Fuad Ələsgərov: “Avropa Parlamenti özünü nüfuzdan salır” – MÜSAHİBƏ

Fuad Ələsgərov: “Avropa Parlamenti özünü nüfuzdan salır” – MÜSAHİBƏ
  15 İyun 2013    Oxunub:1650
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibə



- 13 iyunda Avropa Parlamenti “İlqar Məmmədovun işi” üzrə qətnamə qəbul edib. Siz bu qətnaməni necə şərh edərdiniz?
- Avropa Parlamenti onun nüfuzunu yenidən şübhə altına salan növbəti uydurma, əsassız və qeyri-ciddi sənəd qəbul edib. Güman edirəm ki, biz bu təşkilatdakı bəzi qrupların anti-Azərbaycan əhval-ruhiyyəsinin bir növ “yaz-yay aylarına təsadüf edən kəskinləşməsi” ilə üzləşmişik. Ölkəmizə qarşı ünvanlanmış bundan əvvəlki böhtan xarakterli qətnamə ötən il mayın sonunda, Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində qəbul edilmişdi.

Budəfəki qətnamənin də Avropa Parlamentində əlaqədar qrupların işinin nəticəsi olduğuna heç bir şübhə yoxdur. Bunun üçün qətnamə layihəsinin müzakirəsində iştirak və çıxış etmiş deputatların siyahısı ilə tanış olmaq kifayətdir. Onlar Azərbaycan barədə əvvəlki qətnamələrin hazırlanması və qəbulunda fəal iştirak etmiş deputatlardır.

- Həmin qətnamə “növbədənkənar debatlar” çərçivəsində qəbul edilmişdi. Necə düşünürsünüz, bu dəfə bu tələskənliyin səbəb nə idi?
- Avropa Parlamenti deputatlarının şövqlə müdafiə etdikləri İlqar Məmmədov bu il fevralın əvvəlində həbs edilib. Bu təşkilatın sessiyalarının hər ay keçirildiyini nəzərə alaraq, Avropa Parlamenti üzvlərinin bu məsələnin “təcili” xarakter daşıdığını dərk etməsi üçün 4 aydan da çox vaxt lazım olub. Bununla yanaşı, bu məsələni yalnız 32 deputat vacib və təcili hesab edib. Belə ki, iclasda məhz bu qədər insan iştirak etmişdir. Onlar 754 üzvü olan Avropa Parlamenti üzvlərinin ümumi sayının 5 faizinindən də azını təşkil edir. Müqayisə üçün qeyd edim ki, bundan əvvəl, sessiyada digər məsələlərin müzakirəsində təxminən 600 deputat iştirak etmişdr.

Avropa Parlamentində insan hüquqları ilə bağlı “təcili məsələlərin” müzakirəsi prosesinin özü, yumşaq desək, təəccüb doğurur. Qətnamənin müzakirəsi, daha dəqiq desək əvvəlcədən hazırlanmış mətnlərin başdansovma oxunması yarım saatdan da az vaxt aparıb. Xatırlatmaq istəyirəm ki, söhbət “təcili və vacib” məsələdən gedir. Bu zaman barəsində qətnamənin qəbul edildiyi ölkə öz mövqeyini ifadə etmək üçün tamamilə heç bir imkana malik deyil. Bu vəziyyətdə avropalı deputatların məsələyə obyektiv və hərtərəfli yanaşmasından danışmaq mümkün deyil. Gərgin fəaliyyətinin belə imitasiyası yalnız daha bir uydurma sənədin qəbul edilməsi ilə nəticələnə bilərdi ki, qeyd olunan qətnamə də məhz belə bir sənəddir.

Şübhə yoxdur ki, belə bir tələskənlik yalnız bir amillə bağlı idi – deputatlar hazırda İnsan Hüquqları üzrə Avropa məhkəməsində İlqar Məmmədovun şikayətinə baxıldığını bildikləri üçün qətnaməni qəbul etməyə tələsirdilər. Bu qətnamə Avropa Məhkəməsinə təzyiq göstərmək cəhdindən başqa bir şey deyil.

Bununla yanaşı, qətnamənin lehinə çıxış edən bir sıra deputatlar müzakirə edilən məsələdən xəbərsiz olduqlarını nümayiş etdirdilər. Belə ki, deputatlardan biri öz çıxışında qəzəblə bildirmişdir ki, İlqar Məmmədov “dinc etiraz aksiyasında iştirak etdiyi üçün həbs edilib, əslində isə o, aksiyada iştirak etməyib”. Göründüyü kimi, o, dəstəklədiyi qətnamə layihəsi ilə tanış olmağa da çalışmayıb, halbuki sözügedən qətnamədə dinc aksiya barədə söhbət belə açılmır.

İlqar Məmmədova qarşı kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndələrinə onların həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməyə görə ittiham irəli sürülmüşdür. Xatırlatmaq istəyirəm ki, yanvarın sonunda İsmayıllı şəhərində keçirilmiş “dinc aksiyalar” zamanı iştirakçılar binanı və bir neçə avtomobili yandırmışdırlar.

Lakin qətnamənin qəbulunun təşəbbüskarları baş vermiş iğtişaşlar barədə kifayət qədər məlumata malik olmamaqla yanaşı, qətnamədə bir sıra faktları qəsdən təhrif ediblər. Belə ki, qəbul edilmiş sənəddə İlqar Məmmədovun müxalif partiyasının lideri olduğu qeyd edilir. Əslində isə, onun başçılıq etdiyi hərəkat nəinki siyasi partiya deyil, hətta Azərbaycanın siyasi məkanında hər hansı ciddi çəkisi belə yoxdur.

Daha sonra qətnamənin müəllifləri qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəddir. Bu, açıq yalandır. Seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş namizədlərin qeydiyyatı prosesi hələ başlamayıb, buna görə də İlqar Məmmədovun rəsmi namizədlik statusu yoxdur. Onun və ya başçılıq etdiyi hərəkatın bildirdiyi kimi İ. Məmmədovun seçkilərdə iştirak etmək niyyəti heç də qeyri-qanuni hərəkət “indulgensiya”sı deyil və onu qanuna riayət etmək məcburiyyətindən azad etmir.

- Qətnamədə bildirilir ki, İlqar Məmmədov təkcə REAL hərəkatının lideri deyil, həm də Bakı şəhərində fəaliyyət göstərən Avropa Şurasının Siyasi Araşdırmalar Məktəbinin direktorudur...

- Aydındır ki, bu qurumun adının qətnamədə hallandırılması sadəcə sənədin “çəkisi”ni artırmaq üçündür. Bununla belə Siyasi Araşdırmalar Məktəbinin fəaliyyəti ilə bağlı bir sıra ciddi məsələlər mövcuddur. Məktəbin hansı statusa malik olduğu bəlli deyil, Avropa Şurası və Azərbaycan hökuməti arasında məktəbin fəaliyyətinə dair heç bir razılaşma yoxdur. Bu qurum qanuna uyğun olaraq dövlət qeydiyyatından keçməyib. Məktəb heç bir hesabat, o cümlədən maliyyə hesabatı vermir və onun haradan maliyyələşdirildiyi məlum deyil. Buna görə də mövcud olmayan bu məktəbin adının çəkilməsi sadəcə olaraq nüfuzlu beynəlxalq təşkilatın adı arxasında gizlənmək cəhdidir.

Bu, həm də qəbul edilmiş sənədin qərəzliliyinin və sifarişlə hazırlandığının daha bir sübutudur. Bütün bunlardan başqa sənəddə iddia edilir ki, İlqar Məmmədov qeyri-qanuni olaraq həbsdə saxlanılır. Üstəlik heç bir əsası olmayan bu birtərəfli və təhrif olunmuş iddialar məsələdən demək olar ki, xəbəri olmayan deputatlar tərəfindən irəli sürülür. Bununla yanaşı nə cinayət işi üzrə istintaq, nə də ki, müvafiq şikayətə Avropa Məhkəməsi tərəfindən baxılması hələ də başa çatmayıb. Buna görə də ki, sənəd müəlliflərinin gəldikləri nəticələr ən azından erkən və əsassızdır.

Ümumiyyətlə, Avropa Parlamentinin qətnaməsinin “İlqar Məmmədovun işi”nə həsr olunmasına baxmayaraq, onun adından da göründüyü kimi mətnin böyük bir hissəsinin bu işlə heç bir əlaqəsi yoxdur. Məsələ burasındadır ki, sənədin nəticə hissəsinin 17 bəndindən yalnız birində İlqar Məmmədovdan bəhs olunur. Digərləri isə belə görünür ki, sənədin “həcmini artırmaq” üçün əlavə edilib.

- Avropa Parlamentinin qəbul etdiyi qətnamə hansı nəticələr doğuracaq?
- Avropa İttifaqının üzvü olmayan ölkəyə münasibətdə qəbul edilmiş boş və hüquqi cəhətdən məcburi olmayan bir sənəd hansı nəticələr doğura bilər? Avropa Parlamentinin deputatlarının əksəriyyətinin istirahətə getdikdən sonra baş tutmuş bu demaqogiya məşğələsi yalnız bu təşkilatın nüfuzuna xələl gətirə bilər. Bu sənəd tam yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti