Prezident: `Dostlarımız çoxalıb`

Prezident: `Dostlarımız çoxalıb`
  27 May 2013    Oxunub:1474
Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.

Rəsmi qəbulda nitq söyləyən Prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik etdi. Bildirdi ki, 95 il əvvəl Şərqdə ilk demokratik respublikanın yaranması böyük tarixi hadisə idi. İyirmi üç aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin bir çox uğurlara nail olduğunu deyən dövlətimizin başçısı 70 illik sovet mərhələsində də xalqımızın milli mənəvi dəyərlərini qoruyub saxladığını bildirdi, 1970-ci illərdə ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırdı. Müstəqilliyin ilk illərinin böhran, xaos, iqtisadi geriləmə şəraitində keçdiyini deyən Prezident İlham Əliyev məhz belə ağır vaxtlarda xalqımızın ümummilli lider Heydər Əliyevin ətrafında birləşdiyini bildirdi.

"Heydər Əliyev amili ölkəmiz üçün həlledici anlarda özünü həmişə göstərib və son 10 ildə Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilib", - deyən Prezident İlham Əliyev vurğuladı ki, bu illərdə Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb. Bu dövrdə Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınıb, dostlarımızın sayı çoxalıb, ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, iqtisadi inkişaf təmin edilib, sosial proqramların icrasına başlanıb.

"Bizim məqsədlərimiz gələcəyə yönəlib", - deyən dövlətimizin başçısı vurğuladı ki, son 20 ildə əldə edilən təcrübə ölkəmizin inkişafı ilə bağlı daha təsirli addımların atılmasına imkan verir.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, bu məsələdə irəliləyişin olmamasından təəssüfləndiyini bildirdi. Bunun da əsas səbəbinin Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasətlə bağlı olduğunu deyən dövlətimizin başçısı bir daha bəyan etdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

Azərbaycan gücləndikcə danışıqlar masasında mövqelərimizin də güclənəcəyini deyən Prezident İlham Əliyev ölkə əhalisinin artması ilə demoqrafik vəziyyətin də bizim xeyrimizə olduğunu vurğuladı.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə bütün azadlıqlar təmin edilib, daxili siyasətin əsas istiqamətləri müəyyənləşib və gələn il üçüncü regional inkişaf Proqramının qəbul edilməsi ilə Azərbaycanın inkişafı tam təmin olunacaqdır.

Ölkəmizin həyata keçirdiyi enerji diplomatiyasının əhəmiyyətindən danışan Prezident İlham Əliyev növbəti illərdə Azərbaycan tərəfindən bu sahədə verilən qərarların qitənin enerji xəritəsini dəyişəcəyini vurğuladı. "Azərbaycanın xoşbəxt gələcəyi üçün mövcud siyasət davam etdiriləcəkdir", - deyən dövlətimizin başçısı xalqımızın ən böyük sərvəti olan müstəqilliyin bundan sonra da qorunacağını diqqətə çatdırdı.

Sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.


Teqlər:  





Xəbər lenti