`Facebook` hökmü ləğv olundu

`Facebook` hökmü ləğv olundu
  26 Noyabr 2013    Oxunub:1373
“Facebook”dakı tənqidi ifadələrə cinayət cəzası kəsən hökm ləğv olundu.

Media Hüququ İnstitutundan AzVision.az-a verilən məlumata görə, noyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsi Astara Məhkəməsinin facebook-dakı tənqidi ifadələrə cinayət cəzası kəsən hökmünü ləğv edib. Yuxarı məhkəmə rayon məhkəməsinin hökmünün ciddi prosessual pozuntulara yol verilməklə çıxarıldığı qənaətinə gəlib.

“Facebook işi” ilə bağlı - Astara rayon Məhkəməsi 2013-cü ilin iyul ayında AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovu internetdəki ifadələrindən dolayı cinayət məsuliyyətinə cəlb edən hökm çıxarmışdı. M.Talıbov AccessBank-dakı işindən çıxarılmasını qanunsuz sayırdı. O, facebook-da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt ifadələrlə qamçılamışdı. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi. Astara Məhkəməsi facebook səhifəsindəki “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gələrək M. Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilmişdi. M.Talıbov aylıq qazancının 20%-nin dövlətə alınmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, habelə M.Talıbovun üzərinə facebook-da təkzib vermək vəzifəsi (!) qoyulmışdu.

Mikayıl Talıbovun hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri müdafiə edirlər. MHİ-nin vəkilləri Şirvan Apellyasiya Məhkəməsinə təqdim etdikləri şikayətdə Astara Məhkəməsinin hökmünün qanunsuz olduğunu, maddi və prosessula pozuntulara yol verilməklə çıxarıldığını, M.Talıbovun ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu qeyd etmişdilər. Məhkəmədən rayon məhkəməsinin hökmünün ləğvi tələb olunurdu.

Apellyasiya şikayətinə noyabrın 25-də Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Məhkəmə hesab edib ki, rayon məhkəməsinin hökmü ciddi prosessual pozuntulara yol verilməklə çıxarılıb, M. Talıbovun ədalətli məhkəmə araşdırması hüququ pozulub. Şirvan Apellyasiya Məhkəməsi hökmü ləğv edərək işi yenidən baxılmaq üçün Astara Məhkəməsinə qaytarıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti