Təhsil Nazirliyi müəllimlərə “güzəşt”ə gedir

Təhsil Nazirliyi müəllimlərə “güzəşt”ə gedir
  15 İyun 2013    Oxunub:1263
Təhsil Nazirliyi ucqar ərazilərə müəllimlərin cəlb edilməsi üçün hansı tədbirlərin görülməsi və güzəştlərin tətbiq olunması məsələsinə aydınlıq gətirib.

Təhsil Nazirliyindən apa-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən, gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunması üçün xüsusi dövlət sifarişi nəzərdə tutulur.

Kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə həmin müddət ərzində müəyyən həvəsləndirmə tədbirləri tətbiq edilir.

Gənc mütəxəssislərə 3 il müddətində ərzində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya verilir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat əlavə ödənilir. Yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birdəfəlik yardım ödənilir. (apa)

Bunlardan əlavə, yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.



Teqlər:





Xəbər lenti