Məşhur rəssamın əsərləri nümayiş olunub

Məşhur rəssamın əsərləri nümayiş olunub
  28 May 2013    Oxunub:1327
Əbülfəz Qarayev sərginin əhəmiyyətindən danışıb
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Muzey Mərkəzində Alman rəssamı İnqa Şmidtin “Həyatın rəngləri” (“Colours of Life”) adlı fərdi yaradıcılıq sərgisinin açılışı olub.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, rəssamlar iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən nazir Əbülfəs Qarayev bu sərginin 29 may - 1 iyun 2013-cü il tarixində Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan ilk mədəni layihələrdən biri olduğunu qeyd edib, İnqa Şmidtin yaradıcılığından və sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İnqa Şmidt dünyanın müxtəlif ölkələrindən olan fərqli düşüncə tərzinə malik insanların bədii obrazları vasitəsi ilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verib.

Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək İnqa Şmidtin yaradıcılığının bədii xüsusiyyətlərindən danışıblar. İnqa Şmidt onun yaradıcılığına verilən önəm və sərginin təşkilinə göstərilən dəstəyə görə təşəkkürlərini bildirib.

Qeyd edək ki, İnqa Şmidt 1978-1983-cü illərdə Almaniyada İncəsənət Kollecində Rəngkarlıq və Qrafika ixtisası üzrə təhsili alıb. 1984-cü ildə Şərqi Almaniyadan Qərbi Berlinə köçüb. 1985-1988-ci illərdə Berlin İncəsənət Kollecində rəngkarlıq təhsili alıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti