Millət vəkilləri bu günü necə qeyd edəcəklər - SORĞU

Millət vəkilləri bu günü necə qeyd edəcəklər - SORĞU
  28 May 2013    Oxunub:1724
Millət vəkilləri bu gün bayramı necə keçirəcəklər?
Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 95 il keçir. Hər il olduğu kimi bu il də bugunkü tarix xüsusi təmtəraqla qeyd edilir.

Maraqlıdır, millət vəkilləri bu gün bayramı necə keçirəcəklər ?

Mövzu ilə bağlı olaraq, AzVision.az millət vəkilləri arasında kiçik bir sorğu aparıb.

Millət vəkili Hadı Rəcəbli bayramı ailəsi ilə birgə keçirəcək: “Əvvəlcə ailə üzvlərimlə, ən əsası da 3 yaşlı nəvəmlə birlikdə Bayraq meydanına gedəcəm. Axşam isə birlikdə süfrə başına yığışacayıq. Azərbaycanın məşhur “Savalan” çaxırını içəcəm.

Millət vəkili Fazil Mustafa da həmkarı kimi bayramı ailəsi ilə birgə keçirəcəyini deyir: “Elə olur ki, ali məktəbdə birgə oxuduğumuz uşaqlarla bir qonaqlıqda toplaşır, dərdləşirik. Amma bütün hallarda daha çox ailə ilə bu bayramı keçiririk. Bu gün də bayramı ailə ilə keçirməyə qərar vermişəm”.

Bayram süfrəsində hansı yeməyin olmasına gəlincə, millət vəkili:
“Süfrəmizdə bayram yeməklərindən sayılan aş dəmlətdirmirəm. Çünki aşı toylarımız çox hörmətdən salıb, yeyib doyandan sonra axırda gətirirlər. Aş yeməyi xeyli gözdən düşmüş vəziyyətdədir. Ona görə də aş olanda toylar yadımıza düşür. Bu baxımdan normal yeməklər bişirəcəyik.”

Deputat İqbal Ağazadə: “İstiqlal abidəsini ziyarət etdik, bir azdan partiyamızda musiqili bayram tədbiri olacaq. Axşam isə evimdə qeyd edəcəm”.

Millət vəkili Sabir Rüstəmxanlı amerikanlı qonaqlarla birgə bayramı qeyd edəcək: “Amerikadan qonaqlar var, axşam onlarla bərabər olacayıq. Amerikadan gəlmiş konqresmenlərlə bayramı keçirəcəyik. Bu bayram daha çox sosial, ictimai mahiyyət daşıyır və süfrə, ailə bayram deyil. Milli bayramdır və millətin arasında qeyd etmək ənənəsi var. Ona görə də burada dostlar, yoldaşlar və millət bir yerdə olanda əsil bayram olur” .

Milət vəkili Musa Qasımlı: “28 May Cumhuriyyət günü millətimizin tarixində ən şərəfli səhifələrdən biridir. Bu bayramı hər zaman evdə ailəmlə birlikdə keçirirəm”.

Deputat Vahid Əhmədov da digər həmkarlarından fərqli tərzdə bayramı keçirməyəcək: “Bayramı evimdə ailəmlə, yoldaşlar, dostlarla birlikdə keçirəcəm”.

Millət vəkili Çingiz Qənizadə: “Hər bir Azərbaycan vətəndaşı üçün çox önəmli bayramdır, hər bir Azərbaycan ailəsi bunu özündə əks etdirməlidir .Ola bilər ki, hansısa dostlarımla gedib hardasa bu günü qeyd edə bilərdim. Amma belə hesab etdim ki, evdəki ən kiçik üzvdən, yəni, nəvəmizdən tutmuş böyüyə qədər hamı hiss etsin ki, bu gün bayram günüdür. Bayramın mahiyyətini də evdəki az yaşlılara izah etməyə çalışıram. Ona görə də bayramı ailəmlə birlikdə evdə keçirirəm. Axşam isə onlarla birgə bulvara gəzintiyə çıxacayıq”

Xanım millət vəkili Sahibə Qafarova: “Bu gün ailəm ilə bir yerdə olacam. Çünki bu çox mühüm bir bayramdır. Bəlkə də bu bayram bizim ən birinci bayramımızdır. Həmçinin də tədbirlər var ki, orada iştirak edəcəm”.

Millət vəkili Fəzail Ağamalı bu günü xüsusi təmtəraqla qeyd etməyəcəyini deyir: “Bayramı xüsusi təmtəraqla qeyd etmiyəcəm, sadəcə bağda olacağıq. Körpələrimizə də xatırladacağıq ki, bu bayram Azərbaycanın şanlı tarixinin səhifələrindən biridir”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti