İyirmi ilin orucu

İyirmi ilin orucu
  22 İyul 2013    Oxunub:1716
Emin Piri

Düşünməyin ki, yenə və digərləri kimi dindən söhbət açacağam. Xeyr, əsla elə deyil. Ramazan ayı gəldi. Bu dəfə iki orucumuz üst-üstə düşdü. Dinə bağlı xalqım hər iki orucu tutmaqda çətinlik çəkmir. İyirmi ildir ki, Ağdamsızlıq (Qarabağsızlıq) orucunu saxlayırıq. Kim nə deyir-desin, bütün dini yazılarımıza və dinə qarşı çıxmağımıza baxmayaraq, biz çox mömin insanlarıq. İyirmi ildir kimsə bizi bu orucu açmağa məcbur edə bilməyib.
Bizim bu dindarlığımız Avropadan ucqar Asiyaya kimi yəqin hamıya sərf edir. Biz öz ibadətimizə sadiqik. Ağdamsızlıq orucunu hər səhər imsaqda arzularla açıb iftarımızı səbrlə yeyirik. Hərdən düşünürəm, görəsən biz bu orucu nə zaman pozacağıq? Bəlkə, bir dəfə günah edək, özümü günaha batıraq?!

İyirmi yaş gözəl yaşdı. Bir qızın ən gözəl görünən, ən çox sevilən yaşlarındandır. Həm də yubileydir. Yenə yığışacaqlar təbrik etməyə - işğal gününü. Öncə yedikləri kabablardan, qoyduqları gözəl evlərdən, bulaqlardan danışacaqlar. Sonra… sonra…sonra xatirələrindəki kabab tüstüsü (vətən yox məhz kabab tüstüsü) gözlərini yaşardacaq… Döyüşməyəcəklər... arzulayacaqlar, arzulayacaqlar, arzulayacaqlar Ağdamı...

Arzu demişkən bir xatirəmi danışım. İlk dəfə Ağdamla hərbi xidmətdə olarkən tanış oldum. Təəssüf ki, bizdə qalan bir neçə kəndiylə. Hələ hərbi xidmətdə olarkən əmrimi Ağdamdakı hərbi hissələrdən birinə yazmışdılar. Və həmin əmr 23 iyul tarixinə idi. Məhz işğal günü mən Ağdam torpağına qədəm qoymuşdum. Mistikaya müəyyən dərəcədə inanan bir insan kimi bundan bəzi çalarlar çıxarmağa çalışırdım. Beynimdə müxtəlif fikirlər dolaşır, həmin mistika get-gedə daha dərin inamlı bir arzuya çevrilirdi. Beləliklə, mən məhz həmin gün verilən bu əmrdən yola çıxaraq tərxis olacağım günün qələbə günü olacağına inanırdım. Inamımı gücləndirən isə həmin arzu idi. Bitib-tükənməyən arzu.

Amma mən tərxis olub Bakıya qayıtdığım gün isə 28 aprel idi. Mənim Ağdamdakı hərbi xidmətim işğaldan-işğala kimi davam etdi.
23 iyuldan 28 aprelə...
Ağdamdan Bakıya kimi...

Mən qayıdana kimi həmin hisslər içimdə dolaşırdı. Qəlbimdən beynimə kimi. Qayıtdıqdan sonra anladım ki, arzular heç də çox şeyi həll etmir. Bəlkə də ümumiyyətlə heç nəyi həll etmir. Ən böyük arzu elə əməldi. Əməl isə cəsarətdi. Arzulamaq isə cəsarət istəmir. Bəlkə də arzu ən ucuz və hətta havayı nemət olduğundan onu daha çox istəyirik. Elə buna görə də həyatımız arzulardan daha çox ibarətdir. O vaxtdan arzularım azaldı. Nə qədər qəribə olsa da məqsədləri arzulardan daha çox sevirəm.

Arzu etmirəm ki, Ağdamda görüşək. Artıq arzu sözündən ehtiyat edirəm. Görüşməyi arzuladıqsa heç zaman görüşməyəcəyik. Arzulamaq yox, döyüşmək lazım idi. Bizim ən böyük səhvimiz və əsas işimiz bu iyirmi ildə döyüşmək yox məhz arzulamaq oldu…


Teqlər:  





Xəbər lenti