“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Art Plast” layihəsi təqdim edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Art Plast” layihəsi təqdim edilib
  05 Oktyabr 2024    Oxunub:1349
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Xəzərin irsi” silsiləsindən olan “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə ASCO-nun reallaşdırdığı “Art Plast” layihəsinin təqdimatı olub.
Təqdimat Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayevin, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevin, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Ağalarovun, dənizçilərin, ekoloqların, könüllülərin, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə əvvəlcə ASCO-nun ekoloji sahədə həyata keçirdiyi layihələrdən bəhs edən video təqdim olunub.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən yaşıl hərəkat siyasətindən danışıb. O bildirib ki, ASCO beynəlxalq gəmiçilik şirkəti kimi yeni texnologiyalar tətbiq etməklə, daha təmiz yanacaq növlərinə keçməklə bu prosesdə mühüm rol oynayır.

Nazir Dənizkənarı Bulvar İdarəsinin ərazisində ASCO-nun reallaşdırdığı “Art Plast” layihəsinin əhəmiyyətindən də danışıb. O bildirib ki, layihə çərçivəsində hazırlanan installyasiyalar tullantılara fərqli baxış ideyasını ortaya qoyur və bu kimi təşəbbüslər ekologiyanın çirklənməsi ilə bağlı mübarizədə böyük əhəmiyyət kəsb edir.

Muxtar Babayev çıxışında Dənizkənarı Bulvar İdarəsinin belə ekoloji layihələrdə fəal iştirakını, ümumilikdə Milli Parkda son dövrlər görülən işlərin təqdirəlayiq olduğunu da xüsusi vurğulayıb.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxışında Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və Bakıda keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən danışıb. O həmçinin ASCO-nun 2050-ci ilədək sıfır emissiyaya çatmaq hədəfinə nail olmaq istiqamətində gördüyü işlər barədə məlumat verib: “Biz bu istiqamətdə fəaliyyətimizi hökumətin ekologiya ilə bağlı siyasətinə, eyni zamanda beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil etmişik. Bu, mürəkkəb prosesdir, eyni zamanda böyük zəhmət tələb edir. Kollektiv olaraq öhdəsindən gələcəyimizə əminik və bunun üçün əzmlə çalışırıq.”

Sədr bildirib ki, qlobal iqlim dəyişmələri ilə mübarizədə hər birimizin üzərinə məsuliyyət düşür və ASCO olaraq bununla bağlı da Korporativ Sosial Məsuliyyətimiz çərçivəsində müxtəlif layihələr, o cümlədən maarifləndirmə tədbirləri həyata keçiririk. Bunlardan biri də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə keçirdiyimiz “Art Plast” layihəsidir ki, burada da məqsədimiz cəmiyyətə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaqla yanaşı, tullantıların istifadəyə yararlı məhsullara qaytarılması ideyasını təlqin etməkdir.

Rauf Vəliyev çıxışının sonunda layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə, eyni zamanda installyasiyaların yerləşdirilməsinə şərait yaratdıqlarına və göstərdikləri dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.

Çıxışlardan sonra “Art Plast” layihəsi çərçivəsində ASCO-nun Azərbaycan Dənizçilik Kollecinin, “Suraxanı” gəmi-muzeyi ilə "Gənc könüllülər" İctimai Birliyinin bazası əsasında yaradılmış “Dəniz könüllüləri” və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Eko könüllüləri”nin "Bibiheybət" Gəmi Təmiri Zavodunun ərazisində keçirdikləri təmizlik aksiyası, eyni zamanda installyasiyaların hazırlanma prosesi barədə videolar nümayiş etdirilib.

Həmçinin tədbirdə layihənin həyata keçirilməsində əməyi olan əməkdaşlara “Təşəkkürnamə” təqdim olunub.

Daha sonra qonaqlar plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malik balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan düzəldilən güldanlarla yaxından tanış olublar.

Onlara məlumat verilib ki, ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun və “Bibiheybət” Gəmi Təmiri Zavodunun bir qrup əməkdaşının gərgin əməyi hesabına ərsəyə gələn bu “eko-art”lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir. Xanı balığı formasındakı unikal installyasiya isə həm də plastik tullantıların atılması üçün şəhər sakinləri və turistlərin ixtiyarına veriləcək, burada toplanan tullantılar mütəmadi olaraq təkrar emala göndəriləcək.

Daha sonra qonaqlar könüllülərin topladıqları plastik tullantıları balıq installyasiyasının içərisinə atıblar.

Sonda qonaqlar “Suraxanı” gəmi-muzeyinin ekspozisiya zalları ilə yaxından tanış olublar.

Qeyd edək ki, tədbir çərçivəsində “Suraxanı” gəmi-muzeyində “Açıq Qapı Günü” elan edilib və ziyarətçilər üçün tullantıların təkrar emala çevrilməsi mövzusunda xüsusi master-klass keçirilib. Həmçinin qonaqlar üçün maraqlı musiqili proqram təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər: Yaşıl-Dünya  





Xəbər lenti