Xoşbəxt Yusifzadənin bacanağı: “Ona hələ də “siz” deyə müraciət edirəm” - FOTOLAR+VİDEO

Xoşbəxt Yusifzadənin bacanağı: “Ona hələ də “siz” deyə müraciət edirəm” - FOTOLAR+VİDEO
  17 Oktyabr 2018    Oxunub:30097
"Hansı quyudan neft çıxacağını onurğa sütununun iliyi ilə hiss edir..."

AzVision.az növbəti müsahibi Oqtay Novruzbəylidir. O, 20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin atası, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusfzadənin yaxın qohumudur.
- Oqtay bəy, Xoşbəxt Yusifzadə sizin nəyinizdir?

- Xoşbəxt mənim bacanağımdır. Səkkiz bacıdan ən kiçiyi mənim yoldaşımdır.

- Neçənci illərdən Xoşbəxt müəllimi tanıyırsınız?

- 1964-cü ildə ailə həyatı qurmuşam. Qohum olmamışdan qabaq da Xoşbəxt müəllimi neftçi-geolog kimi tanıyırdım. Ancaq o, məni tanımırdı. Onda hələ bilmirdim ki, millət üçün nə dərəcədə gərəkli insandır.



- Onu daha çox xidmətlərinə görə tanıyırlar. Bəs, qohum kimi necə insandır?

- Ona və digər bacanaqlarıma həmişə hörmətlə yanaşmışam. Xoşbəxt müəllimi böyüyümüz hesab etmişik. Təsəvvür edin ki, mənim 79 yaşım var, ancaq indiyə kimi Xoşbəxt müəllimə “sən” deyə müraciət etməmişəm. İndi də ona "siz", "müəllim" deyə müraciət edirəm. Çox gözəl insandır. Qohumum olduğu üçün demirəm. İşdə ona necə hörmət edirlərsə, ailəsində də, qohumlar arasında da bu cür hörmət görür. Onunla oturub söhbət edəndə hiss etmirsən ki, qüdrətli elmə sahib olan bir insanla danışırsan. Elə hesab edirsən ki, sənə yaxın qohum və ya qonşudur. Heç vaxt özünü yuxarıdan aparmaz.



- Xoşbəxt müəllim necə xarakterə sahibdir?

- O, sənə lazım olan köməyi öz büdcəsindən kəsib edər ki, dar gündə qalmayasan. Məsələn, mən əməliyyat olundum, bir müddət xəstəxanada yatdım. Xoşbəxt müəllim qardaşın–qardaşa etmədiyini mənim üçün etdi. Çox narahat olurdu, hər gün zəng etmək öz yerində, durub yanıma da gəlirdi, həkimlərlə söhbət edirdi, vəziyyəti öyrənirdi. Nə lazımdırsa, kömək edirdi. Elə bil, çətin vaxtında dağa söykənirsən. Uzun müddət danışmaya, bir-birimizdən xəbərimiz olmaya bilər, ancaq dara düşəndə əlimdən tutan birinci insandır.

- Görüşəndə elmi araşdırmalarından, işlərindən söhbət açırmı?

- Yox, elmi araşdırmalarından danışmır. Deyir, işdə bu barədə o qədər söhbət edirik ki, indi başqa şeydən danışaq. Yaman çox lətifə sevən adamdır. Hər sözünə bir lətifə ilə misal çəkər.



- Yadınızda hansı lətifəsi qalıb?

- Ondan bir dəfə soruşublar: "sən necə bilirsən, bu quyunu harada qazmaq lazımdır ki, oradan neft çıxsın. Başqaları bir neçə yerdən istifadə edir, o da çıxa, ya çıxmaya. Sən isə deyirsən, burada qazsanız, neft olacaq və olur da". Xoşbəxt müəllim onlara misal çəkib. Deyib ki, xarici ölkələrdən birinə 3 sovet vətəndaşı gedib. O vaxtı həmin ölkələrdə stripsiz göstərilməsi azad imiş, sovet ölkələrində isə belə şey yox idi. Ora gedən nümayəndələr özlərini saxlaya bilməyiblər. Deyiblər, gəlin biz də gedib baxaq. Onların arasında biri gürcü olub. Fikirləşiblər ki, sovet hökuməti bunu bilsə, onları cəzalandıracaq. 3 nəfərdən biri deyib ki, gəlin belə edək, biz həm iştirak edək, həm də etməyək. O biriləri soruşublar ki, bu necə olur? Deyib, üzümüzü çevirək, qızlar da arxada striptiz göstərsinlər. Bu, həm iştirak etmək, həm də etməməkdir. Belə də edirlər. Müəyyən bir məqamda gürcü deyir ki, "спинным мозгом чувствую блондинка" (Onurğa sütunumla hiss edirəm ki, sarışındır) .

Xoşbəxt müəllim bu lətifəni onlara danışıb və əlavə edib ki, o da hansı quyudan neft çıxacağını onurğa sütununun iliyi ilə hiss edir. Bundan sonra xeyli gülüblər.



-Yəqin, evindəki kitabxana ilə tanış olmusunuz. Daha çox nələrlə maraqlanır?

- Elmi kitablardan ibarət zəngin kitabxanası var. Ədəbiyyata meyillidir. Rus və xarici ədəbiyyatı mütaliə edir. Rəşid Behbudovun mahnılarını, xüsusən, neftçilərə həsr olunan mahnını sevir. Həmçinin futbola da marağı var, “Neftçi”yə azarkeşlik edir. Onunla bir o qədər də yoldaşlıq etməmişəm, anacaq qohumluğum, hörmətim olub.

- Xoşbəxt müəllim sizinlə əlaqə saxlayırmı?

- O, heç vaxt məni tək buraxmayıb. Yoldaşım sağ olanda da, rəhmətə gedəndən sonra da biz onun qayğısını görmüşük. İndi yoldaşım yoxdur, buna baxmayaraq, məni həmişə nəzərdə tuturlar. Ona ara-sıra zəng edirəm. Daha çox yoldaşı Fəridə xanımla danışıram. Mən hələ də Xoşbəxt müəllimlə aramızdakı məsafəni saxlayıram. Onu işindən ayırmaq istəmirəm. Axşam işdən gəlir, istirahətin edir, ondan sonra zəng edə bilərəm. Əsasən bayram və Neftçilər günündə zəng edirəm. Pirşağıda bizim məzarlığımız var. Onun iki oğlu, anası, bacısı orada dəfn olunub. Mən hər dəfə ora gedəndə onların məzarlarına baş çəkməyi özümə borc bilirəm.



- Ailəsindən onun yolunu kim davam etdirir?

- Xoşbəxt müəllimin iki oğlu olub. Birinin adı Elçin idi. 7 yaşı olmamış xəstəlikdən dünyasını dəyişib. Digər oğlu Bağı isə neft sahəsində işləyirdi. Xoşbəxt müəllim ona atasının adını vermişdi. Atası da çox xeyirxah insan olub. Əl tutan, yetimə kömək edən adam olduğunu eşitmişəm. Görünür, Xoşbəxt müəllimdəki səxavət ona atasından keçib. Ancaq iş elə gətirdi ki, atasının adını daşıyan oğlu da qəfildən dünyasını dəyişdi. Bu, ailəyə böyük mənəvi zərbə oldu. İndi bir qızı var, ailəsi ilə birgə xaricdə yaşayır. Bir uşaq anasıdır.





Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Xoşbəxt-Yusifzadə  





Xəbər lenti