Stalinin başına vedrə keçirən bakılı – Tarixçə

Stalinin başına vedrə keçirən bakılı – Tarixçə
  09 İyun 2015    Oxunub:80315
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

(İkinci yazı. Birinci yazını BURADAN oxuya bilərsiniz)

...Sancı o qədər dəhşətli idi ki, elə bil, beynini cırmaqlayıb çıxarırdılar. Sol əlini ehmalca qaldıraraq, üzünü, alnını, başını yoxladı. Başında bir azacıq qan laxtalanmışdı.


Zəifləyib yavaş-yavaş heydən düşdüyünü hiss edir, bu süstlüyün nədən yarandığını anlamırdı. Yerindən dikəldi və ayağının sümüklərinin partlayıb, qaysaqlara yapışmış şalvarından bayıra çıxdığını görcək saymazyana, etinasız halda:

- Doğrudanmı mənimki buraya qədər imiş? Yox, mən həyat uğrunda vuruşmalıyam! Yəqin çox qan itirdiyimdəndir ki, tərpənməyə halım yoxdur. Qanı saxlamaq lazımdır,- pıçıldadı.

Belindəki kəməri çıxarıb dizdən yuxarı dartaraq, sıxac qoydu. Ağrıdan gözlrindən iri yaş damlaları yuvarlansa da, ayağa qalxmağa çalışdı. Uzaqda - qatarın baş tərəfində iki nəfərin gəzişdiyini görüb, var gücü ilə qışqırdı və yenidən yıxıldı...

...Hospitalda onun ayağını yuyub-sarıyandan sonra uşağın paltarlarını eşib, kim olduğunu aydınlaşdırmaq istəyən həkim polkovnikə səkkiz qat bükülmüş "Kommunist" qəzeti vermişdilər. Uşağın şəkili olan məqalədə Zoya Kosmodemyanskaya, Pavlik Morozovdan savayı "Dağlı balası Muğbil" sözləri (adı) yazılmışdı. Bəli, bu oğlan qəzetdə şəkli olan həmin uşaq idi.

Muğbili baş həkimin otağındakı qara meşinli divana uzatmışdılar. Hər saatdan bir ona qan köçürdülür, müxtəlif mayelər (qlükoza, başqa maddələr) vurulurdu. Gündə üç dəfə ayağının sarğısı dəyişdirilirdi. İki gün huşsuz yatdığı dövrdə dörd qəzetdən ("Rostovskiye stepi", "Kubanskaya selina" və hətta "Pravda") gəlmiş müxbirlər onun şəkilini çəkir, ona aid oçerklər yazaraq getmişdilər.

Qəzetlər yazırdılar ki, oğlanı hospitala gətirəndə onun yaralı qıçı ucsuz-bucaqsız vətənimizin torpağına bulaşmışdı. Məhz bu torpağa görə Dağlı balası hələ yaşayır. Ana torpaq onun qanının axıb qurtarmasına mane olmuşdur. Uşağın ürəyi quş ürəyi kimi çırpınırdısa da, o, heç qışqırmırdı. Gözlərini döyə-döyə həkimlərin üzünə baxır, "tez sağaldın məni, ön xəttə getmək, vəhşi faşisti torpağımızdan qovmaq istəyirəm. Qoy mənim ayağım olmasın, qoy mənim qollarım olmasın, dişlərimlə didərəm alman qəsbkarlarını. Kimdir bizi irəli aparan? Atamız, babamız, yoldaş Stalin!",- deyirdi.

Muğbil tibbi komissiyadan əlil kimi tərxis olunub Bakıya qayıdanda Şəhər Hərbi Komissarlığından hətta nəfəsli orkestr gətirmişdilər vağzala. Sağ sinəsini üç, sol döşünü isə iki medal bəzəyirdi.

Həmin gün Mircəfər Bağırov Bakı şəhər komsomol komitəsinin üzvlərini çağırıraq, xüsusi tapşırıq verdi: "Muğbilin təbliği ancaq şifahi şəkildə aparılsın. Qəzetlərdə onunla heç bir müsahibə dərc edilməsin... Amma şifahi təbliğat mümkün oldğu qədər çox və həm də məktəblərdəki yuxarı sinif şagirdləri qarşısında aparılsın!"

Müharibənin sonuna qədər Muğbil Bakı və onun kəndlərində ən populyar adam idi. Müharibədə iştirak edənlər, həbsdə olanlardan hər gün onlarla məktub alırdı. Məktub göndərənlər axırda ondan hansısa düzəlməz işinə əlac diləyirdi.

Stalin də Muğbiln adından xəbərdar idi. Qələbədən bir neçə ay sonra “El atası” salamsız-kəlamsız, çox acıqlı halda Mir Cəfər Bağırova zəng vuraraq: “Bu Muğbil Zabratlı Qiyas bəyin oğludurmu? Təcili araşdırın!”, – tapşırmışdı. NKVD–nin bütün əməkdaşları həmin gün işə girişirlər və aydın olur ki…

Haşiyə:
…Qiyas bəy Bakının ən məşhur adamlarından biri olub. Zabrat camaatı Qiyas bəylə Stalinin arasındakı münaqişədən xəbərdardı. Bakıda “Koba” ləqəbiylə məşhur olan gürcü balası "Nina" mətbəəsi açılan yerdə, “Təzə bazaar”ın aşağı qapısı yanında gürcü çaxırı satdırırmış. Qiyas bəyin burada bir cızbızxanası və şərab mağazası olduğundan, Kobaya orada çaxır satmağa son qoymaq tapşırığını verir. Aradan bir xeyli keçdikdən sonra yenə gürcü balasının öz işiylə məşğul olduğunu görür. Qiyas bəylə Kobanın arasında münaqişə başlayır. Əsəbləşən bəy yaxınlığında neftsatanlardan birinin dolu vedrəsini götürüb Kobanın başına keçirir...

Az sonra inqilab başladı və hakimiyyətə bolşeviklər gəldilər. Koba çevrilib Stalin oldu. Qiyas bəy gürcü balasının inadkarlığına, qəddarlığına, qisasçılığına yaxşı bələd idi. Lakin aradan keçən illər ərzində çox şeylər dəyişmişdi. SSRİ böyüklüyündə bir ölkənin birincisinin belə xırdalığa gedəcəyini gözləmək bəlkə də doğru olmazdı. Stalin bu hadisəni unutmamış, hələ Bakıda ikən Qiyas bəy haqqında mümkün qədər məlumat toplamış, onun övladlarından birinin Muğbil adı daşıdığını bilirdi. Qiyas bəylə konflikti olan kimsə 1945 –ci ildə imzasız məktub vasitəsilə MK-ya, Stalinə bir vaxtlar Ba-kıda ona qarşı hörmətsizlik etmiş adamın hələ də yaşadığını çatdırır və… tapşırıq verilir.

Elə həmin gün Qiyas bəyin “vedrə məsələsi”ni üzə çıxaran çekistlər onu həbs edərək məhkəməsiz-filansız güllələyirlər. Bir neçə gün sonra Stalin Bakıyla əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu öyrənmək istəyir. Rəhbər qarşısında öz yerini şirin salmaq istəyən Bağırov tapşırığın yerinə yetirildiyini bildirir. Stalin Qiyas bəyin təcili Moskvaya, onun yanına göndərilməsini tələb edir. Bağırov Qiyas bəyin əmr verilən gün tutularaq güllələndiyini söyləyir. Deyilənə görə, Stalin bu xəbərdən çox qəzəblənir və hətta söyüş işlədir. Lakin iş-işdən keçmişdi. Kim bilir, Stalin onu Moskvaya çağırmaqla hansı qisası almaq fikrindəydi.


…Zabrat stansiyasının yaxınlığında yaşayırdılar. Az sonra Qiyas bəyin oğlu Müğbili şərləyərək, guya erməni qadınını qətlə yetirdiyinə görə, həbs etdilər və iyimi beş illik cəza ilə Cubirə göndərildi. O, ümumilikdə, “raskrutka” (əlavələrlə) ilə düz iyirmi səkkiz il məşəqqət yaşadı…

…Kastellərlə evə gəldiyinin səhəri Dağlı Muğbili uzaq qohumu Şahmurad Sahpələng oğlu görməyə gəlmişdi. Gecəyə yaxın gəlmişdilər Şahmuradgil. Ağayar, içərişəhərli Kamil, Yunus, bir də Pərviz adında başqa, tanımadığı oğlan da var idi. Xeyli ərzaq, pul gətirmişdilər. Şahmurad: "Bunu yanuva gələn fəqir-füqəraya paylaginən, həm başın aldanar, vaxtın keçər, həm də hökumət adamları görsələr ki, sən kasıb-kusuba əl tutursan, onlar da insafa gəlib bəlkə öz sandıqlarının ağzını açarlar",– demişdi.

Muğbil hər gün məktəblərə gedir, əsgərlərin qəhrəmanlığından, sovet adamlarının fədakarlıqla vətən torpaqları uğrunda vuruşduqlarından bəhs edən çıxışlarla təbliğat aparırdı. Moskva ətrafında ilk əks həmlə barəsində, sovet qoşunlarının fritslərin neçə min əsgərini əsir götürdüklərini danışarkən həqiqətən ağlamışdı.



Müharibədəki yenilikləri komsomol komitəsi işçiləri birinci Muğbilə çatdırırdılar Az müddət ərzində özü də hiss edirdi ki, yaxşı danışıq qabiliyyəti, tərifləmək, inandırmaq bacarığı yaranıb onda...

Bir gün səhər qapıları qarşısında Stalin rayon Partiya Komitəsinin maşını dayandıqda bütün qonşular yığışdı onun başına. Kisələrlə qənd tozu, düyü, un düşürdülər. Sən demə, həmin gün Leninin ad günü imiş. Bazburtlu ikinci katib özü də gəlmişdi. Cibindən bir qutu və bir bağlama da çıxarıb əlbəəl Muğbilə verdi. Qutudan bir dördkünc saat çıxarıb onun qoluna bağladı. Tezliklə salamatlaşıb getdilər. Bağlamadakı isə pul idi. İki saat sonra Muğbildə ancaq qol saatı qaldı... Pulu da, kisələrdəki azuqəni də paylamışdı.

Sonralar Muğbili hər həftənin bazar günləri Bakı kəndlərinə - Buzovna, Maştağa, Şağan, Mərdəkan, Şüvəlana aparmağa başladılar. Muğbil kəndlərdəki adamlara səbrli olmağı, Şura hökumətinin qələbədən sonra dünyanın ən möhtəşəm dövlətə çevriləcəyini, indiki ağrılı-acılı günlərin tezliklə işıqlı, xoşbəxt həyatla əvəz olunacağını xüsusi pafosla danışırdı. Buna səbəb də vardı. Artıq 44-cü ildən başlayaraq sovet qoşunları böyük itkilər bahasına olsa da dalbadal qələbələr qazanırdı.

Bir gün Muğbil komsomol komitəsi katibinə Xızıya getmək istədiyini dedi və xahiş etdi ki, dan yeni ağarmamışdan yola düşsünlər. Maşın ilan kimi qıvrılan Tığçayın vadisinə yaxınlaşırdı. Buradan dağlar başlanırdı. İrəlidə qaralan meşəlik görünürdü. Ayağını itirəndən sonra birinci dəfə idi Xızıya gəlirdi və həmin gecəni səhərədək yatmamışdı. Onu kövrəldən Xızıya olan məhəbbət, yurd sevgisi, burada qoyub getdiyi ulu baba ocağının həsrət yanğısı idi.

Yasaq idi o vaxtlar kiminsə ayağı altında qurban kəsmək. Təzə-təzə insanların beynindən dini adət-ənənələri vurub çıxarmışdılar və hətta imkanı olanlar da əsgərlikdən - müharibə-dən qayıdanları üçün qurban kəsməyə qorxardılar. Gizlinə salıb daldada qan çıxaranlarsa xoruz kəsərdilər.

Muğbilin Xızıya gəldiyini eşidən camaat soyuztransda (avtovağzalı o vaxtlar belə adlandırardılar) üç qoyun kəsmişdi. Elə canfəşanlıq vardı ki, Xızı camaatı sanki həqiqi Lenini qarşılayırdı. Yaşıl dağ döşündə sıralanmış evlərdən çıxan camaat kəndin ortasındakı bulaq başına axışırdı. Dünəndən bilirdilər ki, Xızının qəhrəman oğlu bu gün qonaq gəlməlidir.

Muğbil düz bir həftə Xızıda qaldı. Elə gün olurdu ki, üç-dörd kənddən onun ardınca adamlar gəlir, qonaq aparmaq üçün növbə yaranırdı. Tığçayın aşağı sahilində - Şıxlar adlı obada maşını saxlayıb çəmənliyə töküldülər. Burada toy şənliyi olmalıydı. Muğbil hamıdan əvvəl daxmaya yanaşdı. Ətrafda ora-bura tələsən, sini-süzgəclə ocaq başında vurnuxan qız-gə-linlərin yanından ötərək çoban Balabəyə: "Xoşbəxt olsunlar! Oğullu-qızlı olsunlar!" - deyərək hündür, arıq kişini qucaqladı. Kiçik mağarda zurna-balaban gurladı və çalğıçılar “Cəngi" çala-çala Muğbilin dəstəsinə yaxınlaşdı. Kim isə qaçıb zurnaçılara Muğbilin toya gəldiyini demişdi.

Yeddi dost qol-boyun olub ulu babalarımızın gah sıxılaraq bir yerə toplaşan, gah da aralanıb "hey-hey" deyə ucadan halay vurmasını təkrarlayır, bir-birlərinə baxaraq şövqlə, vəcdlə rəqs edirdi. Mağarda dayanan uşaqlar da yeddi dostun ətrafında daha böyük dairə yaradaraq onlarla bərabər dövrə vurmağa başladılar. Paralel fırlanan bu iki dairənin hərə-kətlərindəki mütənasiblik, böyükləri yamsılayan uşaqların üzündəki ciddilik, pərəstiş dolu nəzərlərlə böyük nəslin hərəkətlərini təkrarlamaqda nə isə bir sehr vardı.

…Muğbil, ümumiyyətlə, yaxşı yeyib-içmək həvəskarı olub. Kimlər olmayıb onun qonağı? Vahid, Səttar Bəhlulzadə, Bəxtiyar Vahabzadə, Seyid Şuşinski, Əbülfət Əliyev, Əliağa Ağayev… Dağıstanın və keçmiş SSRİ-nin xalq şairi Rəsul Həmzətov onun evində qonaq qalıb. O vaxtlar Yazıçılar İttifaqının sədri vəzifəsində çalışan Mirzə İbrahimov bir gün Rusiyanın Azərbaycandakı ongünlüyünə qonaq gəlmiş Həmzətovun nahara gəlmədiyini görərək “İnturist” mehmanxanadakı nömrəsinə zəng vurur. Deyirlər ki, yoldaş Həmzətov özünə oxşayan bir kişi ilə getdi. Axşam Mirzə müəllim yenə zəng edir. Xəbər verirlər ki, hələ gəlməyib yoldaş Həmzətov. Narahatçılıq içində olan yazıçıların başçısı gecə saat 12-də yenə telefona əl atır. "Biz də narahatıq, Mirzə müəllim, amma dağıstanlı şairimiz hələ də gəlib çıxmayıb".

- Bəlkə nədənsə küsüb, çıxıb Moskvaya gedib? Bir yoxlayın, pal-paltarı, çamodan-zənbili oradadarmı? - İbrahimov soruşur.

- Hər şeyi buradadır, hətta xalatı da, - deyən səs eşidilir.

Səhəri gün günorta çağı Həmzətov peyda olur Yazıçılar İttifaqında. Qoltuğundakı əllə işlənmiş nəfis əsanı və üstünə dəri çəkilmiş iki kitabı Mirzə müəllimə uzadan qonaq:
- Bunları seyfdə gizlədin, gedərkən götürəcəyəm, - deyir.
- Nədir bunlar? Kim verib?
- Bunu Muğbil bağışlayıb, - şair əsanı göstərir, - bu kitabları isə Doktor Ağabala peşkəş edib mənə. Çox qədimi kitablardır. Məndən nigaran qalmayın, - deyərək tələsik otağı tərk edir.

Aşağıda onu maşın gözləyirdi, içində də Doktor Ağoppa ilə Dağlı Muğbil.

Üç saat sonra onlar Altıağacda, xəlvəti bir yerdə xudmani oturmuşdular. Nə qədər şərab içildiyini, hansı sağlıqlar deyildiyini ancaq onlara qulluq edən "Doktor"un sürücüsü bilir…


Teqlər:  





Xəbər lenti