"Silahlı insidentdən söhbət belə gedə bilməz"

 "Silahlı insidentdən söhbət belə gedə bilməz"
  20 İyul 2013    Oxunub:1825
Qaradağ rayonundakı 12 saylı cəzaçəkmə müəssisəsində heç bir qiyam hadisəsi baş verməyib.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov bəzi KİV-lərdə Bakının Qaradağ rayonunda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verməsi və bu səbəbdən ora silahlı konvoyun cəlb edilməsi haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Şöbə rəisi qeyd edib ki, istintaq təcridxanalarında saxlanılan məhkumlar barələrində məhkəmə tərəfindən çıxarılmış hökmlər qanuni qüvvəyə mindikdən sonra hər həftənin şənbə günü planlı şəkildə bölüşdürülərək cəzaçəkmə müəssisələrinə aparılır:

"Bütün Qaradağ rayonu ərazisində nə qədər cəzaçəkmə müəssisəsi varsa, o adamları bölüşdürüb ora aparırlar.

Eyni zamanda, Müalicə Müəssisəsində müalicə kursu keçənlər yenidən əvvəl cəza çəkdikləri müəssisələrə köçürülür. Cəzaçəkmə müəssisələrində həkim rəyi əsasında müalicə kursu keçməyə ehtiyacı olanlar da həmin müəssisələrdən Müalicə Müəssisəsinə aparılır. Bu, hər həftənin şənbə günü baş verən planlı işdir".
Belə xəbərlərin yayılmasında kimlərinsə maraqlı ola biləcəyini deyən polkovnik Sadıqov bununla belə vəziyyətə tam nəzarət olunduğunu əlavə edib:

"Hər hansı silahlı insidentdən söhbət belə gedə bilməz. Əlbəttə ki, məhkumları daşıyan konvoy silahlı olmalıdır. Bəlkə də onlar qiyam olmasını istəyirlər, amma heç bir qiyam yoxdur, sakitlikdir və hər şey tam nəzarətimiz altındadır".


Teqlər:  





Xəbər lenti