Niyə kəndli iş dalınca şəhərə qaçır? – TƏHLİL

Niyə kəndli iş dalınca şəhərə qaçır? – TƏHLİL
  20 May 2016    Oxunub:5259
Neftin dünya bazarlarında qiymətinin düşməsi ilə əlaqədar ölkədə iqtisadi aktivlik endiyindən bilavasitə aqrar sektorla bağlı vətəndaşlarımızın bir hissəsi Bakı və digər iri sənaye şəhərlərindən bölgələrə - rayonlara geri üz tutmağa başlamışdılar. İndi proses sanki dayanıb. Ən maraqlısı isə ondan ibarətdir ki, neftin yenidən bahalaşmağa başlaması ilə əlaqədar sözügedən tendensiyada cüzi də olsa əks istiqamətdə müşahidə yaranmağa başlayıb.

Sual olunur, niyə? Regionlarımızda inkişaf səviyyəsi məgər, aşağıdırmı? Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmalı olan əhali niyə muzdlu əmək dalınca şəhərə “qaçır”?! Buna səbəb nədir?

Məsələ bundadır ki, son 10-12 il ərzində regionlarımızın inkişafı məqsədilə heç də az iş görülməyib. Müxtəlif infrastrukturlar qurulub, istehsal və emal müəssisələri yaradılıb, investisiya layihələri icra edilib, məşğulluğun genişləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilib. Və bütün bunlar davam etdirilməkdədir.

Prezident İlham Əliyev hökumətin cari ilin I rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasında isə bildirdi ki, regional inkişafı istiqamətində böyük layihələr icra edilməlidir. Prezident sözügedən iclasda qeyd etdi ki, bu layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait tələb olunur. Sual yaranır ki, bu vəsait regional inkişaf üçün yetərli hesab oluna bilərmi? Sözügedən məbləğ daha çox hansı sahələrə yönəlməlidir ki, effekt versin?

Əslində, idiyədək regionlara çox vəsait qoyulub. 2004-cü ildə ölkənin sosial-iqtisadi inkişafına dair birinci Proqram qəbul olunanda məsələ qoyulmuşdu ki, Azərbaycanın regionları sürətlə inkişaf etsin. Xatırladaq ki, ondan sonra daha iki Dövlət Proqramı qəbul edilmiş və bu Proqramların əsas məqsədi, icrasında başlıca hədəf regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaratmaqdan ibarət olmuşdur ki, ümumən ölkəmizdə inkişaf hərtərəfli və dayanıqlı olsun.

Bu məqsədlə, sahibkarlığın inkişafına böyük dəstək həyata keçirilib. Belə ki, güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir ki, bu ili də nəzərə alsaq bu, 2 milyard manat təşkil edəcək. Ümumiyyətlə, Azərbaycana 200 milyard manat sərmayə qoyulub ki, bunun yarısını xarici sərmayə təşkil edib.

Cari ildə planlaşdırılan 2 milyardın bir hissəsi də dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin olunacaq. Bunun nəticəsində ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar böyük ativlik yaranmasına, yeni iş yerlərinin yaradılmasına gətirib çıxarmaqla, ixrac imkanlarımızı genişləndirəcək.



Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası həyata keçirilir. Bu, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəlməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamalıdır.

Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafının hərəkətverici qüvvəsini məhz regionlardakı mövcud iqtisadi potensildan istifadə təşkil edir ki, bunun da ilkini kənd təsərrüfatı, davamını isə turizm təsbit edir. Sonuncu iclasda da Prezident qeyd etdi ki, kənd təsərrüfatının inkişafı hökumət üçün həmişə prioritetdir və indiki şəraitdə bunun önəmi daha da artmışdır. Xatırladaq ki, I rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 % artıb. Ərzaq təhlükəsizliyi məsələsinin tam həlli məqsədlə son illər ərzində böyük işlər görülüb və bu, davam etdirilir.

Artıq xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət subsidiya verəcək. Ölkə prezidenti də qeyd etmişdir ki, baxaq, görək, bu sistem necə işləyir. Çünki bir çox ölkələrdə bu, özünü həqiqətən də doğruldub. Yəni, ölkəmiz ilk növbədə özünü öz məhsulları ilə, keyfiyyətli və təmiz məhsullarla təmin etməlidir ki, idxaldan asılılıq azalsın, valyuta ehtiyatlarımız xaricə axmasın. Fikrimcə, bütün işlər - islahatlar keyfiyyətlə görülərsə, sərf olunacaq investisiyalar kifayət edəcək.

O ki qaldı kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmalı olan əhalinin muzdlu əmək dalınca şəhərə “qaçmasına”, ölkədə kiçik və orta sahibkarlığın inkişafı mühüm vəzifə təşkil etməlidir. Bu, qeyri-neft sektorun inkişafında əsas hədəf sayılmalıdır. İnkişaf etmiş ölkələrdə ÜDM istehsalında kiçik və orta sahibkarların böyük payı vardır. Bizdə isə neçə illərdir kənd təsərrüfatına dövlət tərəfdən mühüm güzəştlər tədbiq edilsə də, müvafiq maliyyə dəstəyi göstərilsə də, kreditləşdirmə həyata keçirilsə də kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi qənaətbəxş deyil.

Son 12 ildə sahibkarlara güzəştli şərtlərlə təkrar edirik ki, 1 milyard 700 milyon manatdan çox kredit verilib. Bu, dövlət tərəfdən sahibkara, sahibkarlığa böyük dəstəkdir. Ümumiyyətlə, ölkədə dövlətin qeyd olunanlara uyğun olaraq həyata keçirdiyi maliyyə dəstəyi nəticəsində sahibkarlıq xeyli inkişaf edib və bu sahədə əhəmiyyətli nəticələr əldə edilib, hansı ki, proses yenə davam etdirilməkdədir.

Lakin təəssüf ki, tam müsbət effek əldə edildiyi haqda danışmaq çətindir. SKMF vasitələrinin daha çox regionlarda paylandığını nəzərə alsaq, üstəlik regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrini və kənd təsərrüfatının inkişafını sürətləndirmək və bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək hökumətin neçə illərdir əsas vəzifəsi sayılsa da, bölgələrimizin 80-90%-i hələ də dövlət büdcəsindən, yəni mərkəzdən asılı vəziyyətdə sayılır.

Xatırladaq ki, 2016-cı ildən Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Naftalan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edir.

Bütün bunlar da onu göstərir ki, sahibkarlığa dəstək, onun inkişafı təkcə malliyyədən asılı hesab edilməməlidir. Eyni zamanda, əlavə tədbirlər də görülməlidir. Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti