Taekvandoçumuz qızıl medal qazanıb
Həlledici qarşılaşmada bu il dünya çempionatında məğlubiyyətə uğratdığı ispaniyalı Raul Martinez Qarsiya ilə üz-üzə gələn Milad 6-3 hesablı qələbə sayəsində Universiadanın qalibi olub.
Azərbaycan taekvandoçusunun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Bugünkü mübarizədə üç taekvandoçumuz isə medal qazana bilməyib. Kişilərin 58 kiloqram çəki dərəcəsində mübarizəsində Əli Məmmədov tailandlı rəqibi Tavin Hanprabla, qadınların yarışında Fəridə Əzizova (67 kq) Koreya Respublikasından olan Yandi Kimlə, daha bir qadın taekvandoçumuz Safiyə Polat (49 kq) isə türkiyəli İpek Çidemlə döyüşdə uduzublar.
Qeyd edək ki, yarış “G2” kateqoriyalı olduğundan birinci, ikinci və üçüncü yeri tutan idmançılar, müvafiq olaraq 20, 12 və 7,2 reytinq xalı qazanırlar.
Xatırladaq ki, Azərbaycan yarışda 12 taekvandoçu ilə təmsil olunur. Avqustun 22-də dayanq üzərinə çıxan idmançımız Ayxan Tağızadə yalnız finalda məğlub olaraq Universiadanın gümüş medalını əldə edib. Yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) və qadın idmançımız Yaprak Eriş (57 kq) isə yarışda mübarizəni dayandırıblar.
AzVision.az
Teqlər: Taekvando