Ölüm cəzası nədir: ədalətli intiqam, yoxsa amansızlıq?

Ölüm cəzası nədir: ədalətli intiqam, yoxsa amansızlıq?
  04 Sentyabr 2016    Oxunub:42193
Bəhram Çələbi
AzVision.az üçün

...Əlinizi ürəyinizin üstünə qoyub, etiraf etməlisiniz ki, dəhşətli cinayət hadisələri barədə eşidəndə beyninizdən bir fikir mütləq keçib: "Belələri-nin ikicəsi camaatın gözü qabağında güllələnsəydi, qalanı ağıllanardı”. Çoxumuz belə düşünürük. Ağsaqqalımız, ağbirçəyimiz də, cavanımız da. Və burda qətiyyən qəribə bir şey yoxdur. Çünki elə cinayətlər var ki, adam onların barəsində eşidəndə damarlarında qanı donur.

Dünyanın müxtəlif ölkələrində əhalinin əksəriyyəti ölüm cəzasını hələ də müdafiə edir. Türkiyədə 15 iyul hadisələrindən sonra edam cəzasının bərpasına açıq çağırışlar səsləndi. Belələrini qınamalıyıq, yoxsa başa düşməyə çalışmalıyıq? Ümumiyyətlə, ölüm cəzası nədir: Xeyirdir, yoxsa şər?

Nədir ölüm cəzası?

Edam ədalətli intiqam aktıdırmı? Ölüm cəzasını bütün bəlalardan çıxış yolu saymaq olarmı? Bu cəza dünyada cinayətin qabağını nə vaxtsa ala bilibmi? Hər hansı bir, qoy, lap ən murdar əmələ görə ölüm cəzası tələb edən şəxs, görəsən, heç düşünübmü ki, bu cəzaya məhkum olanlar, hökmü icra edənlər hansı hissləri keçirirlər?


...Ölüm cəzası probleminə tarixi aspektdən yanaşanda bir şeyin şahidi oluruq. Cəmiyyətdə bu cəzaya ikili münasibət həmişə olub. Cəzanın bu növünə iki cür yanaşanlar mütləq bir-birləri ilə mübahisə, hətta mübarizə də aparıblar. Bu mübahisə hələ qədim Yunanıstanda da var idi. Pelopennes müharibəsində, Lesbos adasında yerləşən Mitilena şəhəri Afinaya qarşı qiyama qalxaraq düşmənin tərəfinə keçmişdi. Qəzəblənmiş afinalılar Mitilena şəhərini tutandan sonra oranın bütün camaatını cəzalandırmaq, kişi əhalisini qətlə yetirib, qadın və uşaqları qul bazarında satmaq qərarına gəlirlər.

Afinanın Xalq məclisində şəhər əhalisinin taleyi müzakirə ediləndə əməlli-başlı mübahisəli vəziyyət yaranır. Afinalı natiq Kleon ölüm cəzasını müdafiə edərək bu addımın ədalətli intiqam aktı olduğunu söyləyir və şəhər əhalisinin ölüm cəzasına məhkum olunmasını tələb eləyir. Digər natiq Diodot isə məsələyə başqa cür yanaşır. O, deyir: "İnsanlar mahiyyət etibarilə qadağan olunmuş hərəkətlərə meyllidirlər. Və heç bir qanun onları bu yoldan daşındıra bilməz. Dövlət aparatı qanunsuzluqlara son qoymaq üçün öz reaksiyasını zaman-zaman sərtləşdirir. Amma bunların heç biri gözlənilən faydanı vermir. İnsanı bağışlamağın cəzalandırmaqdan daha böyük tərbiyəvi əhəmiyyəti var..."

Yunan tarixçisi Fukididin əsərində öz əksini tapmış bu mübahisənin 2500 il tarixi olduğu məlumdur. Deməli, cəzanın insanı bəd əməllərdən daşındırmaqda uğurlu addım olması hələ o zamanlardan şübhə altına alınırdı.

O ki, qaldı yuxarıda qeyd etdiyim mübahisənin nəticəsinə, deməliyəm ki, Afinanın Xalq məclisi Mitilena şəhərinin bütün kişi əhalisinin qətlinə deyil, onların nicatına səs verdi. Müdrik afinalılar məqbul saydıqları qərarı qəbul etdilər. Amma onların bu problemə yanaşmaları sonralar heç də hər yerdə müdriklik əlaməti kimi qəbul edilmədi. Tarixin sonrakı dövrlərində humanist dünyagörüşünün məğlubiyyətinə misal ola biləcək yüz minlərlə qanlı faciələr, misilsiz qəddarlıqlar baş verdi.

Alimlər yazırlar ki, ölüm cəzasının əcdadı qan intiqamı sayılır. Bütün xalqlar öz tarixlərinin ilkin dövrlərində bu yolu keçiblər. Qədim Roma məktəbliləri qanunları əzbər bilirdilər. Lakin müasir həyat o vaxta nisbətən qat-qat mürəkkəbdir və bu qanunları yalnız kompüterlər, elektron hesablayıcı maşınlar yadda saxlaya bilər.



Müasir məktəblərdə nədənsə hüquq elmindən dərs keçmirlər. Bir neçə əsr bundan əvvəl Fransa kralı Fransisk məşhur bir ifadə işlətmişdi: “Qoy dünya dağılsın, amma qanun, ədalət qələbə çalsın”. Qanun qələbə çalarsa, dünya dağılmaz. 3700 il bundan əvvəl yazılmış babilistan çarı Xammurapi qanunları hüququn başlanğıcı sayılır: “Başqasının əmlakına vurulan hər hansı bir ziyan mütləq ödənilməlidir. Əgər müqəssirin vəsaiti yoxdursa, onun əmlakı satılmalıdır. Əlakı da yoxdursa onun özü satılmaıdır. Həmin gündən o artıq insan deyil, qul sahibinin əmlakıdır, Qul - əmlakdır və kimsə onu yaralasa, öldürsə pul, yaxud başqa şeylə əvəzini ödəməlidir”.

Bu qanunlarda oğurluğa qarşı xüsusi amansızlıq duyulur. Kəndlinin mal-qarasını oğurlayan adam on qat əvəzini verməlidir. Oğuluq saraydan, yaxud məbəddən edilibsə, cərimə otuz qat alınırdı. Əgər oğrunun cərimə ödəməyə bir şeyi yoxdursa – edam olunmalıdır.

Göz əvəzinə göz, diş əvəzinə diş – Hammurapi qanunlarının hüquq norması sayılırdı. Pis təhşir edən cərrahın barmaqları kəsilməli, ev uçarkən ev sahibi ölürdüsə, usta ölümə məhkum edilirdi. Ev sahibinin övladı həyatını itirirdisə, ustanın övladı edam edilirdi. İlk xırda oğurluqda oğrunun iki barmağı kəsilirdi. İkinci dəfə oğurluqda onun əllərini və ayaqlarını ksirdilər. Üçüncü dəfə isə edam olunurdu. Əgər cəza olmasaydı, güclülər zəifləri şişə keçirilmiş balıq kimi qızardardılar.

Romanın cinayət hüquqları Hammurapi qanunlarına nisbətən daha kamildir. Orada bildirilirdi ki, ölüm qəsdən, ehtiyatsızlıq üzündən və təsadüfi ola bilər.

“Karolina” – Almaniyanın cinayət məcəlləsidir. 16-cı əsrdə yaradılan bu məcəllənin müəllifi böyük səxavətlə ölüm hökmlərini qeyd edir: Odda yandırılsın, şaqqalansın, çarmıxa çəkilsin, diri-diri torpağa basdırılsın, suda boğulsun.... Romalılar və fransızlardan fərqli olaraq burada ən qatı cinayət – ailə xəyanəti sayılırdı. Buna görə kişiləri şaqqalayır, qadınları suda boğurdular. Əgər xəyanət ölkəyə, şəhərə, öz ağasına aşağılıq gətirirdisə, günahkar ölümünü ata bağlanıb süründürməklə, yaxud əzaları kəlbətinlə parçalanmaqla alırdı.

Rusiya dövlətinin tarixində ilk dəfə 1398-ci ildə "Dvin qramotası"nda ölüm czasına rast gəlmək olar. Moskva knyazı Vasili Dmitriyeviç tərəfindən hazırlanmış bu sənəddə ölüm cəzası yalnız bir halda verilirdi - üçüncü oğurluqdan sonra. Görünür, üç dəfə oğurluq etmiş şəxsin mütləq dördüncü oğurluğa da əl atacağı artıq şübhə doğurmurdu. Maraqlıdır ki, həmin qramotada qətl törətməyə görə ölüm cəzası nəzərdə tutulmurdu...

Alimlər yazırlar ki, Rusiya qanunvericiliyinə ölüm cəzası Bizansdan gəlib. Rusiyanın xristianlığı qəbul etməsi ilə Bizansın təsiri güclənirdi. Yunan yepiskopları knyaz Vladimirdən israrla xahiş edirdilər ki, Roma-Bizans cəza sistemini də götürsün. Bu sistemə əsasən oğurluq, quldurluq əməllərinə görə ölüm cəzası nəzərdə tutulurdu. Knyaz Vladimir isə "Günahdan qorxuram" deyib bundan boyun qaçırırdı.

Bizansın qanunlarına görə ölüm cəzası bir çox cinayətlərdə kəsilə bilərdi. Məsələn, imperiya və imperator əleyhinə sui-qəsddə günahkar şəxs mütləq qətlə yetirilirdi. Qızların və qadınların zorlanmasında da bu cəza nəzərdə tutulurdu. Bundan savayı düşmən tərəfindən göndərilmiş kəşfiyyatçılar, kilsədən oğurluq edənlər, insanları öldürmək üçün zəhərli maddə hazırlayanlar da ölüm cəzasına məhkum edilirdi. Bu cəzadan əsas etibari-lə dövlət və din əleyhinə cinayətlərdə istifadə edirdilər.

1497-ci ildə, 1550-ci ildə yeni qanunlar qəbul edildi. Getdikcə ölüm cəza-sının tətbiqi genişlənirdi. Məsələn, dördüncü İvan zamanı qəbul edilmiş qanunlarda hətta ilk dəfə oğurluq etmiş şəxs hadisə yerində tutulurdusa və yaxud işgəncə nəticəsində hərəkətini boynuna alırdısa, ölüm cəzası nəzərdə tutulurdu. Eləcə də, ikinji oğurluğa və ikinci fırıldaqçılığa görə, quldurluğa, satqınlığa görə, öz ağasını öldürməyə görə, kilsədən oğurluğa görə və bir çox başqa hallarda artıq ölüm cəzası adi bir şey idi.



Bir məsələyə də diqqət yetirmək lazımdır ki, 1550-ci ilin Sudebniki artıq ədliyyə məsələlərinə sinfi nöqteyi-nəzərdən yanaşırdı. Eyni cinayətə görə əgər kəndlini asırdılarsa, boyar uşaqlarını yalnız şallaqlamaqla kifayətlənirdilər.

İvan Qroznının zamanında o, boyarları qorxutmaq üçün tez-tez ölüm cəzası tətbiq edirdi. Bu dəhşətli cəza onun zamanında son dərəcə adiləşmişdi. Moskvada "Lobnoe mesto" deyilən yüksəklikdə kütləvi ölüm cəzaları ijra edilirdi. Boyarlar da bu dəhşətlərdən yaxalarını qurtara bilmirdilər. Çox vaxt satqınlıqda şübhəli bilinən boyarı zindanda dəhşətli işgəncələrə məruz qoyaraq onun etirafına nail olurdular. Bundan sonra müttəhim "Lobnoe mesto"ya çıxıb “Spassk darvazası” ağzında dua edir, dörd bir tərəfdə dayanmış tamaşaçılara baş əyərək, üzr istəyir, sonra isə öldürülürdü.

Burada dar ağacları qurulmuş, cadugərləri yandırmaq üçün tirlər basdırılmışdı. "Lobnoe mesto"da ərinə naxələflik etmiş qadınları diri-diri torpağa basdırır, paza oturdur, şaqqalayırdılar. Və bütün bunlar kütlənin gözü qabağında baş verirdi. Çarın ən yaxın adamları - Malyuta Skuratov və knyaz Çerkasski ağalarının xoşuna gəlmək üçün tez-tez cəllad rolunda çıxış edərək siyasi rəqiblərinin boğazını üzürdülər.

Bu qətlləri müşahidə edən xalq isə heç bir etraz əlaməti göstərmirdi. Görünür, artıq Rusiya ölüm cəzalarına tam alışmışdı. Və hətta artıq bütün bunları əylənjənin bir növü kimi qəbul edirdi. Əgər belə olmasaydı, son dərəjə alçaq adam olan, olmazın cinayətlər törətmiş İvan Qroznı düz qırx il öz taxtında otura bilməzdi. Tarixçilər bu qanlı tirana qarşı təşkil olunmuş heç bir müqavimət hərəkəti aşkar edə bilməyiblər.

İvan Qroznının bəzi qurbanları aldıqları bütün işgəncələrə baxmayaraq, "Lobnoe mesto"da görünməmiş mətanət nümayiş etdirmişdilər. Məsələn, knyaz Repnin paza oturdulmasına baxmayaraq, öz çarını vəsf etməkdən ölənə kimi əl çəkməyibmiş.

Rusiya tarixində daha bir belə hadisə yaşanıb. Həmin gündən dörd yüz il sonra tanınmış Sovet sərkərdəsi Yakir şərlənərək güllələnməyə aparılarkən "Yaşasın Stalin!" deyə bağırmışdı. O da knyaz Repnin kimi öz qatilinin aşiqi idi.

Lakin İvan Qroznı zamanında qətlə yetirilmiş insanların sayını çox vaxt nəhayətsiz dərəcədə şişirdirlər. Tarixçilərdən biri yazırdı ki, Novqorodun könüllü müdafiə dəstələrini darmadağın edərkən 60 min adamı qətlə yetirmişdilər. Bu məlumat ən azı iyirmi dəfə şişirdilib. Sonrakı araşdırmalar göstərirdi ki, Malyuta Skuratovun Novqoroda cəza yürüşü cəmi ikiüç min şəhərlinin qətli ilə nətijələnmişdi. Ümumiyyətlə, opriçnina dövründəki kütləvi terror təxminən dörd min insanın həyatını əlindən almışdı.

(Ardı var)


Teqlər:  





Xəbər lenti