Eldar İbrahimov: “Mənim də ürəyim daşdan deyil” - VİDEO

Eldar İbrahimov: “Mənim də ürəyim daşdan deyil” - VİDEO
  21 İyun 2013    Oxunub:4724
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov AzVision.az oxucularının suallarına cavab verir:
“Almaniyada keçi bizim inəkdən çox süd verir”


Yusif:
- Sizcə, Azərbaycanda kənd təsərrüfatının məhz hansı sahələri inkişaf etdirilməlidir?




- Mənə elə gəlir ki, kənd təsərrüfatının bütün sahələrini, həm heyvandarlığı, həm də bitkiçiliyi inkişaf etdirmək lazımdır. Mən uzun illər Naxçıvanda bu sahəyə rəhbərlik edən adam olmuşam. Kənd təsərrüfatı birtərəfli inkişaf edə bilməz. Heyvan, bitki xeyir gətirirsə, onu inkişaf etdirmək lazımdır.

Üzümçülük, pambıqçılıq, taxılıçılıq sahələrini inkişaf etdirmək lazımdır. Üzümçülük, şərabçılıq haqqında qanun qəbul etmişik. Təbii ki, taxıl bizim çörəyimizdir. Bu, inkişaf etdirilməlidir. Heyvandarlıq sahəsi inkişaf etməlidir.

Heyvandarlıq sahəsində xüsusilə damazlığa fikir vermək lazımdır. Öz cins mal-qaramızı yetişdirməliyik. Əlbəttə, xaricdən alıb, gətiririk, bu, çox yaxşıdır, amma yerli cins mal–qaramızı, yəni Azərbaycanın iqliminə uyğun cins mal-qaranı gərək yetişdirə bilək. Və elə olsun ki, həmin mal-qara burada yaşaya bilsin, yüksək məhsuldar süd, ət verə bilsin.

Biz bu yaxınlarda Almaniyada olduq. Almaniyada inəklər il ərzində 8-11 min litr arasında süd verir, bizimkilər isə 1200-1300 litr. Hətta Almaniyada keçi bizim inəklərdən çox süd verir. Ona görə də, yeni və yerli cinslər hazırlamalıyıq ki, məhsuldarlığı artıraq. Sayı artırmaq yox, məhsuldarlığı artırmaq lazımdır - istər taxılçılıqda, istərsə də bitkiçilikdə və heyvandarlıqda. Biz gərək keyfiyyət və məhsuldarlığı artırmağa xüsusi diqqət yetirək.

Mömin:
- Bizim müsəlman ölkəsi olduğumuzu nəzərə alsaq, ölkədə şərabçılığı inkişaf etdirmək üçün hökumətin etdiyi cəhdlər düzgündürmü? Həmin səyləri halal bitkiləri becərməyə yönəltsək, ölkəmiz daha bərəkətli olmazmı?



- Bir–iki il bundan qabaq ekoloji təmiz kənd təsərrüfatı haqqında qanun qəbul etdik. Yəni təmiz qidalar olsun, geni dəyişmiş qidalar olmasın. İnsanlarımızın sağlamlığımızı qorumaq üçün. Çox şeylərə qadağa qoymuşuq. Misal üçün, toxumçuluq qanununda toxumların keçirilməsinin qarşısının alınması və s. Bu məsələ bütün qanunlarda öz əksini tapıb. Ekoloji təmiz kənd təsərrüfatı, toxumçuluq haqqında qanunda da.

Əlbəttə, biz İslami dəyərlərə, milli-mənəvi dəyərlərə sadiqik. 70 il Sovet hökuməti də bizim Allaha inamımızı əlimizdən ala bilmədi. Məsələn, qonşu, İran, Pakistan İslam Respublikası – yəni birbaşa İslam respublikası başqadır, amma Azərbaycan dünyəvi, açıq, demokratik bir dövlət dir. Qərbə, Avropaya gedirik. Mən deyim ki, burada içki ləğv olusun Türkiyədəki kimi – bu, mümkün deyil.

İnsanlara nəyi tərgidirsənsə, ona daha çox meyl edirlər. İçkini tərgitmək üçün bir vaxtlar Qorbaçov belə bir tədbir keçirdi. Alkoqolizmə qarşı mübarizə başladı. Amma camaat yenə arağı çaynikə töküb içirdi. İndi çox sevinirəm ki, bizim xüsusilə gənclərimiz içkiyə az meyillidirlər. Dinə meyl edən var, Avropaya meyl edən var. Əlbəttə, ölkədə çoxcəhətlilik olmalıdır. Biz din ölkəsi deyilik, demokratik ölkəyik. Biz cəhalətə gedə bilmərik, tərəqqiyə getməliyik.


Azər:
- Eldar muəllim, niyə Azərbaycanda boşanma halları belə artıb? Eşitdiyimə görə sizin özünüz də bu məsələyə biganə yanaşmırsınız, yəqin ki, bu məsələ sizi və yaxınlarınızı da ən az bizim qədər narahat edir. Bəs nə üçün Milli Məclisdə bu məsələyə əhəmiyyət verilmir? Əksinə, Siyavuş Novruzov bu yaxında əxlaqsızlığın leqallaşdırılması kimi “gözəl” təkliflə çıxış etdi. Yəqin ki, bu məsələ bir müddətdən sonra hər bir ailəyə gəlib çıxacaq və onda artıq gec olacaq...




- Nə təklif olunur, mən deyə bilmərəm. Amma təbii ki, bundan mən də çox narahatam, amma bunlar qanunla nizamlanan məsələlər deyil. Bu, ailə-məişət məsələsidir. Bununla əlaqədar Sosial Komitədə işlər gedir.

İnsanlar evlənəndə yoxlanılmalıdır. Bəzən görürsən ki, qohum qohumla evlənir, xəstə çıxır, boşanır. Uşağı olmur, yaxud da xəstə olur, boşanır. Bu faktorlar da var. Təbii ki, digər amillər var. Bəzi faktorlar Azərbaycanın daxilindən gəlmir, xaricindən bizə transfer olan məsələlərdir.

Rusiyada, Qərbdə kəbin kəsmədən yaşayırlar, sonra sözləri tutur, ya kəbin kəsdirirlər, ya da ki ömrlərinin axırına qədər kəsdirmirlər - biz islami-mənəvi dəyərlərə malik olan bir xalq kimi gərək bu cür hallardan qorunaq. Bu qorunmaq hər bir ailənin işidir. Bu qorunmaq təkcə qanun predmeti deyil, qanunla nizamlanası məsələ deyil. Bu, şəxsidir: sən kiminsə evində qanun tətbiq edə bilməzsən ki, arvadını döyməsin.


“Mənim də ürəyim daşdan deyil”


Rasim Naxçıvanlı:
- Sizcə, Səyyad Aran, Eldar Sabiroğlu, Xeyrəddin Qoca YAP-ın formalaşmasında əmək veriblərmi?




- Məncə, əməkləri olub. Onların hər üçünü çox yaxşı tanıyıram. YAP-ın yaradılmasında, inkişafında onların özlərinə məxsus yerləri var. Ancaq indi onların da hər biri özlərinə görə başqa-başqa vəzifələrdə işləyirlər. Mənə elə gəlir ki, onların narazılığı yoxdur. Sadəcə olaraq, sualdır, suala da mən cavab verirəm ki, bəli, onların xidmətləri olub.


Bəhruz:
- Eldar müəllim müstəqillik tariximizdə mövqeyini dəyişməyən tək-tək insanlardansız və buna görə də sizə böyük hörmətim var. Sizin çıxışlarınızı da mətbuatın yazdığı kimi yaltaqlıq yox, hakimiyyətə səmimi sadiqlik hesab edirəm.
Sual: Vaxtilə MM-də Heydər Əliyevə qarşı çıxanlar var idi ki, bu gün yüksək postlardadırıar. Niyə səsinizi çıxarmırsız?





- Çox minnətdaram, çox yaxşı sual verib və mənə qarşı hömət, ehtiramını bildirdiyinə görə, mən də həmin insana öz hörmət, ehtiramımı bildirirəm.

Mənim də ürəyim daşdan deyil, ətdəndir. Bəli, mən də o vaxtlar Heydər Əliyevin namizədliyini irəli sürəndə mənim üzərimə hücum edənlər, məni təhqir edənlər, Ulu Öndərə təhqir sözləri yağdıran, amma indi vəzifədə olan adamlar var. Amma mən ona görə səsimi çıxarmıram ki, bugün mən iqtidar adamı kimi və bir Eldar İbrahimov kimi bu dövlətimizin, bu ailəmizin - Azərbaycanın əmin-amanlığını, sabitliyi qorunsun. Bunun üçün dinmirəm, danışmıram.

Və əgər məndən yuxarı vəzifədə olan insanlar, mənim prezidentim qəbul edirsə, indiyə qədər Ulu Öndər Heydər Əliyev də qəbul edibsə, mən nə deyib qəbul etməyim? Mənim guya danışmağım nə verəcək. Mən ona görə səsimi çıxarmıram, yoxsa mənim səsimi çıxarmağa cəsarətim də var, deməyə sözüm də var. Amma o söz, o cəsarət, əmin-amanlığımıza, sabitliyimizə zərər gətirəcəksə, bəli mən onda susuram və bütün həyatım boyu da çalışıb susacağam.

“Məmur yolunu azırsa, prezident neyləsin?”


BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı:

- Salam, Eldar müəllim! Siz Azərbaycanın ən görkəmli ziyalılarından birisiniz. Uzun illər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmusunuz və ən ağır günlərdə birgə çalışmısınız. Bu gün İlham Əliyevə xəyanət edən keçmiş silahdaşlarınızın bu cür mövqe tutmasının səbəbini nə ilə izah edərdiniz?




- Niyaməddin müəllimə mənim böyük hörmətim var, sağ olsun verdiyi suala görə.
İlham Əliyevə heç kim xəyanət edə bilməz, buna heç kimin gücü də çatmaz. Sadəcə olaraq, bilirsiniz, ölkəmizin prezidentidir, hamı razı ola bilməz ki. Kiminsə vəzifəsi yoxdur və ya vəzifədən kənarlaşdırılıb, təbii ki, onlar narazı olduqlarını bildirməlidirlər. Bu da demokratik cəmiyyətin qanunlarından biridir, çünki insan azadlığı var. Artıq-əksisk fikirlər səsləndirilir, qəzetlərdə yazılır. İnsandır da danışır, ona nə deyəsən?

Odur ki, bunların səbəbləri çoxdur. Bir məmur vətəndaşı incidirsə, o, həmin dəqiqə prezidenti günahlandırır. Amma prezident neyləsin?! Prezident Nazirlər Kabinetinin iclasında öz tapşırıqlarını verdi. İnsanlıqdan, mədəniyyətdən, təvazökarlıqdan dərs keçdi məmurlara. Məmur qudurğanlıq edirsə, yolunu azırsa, buna prezident neyləsin?
İnsanlarımızdan asılıdır, gərək prezidentin ətrafında olan insanlar davranışlarına fikir versinlər.


Vüsal:
- Eldar müəllim, bu yaxınlarda Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə siz də İrana getmişdiniz və orada ali dini rəhbərlə görüşdünüz. Bu görüşün hansı maraqlı məqamları var idi?



- Əvvəla onu deyim ki, Şeyxülislam Allahşükür Paşazadənin İranda çox böyük hörməti var. İranın ali dini rəhbəri Seyid Əli Xamneyi bizi yüksək səviyyədə qəbul etdi və bizimlə Azərbaycan dilində xeyli danışdı. Çox səmimi, mehriban görüşlərimiz baş tutdu.
Elə bu gün Azərbaycan-İran parlament qrupunun üzvlərilə birlikdə İran səfirilə görüşdüm. Bu ifadəni orda da işlətdim. İranın dini liderinin söylədiyi kimi, İran və Azərbaycan bir-birinə qardaş, dost ölkədirlər. Aramıza şeytanların girməsinə şərait yaratmamalıyıq. Təəssüflər olsun, aranı qarışdırmağa, münasibətləri pozmağa çalışan insanlar var. Kimin hara qulluq etdiyini müəyyən etmək çətindir.

Bu gün İran rəhbərliyinin bizə qarşı çox yaxşı münasibəti var. Biz həmçinin İranda olarkən artıq keçmiş prezident Mahmur Əhmədinejad, parlamentin sədri Əli Laricani ilə görüşdük. Çox yüksək səviyyədə görüşlərimiz oldu. İran rəhbərliyinin Azərbaycana qarşı çox yüksək fikirləri var. Heç də təsadüfi deyil ki, biz İrana getdik və Xalidə Xalid azad olundu. Azərbaycanda həbs olunan İran vətəndaşlarının da sayı az deyil. Narkotik vasitələrə görə həbs olunanları deyirəm. İran demir ki, “narkotik satan vətəndaşımı niyə həbs etmisən”. Qanunlar var və qanunlara əməl etmək lazımdır. Həmçinin, İranın da öz qanunları var və bunlara əməl etmək lazımdır. Bu kiçik hadisələri şişirdib Azərbaycanla İran arasında ziddiyyət yaratmaq, nifaq salmaq ağlı başında olan heç bir azərbaycanlıya yaraşmaz. Azərbaycanın dost itirən, düşmən qazanan vaxtı deyil.

Anar Göyçaylı:
- Salam, Eldar müəllim. Sizcə, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi kimi bir quruma ehtiyac varmı? Ümumiyyətlə, bu qurum yenidən formalaşa biləcəkmi?

- Belə bir quruma ehtiyac var, ömrü boyu olub və bundan sonra da olacaq. Amerikada belə bir aparatda on minlərlə insan çalışır. Vaşinqtonun mərkəzində yerləşən qurum Kənd Təsərrüfatı Nazirliyinin siyasətini aparır. Düşünürəm ki, Azərbaycanda başqa nazirlikdən də çox Kənd Təsərrüfatı Nazirliyinə ehtiyac var. Ən yaxşı mütəxəssislər bu Nazirliyə cəlb olunmalıdır. Amma təəssüflər olsun ki, aqrar sahədə gənclərin sayı çox azdır. Əməkhaqqı azdır, iş azdır deyə gənclərimiz bu sahəyə az cəlb olunur. Amma onu deyə bilərəm ki, bu iş əziyyətli də olsa, şərəfli işdir. Ona görə, hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi vacib bir qurumdur.



(Ardı burada)


Teqlər:  





Xəbər lenti