Xalq rəssamının dəfni təxirə salındı

Xalq rəssamının dəfni təxirə salındı
  20 İyun 2013    Oxunub:1169
Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə iclas təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə apa-ya mərhum rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova məlumat verib.

Onun sözlərinə görə, ona bəlli olmayan səbəblərdən təxirə salınan məhkəmə iclası sabah keçiriləcək: “Mən əminəm ki, bu məhkəmə də Toğrulun Fransada dəfn olunmasına qərar verəcək və qərar çıxan kimi dəfnin təşkilatçısı olacaq şirkətə gedəcəyəm. Dəfn mərasimini şirkətin təyin etdiyi vaxtda keçirəcəyəm”.

Mərhumun katolik ənənəsinə uyğun basdırılacağı fikrinə münasibət bildirən S. Nərimanbəyova xəbəri təkzib edib: “Bu xəbəri Azərbaycan xalqında mənə qarşı nifrət hissi yaratmaq üçün onun qızı uydurub. Bu, doğru deyil. Toğrul əsil müsəlman idi və müsəlman adətinə görə də dəfn olunacaq”.

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 7-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayətinə bu gün baxılmalı olsa da, proses sabahadək təxirə salınıb.

Mərhumun meyiti hələ də morqda saxlanılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti