Nazir İsrail səfirilə görüşüb

Nazir İsrail səfirilə görüşüb
  20 İyun 2013    Oxunub:1388
Rafael Harpaz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb, məcburi köçkünlərin şəraiti ilə yerindəcə tanış olduğunu bildirib.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan ilə İsrail arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarına toxunaraq əldə olunmuş nailiyyətləri, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında yaxşı münasibətlərin olduğunu söyləyən səfir İsrail dövlətinin Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb, Prezident Şimon Peresin xalqımızın ümummilli lideri Heydər Əliyev ilə dostluq münasibətlərini xatırladaraq bu əlaqələrin dövlət başçısı İlham Əliyev ilə uğurla davam etdirildiyini bildirib.

Qonaq əlaqələrimizin müxtəlif sahələrdə inkişafını qeyd edərək, respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib. R.Harpaz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb, məcburi köçkünlərin şəraiti ilə yerindəcə tanış olduğunu bildirib. Səfir iki ölkə arasında hüquqi əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, bunun üçün dəstək verməyə hazır olduğunu söyləyib, bir sıra təkliflər irəli sürüb. Görüşdə əməkdaşlıq məsələləri, o cümlədən hakimlərin və digər hüquqşünasların peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarlarda iştirakı, habelə hüquqi yardım və digər maraq kəsb edən məsələlər müzakirə olunub.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti