə sistem əvvəlki kimi işləmirsə koçluq xidmətlərindən faydalanmaqla, maliyyə qıtlığı varsa kreditlərdən istifadə etməklə sistemi işlətmək olar. Bir şeyi unutmaq olmaz ki, “Ling Qanunu”nu doğru tətbiq edəriksə, sistem işləyə bilər, lakin bu o demək deyil ki, sistem adət etdiyimiz qaydada, yəni əvvəlki kimi işləyəcək. Burada tətbiqatçılar sistemin əməliyyat şəklinin dəyişiminə hazır olmalıdırlar.

Əgər insanda fobiya varsa və ya daxili çaxnaşmaları güclənibsə, bir sözlə, sinir sistemi hər hansısa bir mühitdə əvvəlki kimi işləmirsə, NLP xidmətlərindən faydalanmaqla “Ling Qanunu”nu tətbiq edib, sistemin işləmə şəklinə müsbət mənada təsir edib, qaydasına qoymaq mümkündür.

Makroiqtisadiyyatda da eyni qanun qüvvədədir. Məsələn, ingilis iqtisadçısı Con Maynard Keynesin 1936-cı ildə açıqladığı “Məşğulluğun, pulun və faizin ümumi nəzəriyyəsi”ndə ortaya atdığı investisiya multiplikatoru, o dövrdə iqtisadi böhranın aradan qaldırılması üçün “Ling Qanunu” oldu. Bu nəzəriyyəyə görə, iqtisadiyyatda böhran varsa, investisiya qoyulmalıdır. Əgər investor yoxdursa, dövlət özü investor kimi çıxış etməlidir. Deməli, əgər iqtisadiyyata 1 mlrd. dollar investisiya qoyulursa, dolayısı ilə müəssisələr, hissələr, xidmətlər satın alınırsa və ya yeni sektor yaradılırsa, ayrı-ayrı şəxslərin və ya müəssisələrin hesablarına köçürülən bu məbləğin 80 faizi xərclər olaraq yenidən dövriyyəyə qayıdır.

Dövriyyədən ikinci dəfə toplanan məbləğin 80 faizi təkrar dövriyyəyə qayıdır və beləliklə, dövriyyəyə buraxılan 1 mlrd, dövriyyədə 8 mlrd kimi çıxış edir. Təbii ki, burada investisiya strategiya effektiv şəkildə işlənib hazırlanmalıdır. İnvestisiya qoymamaq, investisiyanı vaxtında qoymamaq və ya investisiyanı yanlış yerə qoymaq zərərlidir.

ABŞ-da baş verən məlum 11 sentyabr hadisələrindən sonra insanlar panikaya düşüb, evdən çıxmırdılar. Ticarət kəskin şəkildə azalmışdı və iqtisadiyyatın dağılma təhlükəsi vardı. Vəziyyəti belə görən o zamankı Buş adminstrasiyası, hər insana 100 dollar pul payladı ki, çıxıb bazarlıq etsinlər. Təbii ki, 100 dolları alıb mağazaya gedənlər, bir az da öz ciblərindən xərclədilər. Bu hadisə “Ling Qanunu”nun effektinə bariz nümunədir. Ölkəmizdə bənzər hadisə SSRİ dövründən qalan əmanətlərin denominasiyası zamanı baş verdi və öz müsbət təsirini göstərdi.

Şübhəsiz ki, strateji məsələlərlə məşğul olan dövlət qurumları hal-hazırda yeni sistem və “Ling Qanunu”nun tətbiqi üzərində işləyirlər. Sadəcə bir vətəndaş və olaraq öz fikirlərimi bu məqamda bölüşmək istərdim. Tələb-təklif-qiymət məntiqinə görə ölkədə dolların qiymətinin sabitləşdirilməsi və enməsi üçün, bazarda dolların miqdarının çoxalması lazımdır. Dolların dövlət tərəfindən satışa çıxarılması, bu tarazlığı bir yerə qədər saxlaya bilər. Lakin, bu məsələnin ekstensiz tərəfidir. İntensiv yol olaraq isə, xarici valyutanın ölkədən ixracının minimuma endirilməsidir.

Valyuta ölkədən niyə çıxır? Ölkədə tələbat olan və ölkədə istehsal olunmayan məhsulların idxalı üçün. Deməli, o məhsulların istehsalını burada təşkil edə biləriksə, xaricə valyuta axınını azaltmış olarıq. Məsələn, kənd təsərrüfatı və tekstil istehsalına yatırımlar effekt verə bilər. Hətta, bəzi sahələi gücləndirərək məhsul idxalçısına çevrilə biləriksə, ölkəyə valyuta axınını gücləndirmiş olarıq. Bu an qonşumuzda Avropa məhsullarına embarqo qoymuş Rusiya kimi nəhəng bazar da var. Nə qədər doğru olub-olmadığını deyə bilmərəm, sadəcə problem çərçivəsini, fürsət çərçivəsinə çevirməyə çalışdım.

Nə baş verdiyi vacib deyil, vacib olan – baş verənlərə necə reaksiya verməyimizdir!

İnsanlar 2 cür olurlar: Aktiv insanlar və Passiv insanlar. Aktiv insanlar 2 cür olurlar: Ətrafda baş verənləri fürsət olaraq görənlər və faydalanmağa çalışan aktiv-pozitivlər, digərləri isə, ətrafda baş verənləri təhlükə olaraq görənlər və panikaya düşən aktiv-neqativlər. Passiv insanlar da 2 cür olurlar: Ətrafda baş verənlərə baxıb, “niyə özümü öldürüm, onsuz da xeyri yoxdur” deyən passiv-neqativlər və “niyə narahat olum, heç bir qorxusu yoxdur” deyən, laqeyd passiv-pozitivlər.

İnsanlar olaraq hamımız sistemlərik və hər birimiz öz sistemimizin fərqində olaraq necə işlədiyini biləriksə, dəyişdirmə gücümüz artar. Əgər sistem bizi gücləndirəcək şəkildə işləyirsə, toxunmasaq yaxşıdır. Yox əgər zəiflədəcək şəkildə işləyirsə, özümüzə “Sistemi necə işə yarayacaq şəkildə işlədə bilərəm?” sualını ünvanlayıb, “Ling Qanunu”nu tətbiq edə bilərik. Unutmayaq ki, hər problemin birdən çox həlli var və hər zaman sistemi çalışdıracaq bir “ling” var!



Teqlər:  





Xəbər lenti