Fransa səfiri: “Minsk qrupu olmasaydı, vəziyyət daha təhlükəli olardı” - EKSKLÜZİV MÜSAHİBƏ

  Fransa səfiri:  “Minsk qrupu olmasaydı, vəziyyət daha təhlükəli olardı” -  EKSKLÜZİV MÜSAHİBƏ
  23 May 2020    Oxunub:24864
“Azərbaycanda yaşayan fransızlar özlərini təhlükəsiz hiss etdikləri üçün burada qaldılar”

Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azvision.az-a eksklüziv müsahibə verib. Səfir Fransanın koronavirusla mübarizəsi, böhrandan çıxış planları, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:

- Cənab səfir, artıq bir neçə aydır ki, koronavirus bütün dünya ölkələri üçün bir nömrəli problemə çevrilib. Virus böyük insan itkisinə, iqtisadi böhrana və digər ağır nəticələrə səbəb olmaqdadır. Fransa təəssüf ki, pandemiyadan ən çox zərər çəkən ölkələr sırasındadır. Hazırda siz ölkənizdə vəziyyəti necə qiymətləndirirsiniz?

- Fransa ən böyük sanitar böhranı ilə üzləşib. COVİD-19 səbəbindən Fransa çox sayda ölümlə sınağa çəkildi. Lakin, Fransa nizamlı və vahid şəkildə reaksiya verdi. Demək olar ki, iki ay ərzində fransızlar çox ciddi sanitar qaydalar rejiminə riayət etdilər, həkimlər və tibb işçiləri füsunkar idilər. Bu, cəmiyyət üçün yeni, nadir təcrübə idi və həm ölkəmin dayanaqlığı, həm də fransızların fəallıq imkanları məni heyrətləndirdi. Məktəblərdə, ailələrdə hamı yeni iş tərzinə uyğunlaşdı. Fəal siyasət vasitəsilə insanların həyat səviyyəsini, işlərini və sağlamlığı qorumaqla dövlət orqanları bu çətin dövrdə cəmiyyətə dəstək göstərmək üçün hazır olduqlarını nümayiş etdirdilər. Bu, ədalətli və universal sosial təminat sisteminin nə qədər vacib olduğunu göstərir.

- Fransanın böhrandan çıxmaq planları nədən ibarətdir?

- Fransada dövlət əmək haqqlarının qismən ödənilməsini tez bir zamanda öz üzərinə götürdü, korporativ kreditlərə zəmanət verdi, iqtisadiyyatın ən çox ziyan çəkmiş sektorları olan turizmə, kənd təsərrüfatına və kiçik bizneslərə yardım etdi. Eyni zamanda, karantindən sonrakı dövrdə iqtisadi canlanmanın bərpasına stimul vermək üçün geniş plan hazırladı. Ümumilikdə, bir neçə yüz milyard avro səfərbər edildi, bu da tarixi əhəmiyyətə malikdir. Respublika Prezidenti və Səhiyyə naziri xəstəxanaların modernləşdirilməsinin geniş planını açıqladı, bu da tibb işçilərinin əmək haqlarının qaldırılması, əhəmiyyətli sərmayələrin qoyuluşu və yeni iş üsulları ilə nəticələnməlidir.

Ümumiyyətlə, hər yerdə anlayırlar ki, bu böhran Avropanın iqtisadi suverenliyi, dayanıqlı inkişaf və rəqəmsal inqilab sahələrində iqtisadi modelimizin müəyyən aspektlərinə yenidən baxmağa vadar edir.

Avropa İttifaqı da operativlik göstərdi və sanitar böhrandan ən çox əziyyət çəkən dövlətlərə kömək etmək üçün kütləvi maliyyə imkanlarını səfərbər etdi. Avropa ölkələrinin büdcələrini gücləndirmək və böhrandan ən çox ziyan çəkmiş Avropa bölgələrinə kömək etmək üçün Prezident Emmanuel Makron və Almaniya Kansleri Angela Merkel Avropa İttifaqı tərəfdaşlarına beynəlxalq bazarlardan 500 milyard avro borc almaqla tarixi qərar qəbul etməyi təklif etdi. Bu isə daha çox Avropa həmrəyliyi, Avropanın səhiyyəsində daha çox suverenlik və daha çox birgə işlər deməkdir.

- Azərbaycanda koronavirusla bağlı həyata keçirilən mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan cəld reaksiya verdi və hesab edirəm ki, səmərəli oldu. Sanitar-epidemioloji vəziyyət nəzarət altında saxlanıldı. Azərbaycanda yaşayan fransızlar özlərini təhlükəsiz hiss etdikləri üçün burada qaldılar. Çətinlik yarandıqda hökumət diplomatik korpusa səmərəli yardım göstərdi. Amma, pandemiya böhranı bütün dünyada olduğu kimi, Azərbaycanda da bitməyib, buna görə hamı ayıq olmalıdır.

- Qeyd etdiyim kimi, koronavirus demək olar ki, bütün sahələrdə durğunluğa, böhrana səbəb oldu. Bu baxımdan Fransa-Azərbaycan əlaqələrində nə kimi boşluqlar yarandı? Nəzərdə tutulmuş hansısa planlar təxirə salındımı?

- Əlbəttə ki, sanitar böhran bütün səviyyələrdə, hökumət, diplomatik, eyni zamanda turizm sahəsində təmaslara əngəl törədir. Bu, bütün dünya ölkələri arasındakı münasibətlərdə olduğu kimi, Fransa ilə Azərbaycan arasında da mövcuddur. Ancaq hətta bu dövrdə də mübadilələr aparıldı. Misal üçün, mayın 12-də Fransa Sahibkarlar Federasiyası və AZPROMO arasında İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Fransa-Azərbaycan Ticarət və Sənaye Palatasının və 90-dan çox şirkətin iştirakı ilə videokonfrans təşkil olundu və hər iki tərəfdə bu, böyük maraq oyatdı.

- Bu günlər ərzində məsafədən işləməyi, aktiv fəaliyyət faizinin daha aşağı düşməsini nəzərə alsaq, Siz bu imkandan necə yararlanırsınız? Yəni boş vaxtınızı daha səmərəli keçirmək üçün nələr edirsiniz?

- Fransa səfirliyi epidemiya böhranı dövründə açıq və fəal rejimdə işlədi. Səfirlik işçiləri öz evlərindən, distant olaraq çox işlədilər, çünki bəzi işlər, o cümlədən sentyabrda Fransada təhsil alacaq azərbaycanlı tələbələrin sənədlərinin hazırlanması və təqaüd alanların seçilməsi işi dayana bilməzdi. Azərbaycandakı Fransız İnstitutu ancaq onlayn olaraq fransız dili dərslərini davam etdirdi və çox uğurlu alındı.

Asudə vaxtlarıma gəldikdə, hər kəs kimi, evdə qaldım, həmişəkindən daha çox - xüsusilə klassikləri və siyasi esseləri oxudum, sosial şəbəkələr vasitəsilə ailəm və dostlarımla daim əlaqə saxladım.

- Cənab səfir, aprel ayı ərzində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri videokonfrans formatında müzakirələr apardılar. Ardınca Rusiya XİN rəhbəri Sergey Lavrov münaqişənin mərhələli həllini dəstəkləyən açıqlama ilə çıxış etdi və bundan sonra Ermənistan rəhbərliyinin aqressiv ritorikasına şahid olduq. İrəvanın bu cür mövqeyini nəzərə alsaq, uzun illərdir davam edən danışıqların hansısa müsbət nəticəyə gətirəcəyinə inanırsınız?

- ATƏT-in Minsk Qrupunun məsləhətləşmə mexanizmi olmasaydı, vəziyyət şübhəsiz daha qeyri-sabit, daha təhlükəli olardı. Davamlı dinc həll yolu tapmaq, yeni bir qarşıdurmanın və beləliklə, müharibənin faciələrinin qarşısını almaq üçün diplomatik səylər davam etməlidir.

Xalqları, həmçinin sülhə hazırlamaq lazımdır. Xalqlar özləri buna hazırlaşmalıdırlar, bu isə nifrət nitqlərindən imtina etmək, digəri haqqında məlumatlanmaq, vətəndaşlardan irəli gələn dinc təşəbbüsləri dəstəkləmək deməkdir. Münaqişələrin həllində hər kəsin - əlbəttə ki, hökumətlərin, eyni zamanda medianın, universitetlərin, ailələrin, qeyri-hökumət təşkilatlarının da rolu var. Buna görə istərdim ki, noyabr ayında üçüncü buraxılışı keçiriləcək Paris Sülh Forumunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri iştirak etsinlər. Sülh naminə müsbət təşəbbüsləri olan şəxslərin hamısı, Fransanın Bakıdakı səfirliyi ilə əlaqə saxlayaraq Parisdə iştirak etmək üçün müraciət edə bilərlər. ( https://az.ambafrance.org/The-third-Paris-Peace-Forum-building-a-better-world-after-the-pandemic )

Bu il səhiyyə sahəsində əməkdaşlıq, şübhəsiz ki, müzakirələrin mərkəzində olacaqdır. Bütün məlumatlar bizim saytımızdadır.

- Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərini necə şərh edərsiniz ? Sizcə, artıq bir müddətdir müzakirə edilən sazişin imzalanması yaxın gələcəkdə mümkün olacaqmı?

- Azərbaycan bir neçə böyük sivilizasiyaların qovuşuğunda olmaqdan şanslıdır - Avropa sivilizasiyası - bura Rusiyanı, İranı və əlbəttə, Türkiyəni də daxil etmək olar. Ölkəniz anladı ki, onun marağı iqtisadi, mədəni, siyasi və hərbi güclər olan bütün böyük dövlətlərlə və Aİ kimi onları təmsil edən qurumlarla dostluq və dərin münasibətləri inkişaf etdirməkdir.
Bu əlaqələr saxlanılmalı, dinamik qalmalı və dünyadakı dəyişikliklərə uyğunlaşmalıdır.

Bundan əlavə, inanıram ki, azərbaycanlılar Avropa ilə daha çox əlaqələr qurmaq istəyirlər. Buna görə Azərbaycan və Aİ üçün yeni əməkdaşlıq və tərəfdaşlıq sazişi bağlamaq vacibdir. Düşünürəm ki, bunu tez bir zamanda imzalamaq mümkündür. Fikrimcə, bu, baş verəcək, çünki bundan imtina etmək Azərbaycanın regional siyasətində mühüm dəyişiklik olardı. Nikbinəm.

- Cənab səfir, müsahibə üçün təşəkkür edirik.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Səfir   Müsahibə  





Xəbər lenti