Təhsilin baş bəlası - Valideynlər necə soyulur?

Təhsilin baş bəlası - Valideynlər necə soyulur?
  17 Sentyabr 2015    Oxunub:19501
Elə müəllim var ki, ayda 3 min manat pul qazanır...

Repititorluğun ləğv olunması dəfələrlə gündəmə gəlsə də, bu məsələ indiyə kimi həllini tapmayıb. Valideynlərin cibinə qənim kəsilən repititorluğun ləğvində ən optimal yol kimi məktəblərin 12 illik sistemə keçməsi göstərilir. Bu zaman məktəblər 10 il icbari, 2 ili isə ali məktəbə hazırlıq istiqamətində fəaliyyət göstərməli olacaq. Amma bu sistemin tətbiqi nədənsə gecikir, nazirlik real addımlar atmır...

Təhsil üzrə ekspert Nadir İsrafilov AzVision.az-a bildirib ki, repititorluğun ləğvi üçün ilk növbədə nazirlik bununla bağlı vahid mövqe sərgiləməlidir.

Ekspert hesab edir ki, repititorluq Azərbaycan məktəblərin sıradan çıxmasına gətirib çıxarır: “Repititorluqla bağlı bu günə kimi vahid mövqe sərgilənməyib. Keçmiş təhsil nazirinin dövründə belə fikirlər səsləndirilib ki, repititorluq dünyanın hər yerində olub və Azərbaycanda da bu xidmətin olması nomaldır. Yəni bu sahədə Təhsil Nazirliyinin vahid fikri yoxdur. Repititorluq dərslərin hesabına həyata keçirilir. Odur ki, məktəblərin yuxarı siniflərində oxumağa uşaq tapılmır. Müəllim yanına gedən şagirdlər dərslərə gəlmirlər, direktorla anlaşırlar, adları məktəbdə qeyd olunur. Bu da məktəb mühitinin dağılmasına gətirib çıxarır. Repititorluğun qarşısının alınması üçün ilk növbədə məktəblərdə monitorinqlər keçirilməlidir. Bununla bağlı ölçü götürülsə, xüsusi olaraq hazırlıqların qarşısı alınar”.

Ekspert deyir ki, gələcəkdə 12 illik təhsil sisteminə keçidlə əlaqədar 4+6+2 sisteminin tətbiq olunması nəzərdə tutulur.

N.İsrafilovun fikrincə, 10-cu sinfə kimi icbari təhsil, 11, 12-ci siniflərdə isə ixtisaslar üzrə hazırlaşma repititorluğun qarşısını ala bilər.

“Bundan başqa təhsil naziri aralıq siniflərində imtahanların bərpa olunması ilə bağlı qərar verib. Sovet dönəmində 5-ci sinifdən başlayaraq 11-ci sinfə qədər aralıq imtahanları olardı. Bu şagirdlərin məsliyyətini artırırdı. Çox təəssüf ki, keçmiş təhsil naziri aralıq imtahanlarını ləğv etdi və 11-ci sinifdə 8 fənndən imtahan saldı. Bu da şagirdlərin yüklənməsinə səbəb oldu. Aralıq imtahanlarının yenidən bərpa olunması təhsilin keyfiyyətinə müsbət təsir edən məsələlərdən olacaq”.



Diqqətə çatdıraq ki, Azərbaycan müəllimi özünün maliyyələşməsini uşaq hazırlamaqla təmin edir. Cəmiyyətdə də belə fikir formalaşıb ki, repititor təhsilindən istifadə etmədən ali məktəbə daxil olmaq mümkünsüzdür. Valideynləri belə düşünməyə vadar edən səbəb isə orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olması göstərilir. Buna görə də onlar hətta ibtidai sinifdən başlayaraq övladları ilə dərsdən kənar məşğul ola biləcək müəllimlərin xidmətindən istifadə edirlər.

Repititorluq, bir sözlə, bu gün Azərbaycan müəlliminin qazanc yeridir. Bəli, elə bacarıqlı müəllim var ki, repititorluqdan ayda 3-4 min manat gəlir götürür. Əlbəttə o müəllim heç vaxt 100-150 manata görə məktəbə gəlib özünü yormayacaq. Fürsətdən istifadə edən əksər müəllimlər məktəblərdə şagirdlərə normal dərs keçmirlər ki, onun yanına hazırlığa gəlsinlər.

Məsələn, bu gün müəllimlər ən aşağısı 50 manata, ən yuxarısı 150 -200 manata şagird hazırlaşdırırlar. Söhbət 1-2 şagirddən yox, 20-25-30 şagirddən gedir. Bəli, bütöv bir sinifdən. Nəzərə alsaq ki, orta hesabla hər şagirdi 70 manata hazırlaşdırırlar, bu ayda 1400 manatdan 2 min manata qədər vəsait deməkdir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, professor Musa Qasımlı repititorluğun ləğv edilməsinin tərəfdarı olmadığını bildirib. O, bu məsələnin həll edilməsi üçün ilk növbədə təhsildə olan problemlərin aradan qaldırılmasının lazım olduğunu deyib.

“Dünyanın əksər ölkələrində valideynlər öz övladlarını universitetlərə hazırlamaq üçün və uşaqların daha yaxşı təhsil alması üçün repititorlara müraciət edirlər. Bizdə də bu var. Fikrimcə, repititorluğun aradan qaldırılması heç bir fayda verməz. İnzibati yollarla repititorluğun aradan qaldırılması mümkün deyil. Repititorluğun aradan qaldırılması üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: Təhsilin keyfiyyəti artırılmalıdır, sosial məsələlər həll edilməlidir, müəllim-valideyn əlaqələri genişləndirilməlidir. Bu problemlər aradan qaldırılmadan repititorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündür”.

Gültəkin Ələsgər



Teqlər:  





Xəbər lenti