Yenilik: Kolleclər ali məktəblərə veriləcək

Yenilik: Kolleclər ali məktəblərə veriləcək
  06 May 2015    Oxunub:4010
“Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin nəzdinə veriləcək. AzVision.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib.
Nazirin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır: “Onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrinin təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq, biz burada ixtisaslara baxacağıq”.

Təhsil naziri həmçinin Dünya Bankının Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı layihələrinin müddətinin uzadılması məsələsinə aydınlıq gətirib. O, bildirib ki, nazirlik müvafiq layihəni Dünya Bankının nümayəndələri ilə birgə işləyərək hökumətə təqdim edib: "Hazırda müxtəlif qurumlarda razılaşdırılma prosesi davam edir".

Təhsil sahəsində gedən bütün işlərin planlaşdırılmış şəkildə və müddətlərdə həyata keçirildiyini diqqətə çatdıran M.Cabbarov qeyd edib ki, nazirlik bu il ərzində ölkədə onlarla təhsil müəssisəsinin tikintisini başa çatdıraraq istismara verməyi nəzərdə tutub: "Hətta ilin əvvəllərində bir neçə kənd məktəblərinin tikintisi başa çatdırılıb və istismara verilib. Analoji şəkildə müvafiq icra strukturları da aidiyyəti üzrə işləri davam etdirir".

Nazir vurğulayıb ki, bu ilin yayında bir sıra məktəblərdə cari təmir işləri görüləcək: "Elə məktəblər var ki, onlar yenidən tikilib. Elələri də var ki, onlar əsaslı şəkildə təmir olunub. Bu il nazirliyin xətti ilə istər əsaslı, istərsə də yeni tikilən təhsil obyektlərinin ümumi sayı 32-dir. Bunların arasında əksəriyyət məktəblərin payına düşür".

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti