Mircəfər Bağırovdan qaçan xalq artisti: “Atam vəzifədə işləyirdi, yaxşı pulu var idi” - (MÜSAHİBƏ)
- Əslən İçərişəhərliyik, ailədə 5 qardaş olmuşuq, ən böyüyümüz Arif, ən balacamız isə Azər qardaşım idi. İndi hər ikisi rəhmətə gedib. İstəyirəm söhbətimizə uşaqlığımla bağlı bir xatirəni danışmaqla başlayım. Deməli, 1942-ci il idi, iki yaşımda gözlərim möhkəm ağrayırdı. Həmin illər çox uşağın gözü ağrayırdı. Elə bir zaman idi ki, həkim də çatışmırdı. Ancaq atam vəzifədə işləyirdi, yaxşı pulu var idi. Məni ən savadlı həkimlərə göstərirdi, lakin gözlərim düzəlmirdi. İçərişəhərdə dindarlar çox idi. Onlar anama deyiblər ki, “ay Səriyyə xanım, uşağı Mir Mövsüm Ağanın yanına apar”. O, bizim üçün ən müqəddəs şəxsiyyət idi. Atam anama deyib, “nə badə sən o qapıya gedəsən”. Çünki KQB ağanın evini gözaltında saxlayırdı. Kim ora gedirdisə, tutub içəri basırdılar, sürgün edirdilər. Anam özü də dindar, çarşabda gəzən qadın idi. O, Mir Mövsüm Ağanın böyük bacısı ilə danışır və qərara gəlirlər ki, məni ora gecə aparsın. Gecənin bir aləmi məni ədyala bürüyüb İçərişəhərin dar küçələri ilə gedir. Halbu ki, ağanın evi İçərişəhərin ən geniş küçəsində idi. Mən də uşağam, qanmıram, möhkəm ağlayıram. Evə daxil olduq, gördük ki, o, yatıb. Məni ağlaya- ağlaya məcbur etdilər ki, onun əlini öpüm. İki gecə bu minvalla biz onlara getdik. Heç bir ay keçməmiş gözlərim sağaldı. Qohumlar həmişə deyirdilər ki, “ay Vasif, sən çox yaşayacağsan. Ağadan sənə enerji keçib”. Belə də oldu, 78-i keçmişəm, inanıram və Allaha dua edirəm ki, hələ 5-6 il də yaşayacağam.
-Vasif müəllim, eşitmişəm Mircəfər Bağırovla ünsiyyətdə olmusunuz? Bu doğrudurmu?
- Mən uşaq olanda Mircəfər Bağrovla toqquşmuşam. Qəflətən olmuşdu. İkinci sinifdə oxuyurdum, dərsdən çıxıb uşaqlarla birgə Filarmoniyanın yanından Niyazi küçəsi ilə qaçırdıq. Filarmoniyanın tinində onunla toqquşdum, bu an isə “çernil” qabım sındı. Mircəfər Bağırovun üstü batdı. Həmin səhnə hələ də yadımdadır. Məni qolumdan tutub saxlayıblar, mən də ağlayıram. Mircəfər dedi ağlama oğlum, niyə ağlayırsan? Adımı soruşdu, əvvəlcə “cüllüt” dedim, sonra isə əsil adımın Vasif Babayev olduğunu bildirdim. Harada yaşamağımla maraqlandı. İçərişəhərdə yaşadığımı, Hacıağanın oğlu olduğumu öyrəndi. Dedi, Əliağa adında əmin var? Mən də sevincək dedim, “hə”, düşündüm ki, əmimi tanıyırsa, tez buraxar. Dedi, get evə, oğlum, qaçma, yıxılarsan, başımı da tumarladı. Ağalaya- ağlaya evə gəldim. Anam dedi,“ ədə, səni yenə də döyüblər. Bu gün səni evə qoymayacağam, get, cavablarını ver, gəl”. Evə girib Cəfər Cabbarlının şəklini göstərib onunla toqquşduğumu dedim. Arif dedi, “ədə, sən nə danışırsan, bu çoxdan ölüb”. Sonra o biri otaqda Mircəfər Bağırovun divardan asılmış şəklini göstərib onunla toqquşduğumu əminliklə bildirdim. Birdən qonşu da gəldi ki, “Səriyyə xanım, oğlun nəsə etmişdi, hamı ərafına yığışmışdı”. Anam atama tez zəng etdi ki, evə gəl. Atama ağlaya- ağlaya əhvalatı danışdım. O da bundan sonra tez əmim Əliağaya zəng etdi. Əmim müharibə vaxtı katib olub, Mircəfərin əlinin altında işləyib. Atam və əmim iki ay qorxudan evdə gecələmədilər. Hər gün işə gedirdilər, ancaq evə gəlmirdilər. O illər heç kimi işdən aparmırdılar, ancaq evdən aparırdılar. Şükürlər olsun ki, Mircəfər onlara toxunmadı. Plenium iclaslarından birində o, Əliağanı çağırıb, deyib: "Sən bilirsən ki, mən sənin qardaşın oğlu ilə tanış olmuşam?". Əmim də cavabında deyib, "Bəli, ağa". Mircəfər dalınca bildirib, “Gözəl oğlandı ha”. Ondan sonra əmimgil evə qayıdıblar ki, təhlükə sovuşdu deyə.
- Böyük qardaşınız Arif Babayev haqqında ayrıca söhbət edəcəyik. Digər qardaşlarınız, Akif və Xose Diasdan danışaq. Onlarla bağlı da maraqlı məqamlar az deyil...
- Qardaşlarımdan birinin adı Xose Dias olub. Çox ekzotik addır. Atam o adı İspaniya Kommunist Partiyasının sədri Xose Diasın şərəfinə qoyub. Belə ki, həmin partiyanın 25 üzvü 1937-ci ildə Stalinin dəvəti ilə Sovet İttifaqına gəliblər. Geri qayıdanda təyyarələri göydə partlayıb, hamısı həlak olub. Atam da partiya üzvü idi, buna görə də həmin ildə anadan olan qardaşıma Xose Dias adını verib. Digər qardaşım Akif isə 1932-ci ildə anadan olub. Diasdan böyük, Arifdən kiçik idi. Dövlət işində, uzaq mənzillərə, rayonlarımıza yük daşınması ilə bağlı sürücü işləyirdi. Hətta İran sərhəddinə qədər gedib Astaraya da mal aparıb gətirirdi. Hərdən bir məni də özü ilə aparırdı.
Deməli, Arif “Uşaqlığın son gecəsi” filminin çəkilişlərinə hazırlaşırdı. Arada zarafatla deyirdi ki, “Ay Akif, mən səni kinoya çəkəcəyəm, artist olacaqsan”. O da deyərdi, "Ədə, ged işinin dalınca, zarafat etmə mənimlə”. Həmin filmdəki “Davud”(Fontamaz) qardaşımın prototipidir. Akif də Davud kimi lotu-potu oğlan idi. Çoxlu göyərçin saxlayırdı. İçərişəhərdə çox məşhur idi. Filmdəki motosikleti də bizim həyətdən götürmüşdü. Belə ki, İkinci Dünya Müharibə bitəndən sonra bir rus hərbiçi həyətimizdə kirayənşin kimi yaşayıb. O, 1946-cı ildə Rostovdan gələrkən özü ilə həmin motosikileti də gətirmişdi. Arif də onu filmdə çəkib. Kino ekrana çıxandan sonra tanışların hamısı görür ki, bu Davud eynən Akifdir. Lotuluğu, geyimi, danışığı, papağı eynən onu xatırladır. Bundan sonra iki qardaş arasında böyük dava, narazılıq düşür. Hamı Akifə filmdəki sözə uyğun “Fontamaz” deyir. Akif də çox dilxor olub, Ariflə aylarla danışmayıb. Buna görə də Arif Şirvanşahların yanındakı mülkümüzü tərk edib, 12 il şəhərin müxtəlif yerlərində kirayənişin olub. Çox sonralar onlar barışıblar.
-Xatirənizdə İçərişəhərlə, Arif bəyin gəncliyi, sizin uşaqlığınızla bağlı nələr qalıb ?
- O qədər xatirələr var ki. İçərişəhərin 4-5 yerində darvazaları var idi, indi də var. Ancaq çox qapalı şəhər olub. Oranın tərbiyəsi Azərbaycanın başqa şəhərlərindən, rayonlarından seçilirdi. Heç kim özündən böyüyün yanında siqaret çəkməzdi. Yaxud hansısa qız yad bir oğlanla İçərişəhərə girə bilməzdi. Məhlə uşaqları görsəydilər ki, qız qudurub, oğlanla gəlir, mütləq oğlana xəbərdarlıq edərdilər. O qorxusundan bir də gəlməzdi. Ancaq qızlar da etməzdilər, qeyrətli idilər. Maksiumum İçərişəhərə, Qalaqapısına qədər bir yerdə gələrdilər.
- Arif bəy və ya siz özünüz qədeşlər kimi İçərişəhərin tinində dayanırdınızmı?
- Yadıma bir əhvalat düşdü. Deməli, bir dəfə Arif televiziyada çalışan vaxtı işə tələsir, getməlidir. Ancaq tində də, E. Quliyevin “Bir cənub şəhəri”ndə və “Uşaqlığın son gecəsi” filmlərindəki kimi 4-5 nəfər cayıl dayanıb. Onlar bunu görsə, Arif gərək onlara yaxınlaşsın, söhbətləşsin, bu məhlə içi qanundur da. Oda işə tələsirdi axı. Mən də uşağam, Arif məni buyururdu ki, ay Vasif, get, gör onlar orada dayanıblar? Mən də gəlib deyirdim, hə. Deyinirdi ki, mən tələsirəm, axı. Bir az keçirdi, Azər qardaşımı göndərirdi . O da gələrdi ki, hə lotular hələ də dayanıblar. Deyirdi, “mən neyniyim axı?!”. Baxma da Arif ziyalı, onlar da lotufason idilər... Dama çıxardı, Şirvaşahlar sarayının binasının qabağından İçərişəhər metrosuna qədər “dam- damı” gedərdi. İçərişəhərdə belə adət var idi ki, işdən gəlib çay - çörəklərini yedikdən sonra hamı bayıra çıxardı. Tində durub siqaret çəkərdilər, oradan -buradan söhbətlər edərdilər.
- Vaqif Mustafazadə ilə dostluğunuzdan, tanışlığınızdan danışmanızı istəyərdim.
- Vaqiflə 12 yaşımda tanış olmuşam. O, İçərişəhərin lap aşağı küçəsində yaşayırdı. Tanışlığımıza səbəb isə qardaşım Arif olmuşdu. O, bir dəfə mənə dedi, “ədə, nə veyillənirsən bu küçələrdə, “Pionerlər və məktəblilər”parkına gəl, orada yaxşı rəqslər olacaq”. O parkda müəllimlər bal rəqslərini-“Krakovyak”ı, “Mazurka”nı,”Polka”nı öyrədirdilər. 12-15 yaşlı uşaqlar yığılırdı. Mən də bir- iki gün getdim. Orada bir oğlanla tanış oldum. Anası oturacaqda əyləşərdi, oğlu da qızlarla rəqs edərdi. İkimizin də 12 yaşı var idi. Bu həmin oğlan Vaqif Mustafazadə idi. Vaqifin evinə ancaq anası Zivər xanım olmayanda gedərdim. Çünki o qadın, evdə olanda heç kimi qoymazdı. Deyərdi, mane olursunuz, o, məşq edir. Zivər xanım pianinoda muğam ustası olub. Vaqif də cazda muğamı , öz janrını oradan götürüb. Sonralar dostluğumuz davam etdi. Əzizə Mustafazadə mənim gözümün qarşısında böyüyüb. Həyat yoldaşı Elza xanımla da yaxın idik, Əzizə isə mənə həmişə “Dyadya Vasif”deyərdi. Mənim qardaşm Akif maşınını rayonlara sürəndə onun göyərçinlərinə baxırdım. Vaqif də gəlib yanımda saatlarla oturub göyərçinlərə tamaşa edərdi.
Yadıma Vaqiflə birgə Kislovodskda həbs olunmağımız düşdü. Vaqif anası ilə birgə Kislovodska getmişdi. Gedəndə də dedi ki, Vasif, mən hər gün saat 11 –də “Kollonada” parkının girişində dayanıb gözləyəcəm. Elə oldu ki,10 gündən sonra mən dostum Eldar İdayətzadə ilə Kislovodska getdim. Qatardan düşdükdən sonra həmin parka getdik. Uzaqdan Vaqifin dayanıb gözlədiyni gördük, tez şəklini çəkdik. 5 nəfər Bakılı görüşüb “Xram vozdux”a yeyib- içməyə getdik. 21 yaşımız var idi, institutda oxuyurdum. Nəsə yeyib- içməkdə kənar adamlarla problemimiz oldu. Bizdən 3 nəfəri tutub apardılar. Uşaqlardan biri yolda qaçıb getdi, Vaqifi anası çıxartdı, mən qaldım. Mənə 15 sutka verdilər. 5 gündən sonra Arif AzTVdəki məşhur jurnalist Nina Yarovaya ilə birgə Kislovodska gəldi. 5 gün qaldı, ancaq məni buraxdıra bilmədi, 15 gün yatıb çıxdım. Sizə bir sirri açım. Onda həyat yoldaşım Afət xanımla tələbə yoldaşı idik və yaxınlığımız var idi. O da Kislovodskda dayısı qızının ailəsi ilə həmin vaxt istiarhətdə idi. Ona zəng etdim ki, bəs belə iş gəlib başıma. Dedi, sən burada neyniyirsən? Hər gün gəlib rüşvət verib məni oradan çıxardırdı. Gün ərzində gəzirdik, axşamlar isə həbsxanaya qayıdırdım.
- Deyirlər, Arif Babayev çox həlim insan olub, necə xasiyyəti var idi?
-Arif insan kimi çox fağır, saf adam olub. Ziyalı, oxuyan, yazan idi. Hələ məktəbli olarkən caz turbası, pianino çalırdı. Yaxşı şeir deməyi bacarırdı. 7-ci sinifi bitirən kimi teatr texnikomuna getdi. O vaxtı məktəbi bitirəndə təntənəli gecələr keçirirdilər. Anama, atama deyib ki, məktəbimizə gəlin, bizdə yığıncaq olacaq. Onlar da həmin təntənəli gecədə iştirak edirlər. Arif şeir deyir, caz turbası çalır, hamı onu alqışlayır. Ondan sonra valideyinlərim başa düşürlər ki, Arif ancaq incəsənətlə məşğul olacaq. Caz musiqisinə həvəsi var idi. Həmin hərbiçi qonşumuz müharibədən qalma hərbi qənimət olan alman “Telefunkin” firmasının priyomnikini gətirmişdi. Gecələr “Amerikanın səsi”nə, “BBC”yə qulaq asardı. Onda qərb yönümlülük, qərbə məhəbbət var idi. Vaqif də, mən də qardaşımıza baxıb dama- dama pencək, yaşıl şalvar geyərdik. Xarici malları geyinməyi sevərdik. Bizlərə “stilyaqa”lar deyərdilər. Şəkilli qalstuklar, rəngli köynəklərdən istifadə edərdik.
- Rejissorluğa məhəbbət yəqin ki, qardaşınızdan keçib.
- Mənim ilk işim fəhləlik olub. İçərişəhərdə, Şirvaşahar sarayının həyətində hamamlar var idi, onlar torpağın altında qalmışdılar, üstlərində ağac bitmişdi. 1958-də o ağacları kəsib hamamı üzə çıxarmağa başladılar. Təxminən 20 nəfər fəhlə yer qazırdı. Onda atam rəhmətə getmişdi, anam xəstə idi. Mən də onlara qoşulub işlədim. Cavan uşaq idim. Yaxşı pul alırdıq. Nəhayət ki, o hamamları yerin altından çıxartdıq və onunla bu gün də fəxr edirəm ki, o hamamın üzə çıxmasında dostalarımın və mənim rolum olub. O hamamlar Miniatür Kitablar Muzeyi ilə üzbəüz yerləşir.
Rejissor olmağımın isə ayrıca tarixçəsi var. 1959-cu il idi, evə gəldim ki, Arif həyətimizdə manqalda kabab bişirir. Bizim həyət də böyük idi, üzüm tağlarının altında süfrə qurulmuşdu. Mənə dedi 4 nəfər qonağım var. Onlardan iki nəfəri mənə tapaşırdı. Dedi, bunları da götürüb gedin Şirvaşahlar sarayına, mən danışmışam, minarədən çəkiliş etməyə icazə verəcəklər. Apardım, çəkiliş etdilər, qayıdıb gəldik, süfrəyə oturdular. Yeyib- içmək başlayandan sonra zarafatla soruşdular ki, böyüyəndə kim olacaqsan? Dedim, sürücü olacam.Təəccüb etdilər. Nə sürücü? Dedilər, Arif, bu nə danışır? Yox, sən gərək rejissor olasan. Məni məcbur etdilər ki, onlara söz verim ki, gələcəkdə rejissor olacağam. Sonra da mənim sağlığıma badə qaldırdılar. Sonralar bildim ki, dörd nəfər qonaqdan biri bəstəkar Qara Qarayev, rusiyalı rejissor Roman Karmen, yazıçı İmran Qasımov və operator Cahangir Məmmədov idi. Onlar Bakıda iki film çəkmişdilər. Biri “Xəzər neftçiləri haqqında povest”, digəri isə “Dənizi fəth edənlər” adlanır.
Beləliklə, mən televiziyada fəhlə kimi işə başladım. Böyük kameralar, nə qalınlığında kabellər və müxtəlif texniki əşyalar daşıyırdım, səyyar televiziya stansiyasında işləyirdim. Daha sonra, 60-ci illərdə Teatr İnstitutuna daxil oldum, 1964-cü ildə isə nəhayət ki, mən Azərbayacan televiziyasına rejissor köməkçisi vəzifəsinə qəbul edildim.
Sizə həmçinin, Arifin “pionerlər və məktəblilər”parkına necə müdir təyin olunmasından danışmaq istərdim.
O, tələbə olarkən, İçərişəhərdə, küçədə 5-6 rusdilli xanım ona yaxınlaşıb ki, bəs sizi bir dəqiqəlik olar? Ona deyiblər ki, buraları yaxşı tanımırlar və onlara İçərişəhərdən danışan adam lazımdır. Arif də bunlara bələdçilik edib, Qızqalasına qədər onları aparıb, saatlarla məlumat verib. Sonda isə onların verdiyi pulu Arif qəbul etməyib. Qadınlardan biri ona nömrəsini verib deyib ki, işləmək istəyirsənsə, sabah icra hakimiyyətinin girəcəyinə gəl. Arif gedib və məlum olub ki, qadın Bakı Təhsil İdarəsinin rəhbəridir. Beləliklə, qardaşımı Bakı məktəbləri üzrə metodist kimi işə götürüblər. Bakı məktəblərində o vaxtlar öz fəaliyyətlər yaranırdı. O , onlara nəzarət edəcəkdi. Mövzudan çıxıb, bir məlumatı da nəzərinizə çatdırım ki, Bakıda 1951-ci ilə qədər oğlanlar və qızlar ayrı oxuyurdu. Mən əvvəl məkəbdə oxuyanda da belə idi.
Söhbətimizə qayıdıram. Oradan sonra isə Arifi “Pionerlər və məktəblilər ”parkına müdir təyin ediblər. O, institutu bitirənə kimi orada işlədi.
Anam rəhmətlik həmişə deyərdi ki, Arif, evlən, qızın olsun. Mənim 5 oğlum var, qızım yoxdur. Arif də zarafatla deyərdi,”Ay arvad, sən nə danışırsan, sən bilmirsən ki, oğlanın bir dədri varsa, qızın iki dərdi var”, sonra da gülərdilər. Həmin televiziya və kinojurnalisti Nina Yarovayanı sevirdi, o, isə evli idi, ailə qura bilməzdilər. Arif heç vaxt evlənmədi.
- Siz tarixən ulu öndər Heydər Əliyevin televiziya və kino salnaməsini yaradanlardan birisiniz...
- Heydər Əliyev təbliğata çox güclü fikir verirdi. Hara gedərdisə, ətrafında 10 nəfər fotoqraf və teleoperator var idi. Özü də jurnalistlərə, rejissorlara çox hörmətlə yanaşardı. Sizə bir hadisəni danışım.1993-ci ilin mart ayında Fransadan Bakının Binə aeroportuna “Miraj” hərbi nəqliyyatı- təyyarə humanitar yardım gətirmişdi, Naxçıvana uçacaqdı. Bunu təşkil edən isə Fransanın Bakıdakı səfiri cənab Perren idi. Heydər Əliyevlə yaxşı münasibəti var idi, onu çox sevirdi. Mən də həmin vaxt AzTv- də işləyirdim. Nadejda İsmayılovaya və rejissor, operator Namiq Şirəlibəyova şərait yaratdım ki, Naxçıvana uçsunlar və çəkiliş aparsınlar. Biz böyük bir material hazırlayıb verdik. O zaman Naxçıvan blokada şəraitində idi, insanlar işıq tapmırdı, axşamlar işıqlar hər gün sönürdü, camaat ağacları kəsib evini qızdırırdı və s. Bütün bunların hamısını çəkmişdilər. Hətta belə bir kadr da var idi ki, Heydər Əliyev xarici qonaqları ilə görüşən zaman işıqlar sönür. Onlar daha sonra Heydər Əliyevin cəbhə bölgəsində olarkən kadrlarını çəkib gətirmişdilər. Biz bu kadrlardan böyük bir material hazırladıq. Ancaq onu böyük çətinliklə efirə verə bildik. Bundan başqa 1993-cü il mayın 10-u, onun doğum günü üçün daha bir 10 dəqiqəlik film hazırladıq və efirə getdi. 1987-ci ildən bəri o, ilk dəfə idi ki, efirə çıxıb xalqı sevindirmişdi.
Daha sonra isə 1993-ci il iyunun 9-da Bakıda qardaşı Cəlal Əliyevin evində Heydər Əliyevlə görüşdüm. Mənə dedilər ki, o, Naxçıvandan Cəlal Əliyevin evinə gələcək. Operatorumla birgə evin küçəsində dayanıb gözlədim. Heydər Əliyev gəldi. Başqa adamlar da var idi. Hamı ilə salamlaşdı, mənimlə də görüşdü.
Dedi, yuxarı qalxın. Liftələ yuxarı qalxdıq. Otağa girdik. Onunla bağlı kifayət qədər çəkiliş etdik. Operator kameranı quraşdırana qədər bir kövrək səhnə oldu. Heydər Əliyev otağın pərdəsini ehmalca aralayıb küçəyə uzun müddət baxdı, onun fikirli olduğunu hiss etdim. Bu an kamera hazır oldu, ondan xahiş etdim ki, bu kadrı bir də təkrar edək. Heydər Əliyev isə müdrikcəsinə dedi ki, belə kadr bir də təkrarlana bilməz. Sabahısı gün televiziyaya gəldi. Camaat yığışmışdı. Tez qalstukunu düzəltdi, güzgüyə baxdı. Çəkilişə başladıq.
- 26 Yanvarda həbs olunmanız nə ilə bağlı idi? Niyə sizi bir ay həbsdə saxladılar?
- Mən cəbhəçi deyildim, amma xalq hərəkatının iştirakçısı idim. Televiziyanın enerji bloku partladılmazdan əvvəl hamı idarəni tərk etmişdi. Görünür, kimsə bunlara göstəriş vermişdi. İnformasiya proqramının baş redkatorunun müavini Telman Qafarov, jurnalist Alı Mustafayev, Rafiq Savalan da daxil olmaqla bir neçə nəfər qalıb işləyirdik. Saat 19:26- da bütün teleradio enerji blokunda partlayış baş verdi. O faciəli günlər ilk şəhidimiz televiziyamız oldu. Xahiş etdim ki, yanğın söndürənlərə və təcili yardıma zəng etsinlər. Qəribədir, 5-10 dəqiqədən sonra gəldilər, deməli, hazır idilər. Kimsə onlara hazırlıq haqqında göstəriş vermişdi. 1990-cı ilə yanvarın 26-na kimi televiziya fəaliyyətini dayandırmışdı. 26 -sı gecə yarısı gəlib məni evdən zorla apardılar. Televiziyadan məndən başqa 3-4 nəfəri də tutmuşdular. Çünki biz hərbi vəziyyətin əleyhinə çıxırdıq. Bizi iki hərbi təyyarədə Nasosnu Hərbi Hava Limanından Krosnadora apardılar. Daha sonra isə 46 nəfəri incidə -incidə “Stolipin” deyilən qatarlar ilə Ulyansk şəhərinə gətirdilər. Qatarda bizi hər gün dubinka ilə rus əsgərləri vururdular. Faciəvi 20 Yanvar hadisələri xalqımızın yaddaşında çox acı xatirələrlə qalıb.
- Məlumdur ki, Kərim Kərimovla bağlı iki tammetralı sənədli film çəkmisiniz. İndi kimlərlə maraqlanırsınız?
- Davud Paşayev adında azərbayacanlı olub. O, Rusiyanın uzaq şimal nöqtəsində, “Severodvinsk”də atom sualtı gəmiləri hazırlayan müəsissənin rəhbəri olub. Haqqında kitab da oxumuşam. Arzum budur ki, Rusiya qəhrəmanı adına layiq görülən elə bir azərbaycanlı haqqında sənədli film yaradım.
Daha sonra, məşhur azərbaycanlı İqor Aşurbəyli haqqında maraqlanıram. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb. "Asgardia” adlı kosmik dövlət yaradıb.
Şahanə Rəhimli
FOTO: Şahin Sərdarov
Azvision.az
Teqlər: Xalq-artisti Müsahibə