Rus bölməsinə sənəd verənlərin sayı azalıb

Rus bölməsinə sənəd verənlərin sayı azalıb
  04 May 2015    Oxunub:2039
“9 illik bazada orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb. Bu prosesdə əsas problemimiz bəzi şagirdlərin məktəbi bitirməsi barədə məlumatların bizdə olmamasıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 9 illik bazada orta ixtisas təhsili müəssisələrinə qəbul da elektron formada keçiriləcək. “Bütün şagirdlərin bu prosesdə elektron formada iştirak edə bilmir. Çünki bəzi kateqoriya, xüsusən 2012-ci ildən əvvvəl orta məktəbi bitirənlər barədə bizdə məlumat yoxdur. Ona görə də həmin şagirdlər sənəd qəbulu komissiyalarına müraciət edə bilərlər”.

TQDK sədri bildirib ki, ərizə qəbuluna bir neçə gündür start verilməsinə baxmayaraq, müraciətlər var: “Artıq sənədlərini təsdiq edənlər də var. Bu saata olan məlumata görə, onların sayı 1343 nəfər ümumitəhsil bazasından qəbul üzrə ərizəsini təsdiq edib. Onların1309-u ərizələrini özləri təsdiq edib. Bu sevindirici haldır”.

TQDK sədri bu il orta ixtisas təhsili müəssisələrində plan yerlərinin əvvəlki illərdən fərqləndiyini deyib. “Orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə 9601, bu il 8928 yer ayrılıb. Azərbaycan bölməsi üçün ötən il 8871, bu il 8219 yer ayrılıb. 519 yer birgə müsabiqəyə ayrılıb”.

TQDK sədri onu da vurğulayıb ki, bu il ali məktəbələrə rus bölməsinə sənəd verənlərin sayı azalıb. M.Abbaszadə bu azalmanın səbəbini birmənalı şəkildə izah etməyin çətin olduğunu deyib. “İlk olaraq deyə bilərik ki, bu, 11 il əvvəl valideynlərin seçimi ilə əlaqədardır. Valideynlər övladlarının rus yox, azərbaycan bölməsində təhsil almasını istəyib, ona görə də, say azdır. Həmçinin artıq bir neçə ildir, ingilis dilli məktəblər də var. Ola bilər ki, azalma həm də bununla bağlıdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti