“Hər şey “Qarabağ”ın öz əlindədir” - MÜSAHİBƏ

“Hər şey “Qarabağ”ın öz əlindədir” - MÜSAHİBƏ
  31 İyul 2013    Oxunub:1623
Ölkəmizi Avropa Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası sabah üçüncü təsnifat mərhələsində ilk matçına çıxacağından yerli futbol ictimaiyyətinin bütün diqqəti “köhlən atlar”a yönəlib. Təbii ki, oyunöncəsi ağdamlılarda son durumun necə olduğu maraq doğurur.
"Gefle" ilə matçdan əvvəl bölgə təmsilçisi ilə bağlı son vəziyyəti öyrənmək üçün “Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanovla əlaqə saxladıq. Onunla söhbətimiz zamanı həm sabahkı oyun haqda, həm də digər maraqlı məsələlər barədə danışdıq.

- Ötən həftə "Pyast"la keçirilən oyun gözləniləndən çətin alındı. "Rusenborq" və "Visla" kimi komandalara qalib gəlmiş "Qarabağ"ın bu oyunda çətinliklə üzləşməsinin səbəbi nə idi?

- Əvvəlcədən qarşılaşmanın çətin keçəcəyini bilirdik. Rəqibin yaxşı komanda olduğunu Bakıdakı oyun da göstərmişdi. Amma bununla belə, üzərimizə düşən vəzifənin öhdəsindən gələ bildiyimiz üçün xoşbəxtik.

- "Gefle" ilə oyunun ərəfəsində komandada son durum necədir?

- Ötən həftənin şənbə günündən bu qarşılaşmaya hazırlaşırdıq.Fikirimcə, yaxşı hazırlıq keçmişik. Komanda daxilində atmosfer yüksəkdir. Bütün futbolçular bu matça köklənib.

- Rəqibi yaxından tanıyırsınızmı?

- Mümkün qədər yaxından tanımağa çalışmışıq. “Gefle” ilə qarşılaşacağımızın dəqiqləşməsinin ardından hazırlıqlarımızı davam etdirməklə yanaşı, rəqib haqqında da məlumat toplamaqda idik.

- İsveç təmsilçisinin üstün və zəif cəhətləri kimi nələri qeyd etmək olar?

- Rəqibin üstün cəhətləri çoxdur. Ən əsası “ikinci mərtəbə”də yaxşı oynadıqlarını və fiziki cəhətdən güclü olduqlarını deyə bilərəm.

- "Gefle"nin ilk oyundan sonra 3:0 hesabı ilə uduzduğu "Anartosis"in qapısına 4 qol vurması sizi qorxutmur ki?

- Bilirsiniz, müasir futbolda asan rəqib olmur. Ancaq heç bir komandanı da keçilməz saymaq olmaz. Odur ki, İsveç klubu ilə də oynamaq olar, amma matça yaxşı hazırlaşmaq əsas şərtdir.

- Necə düşünürsünüz, cütün favoriti kimi "Qarabağ"ı göstərmək olar?

- Yox, məncə, “Qarabağ”ı birmənalı şəkildə favorit saymaq düzgün deyil. Fikirimcə, bu qarşılaşmanın favoriti yoxdur.

- "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şansı nə qədərdir?

- Niyə də olmasın”?! Hər şey öz əlimizdədir. İnşallah, Gefle" səddini aşdıqdan sonra bu haqda düşünməyə başlayacağıq.

- Yeri gəlmişkən, komandanın son matçındakı hər iki qoluna yeni transferlər imza atdı. Yeni gələnlərin oyununu necə dəyərləndirirsiniz?

- Komandaya yeni qoşulanlar səviyyəli futbolçulardır. İnşallah, “Qarabağ”a faydalı olacaqlar.

- Yeni gələnlərdən Leroy Corcla Uliş Kapolonqo yaxşı çıxış etsə də, Nikolas Gelaşvili ümidləri doğrultmur. Bu barədə nə deyə bilərsiniz?

- Həqiqətən də Leroy və Kapolonqo komandanın gücünə güc qatmağı bacardılar. Elə Gelaşvilini də faydalı transfer saymaq olar. Düzdür, hələ ki, qol vura bilməyib, amma bununla belə, oyun ərzində meydanda çox iş gördüyünü demək olar.

- İlk oyunun Bakıda keçirilməsi komandanın əleyhinə deyil ki?

- Pirinsipcə, bunun ciddi fərqi yoxdur. Əsas odur ki, ikinci oyun üçün sərfəli nəticə qazana bilək.

- Son vaxtlar sizi meydanda görmürük. Təsadüfi deyil ki, hələ də Avroliqada debüt etməmisiniz. Bunu nə ilə əlaqələndirmək olar?

- Düzdür, hələ ki, debüt etməmişəm, amma istənilən halda, məşqçinin qərarına hörmətlə yanaşıram. Digər tərəfdən, qarşıda hələ oyunlarımız olduğundan hamının forma geymək şansı qazanacağını düşünürəm.

Azarkeşlərə son sözünüz

-“Qarabağ”ın azarkeşlərindən bizi dəstəkləmələrini istəyirəm. Sabahkı qarşılaşmada da stadionun azarkeşlər tərəfindən doldurulmasına ehtiyacımız var. Sabah bütün azarkeşlərimizə sevinc bəxş etməyə çalışacağıq.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti