Eks prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Eks prezidentlərə ömürlük diplomatik pasport veriləcək
  31 May 2013    Oxunub:1201
Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclasında Azərbaycanın keçmiş prezidentinə və həyat yoldaşına bir sıra xüsusi imtiyazlar, o cümlədən ömürlük diplomatik pasport verilməsi məsələsi müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, bu barədə iclasda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “İcra haqqında” qanunun 68-ci maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın keçmiş prezidentinə və onun həyat yoldaşına ayrılmış pensiyaya, sosial müavinətə qarşı mülki tələb yönəldilə bilməz.

Yəni, məhkəmələr onların pensiyalarına, onlar üçün ayrılan sosial müavinətlərə qarşı hər hansı borc tələbi, vurulan ziyanın ödənilməsi ilə bağlı tələb və s. bu kimi tələbləri yönəldə bilməzlər.

Onun sözlərinə görə, Azərbaycanın keçmiş prezidenti hazırda qanunvericilikdə edilən son dəyişiklikdən sonra hazırkı prezident məvacibinin yarısı qədər - 7500 manat pensiya alır.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun 6-cı maddəsinin beşinci hissəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinə verildiyi kimi, keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək, bununla, onlar da xüsusi diplomatik statusa malik olacaqlar. Buna görə dövlət rüsumu da tutulmayacaq.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, keçmiş prezident və onun həyat yoldaşı ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna 3 və 4-cü maddələr əlavə edilib. Sosial müavinətlər haqqında qanuna 7 maddə əlavə olunub.

Layihələr səsə qoyularaq qəbul olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti