5 min manata çıxan cin: cəhalət, yoxsa reallıq...

5 min manata çıxan cin: cəhalət, yoxsa reallıq...
  13 Yanvar 2014    Oxunub:10413
Telekanallardan birində canlı efirdə cin çıxarılmasının nümayişi son günlər bu məsələni müzakirə mövzusuna çevirib. Çoxunun marağına səbəb olan cinvurmanı bəziləri qeyri-ciddi hal, cahillik kimi qiymətləndirsə də, bunun həqiqət olduğuna inananlar az deyil.
Ümumiyyətlə cinvurma adlanan hala təkcə islamda deyil, eləcə də xristianlıq, buddizm, şamanizm və başqa dinlərdə də rast gəlinir. Xristianlıqda bu, ekzorsizm adlanır. Yunan dilindən tərcümədə bu sözün mənası lənətlənmək. ovsunlanmaq deməkdir. Bəzi mənbələrdə qeyd olunur ki, cinin, yaxud şər ruhların bədəndən qovulması aktı hələ qədim Babilistanda da icra olunub. Xristianlar isə iddia edir ki, bunu ilk dəfə İsa Məsih edib.

Şamanlıqda isə cin çıxaran adama Qovuç deyilir. Xristianlıq şeytan çıxarma əməliyyatı zamanı işgəncə də daxil hər cür üsula icazə versə də şamanlıqda işgəncəyə icazə verilmir.

Avropada cinçıxarma...

Avropada sonuncu dəfə cinçıxarma əməliyyatı 1976-cı ildə olub. Analizi Mişel üzərində aparılan əməliyyat həftədə 1-2 dəfə baş tutur. Katolik kilsəsində başa tutan əmnəliyyat zamanı 40-a yaxın səs qeydə alınıb. Amma Analizi uzun müddət idi ki, ürəkgetmədən əziyyət çəkirdi və heç nə yemirdi. İnanırdı ki, cinlər ona yemək yeməyə icazə vermir. Halbuki həkimlər diaqnozuna görə, A.Mişel epilepsiyadan əziyyət çəkir.
Katolik kilsəsinin cinçıxarma əməliyyatı ona kömək olmadı və 1976-cı il iyunun 30-da son seansdan sonra öldü. Ölümə aclığın səbəb olduğu bildirildi. Bu hadisədən sonra Alman katolik kilsəsi açıqlama verərək A.Mişelin bədəninə cin girdiyini təkzib etdi.

“Həkimlər bunun qarşısında acizdir”

Azərbaycanda da cinvurmaya məruz qaldığını deyən kifayət qədər adam var. Elə cin çıxardığını deyənlər də az deyil. Məsələn Vüsal Mərdinli.

Bəs, adamın bədəninə cin girdiyini necə müəyyən etmək olar, əlamətləri nədir?

Cin çıxarmaqla məşğul olduğunu bildirən Vüsal Mərdinli AzVision.az-a deyir ki, bunun əlamətləri ilk növbədə şizofreniyaya bənzəsə də bu, başqa şeydir: “Oxşarlıq var, amma şizofreniya deyil. Həkimlər bunun qarşısında acizdir. İtaliyada Vatikanda, Rusiyada? Dağıstanda, xristian kilsələrinin özünün qurumları var, eqzosizm adlanır, bu işlə məşğul olur. Amerikada da bu, rəsmi olmasa da din tərəfindən tanınır. Hazırda Azərbaycanda çox adam cinvurmadan əziyyət çəkir”.

Cadugərlərlə, falçılar da cinlərlə işləyir

Cinin özünə nə olduğuna, nədən yarandığına gəlincə isə V.Mərdinli bildirir ki, Quran-i Kərimdə də cinlərlə bağlı geniş məlumat verilir: “Cinlər də bizim kimi məxluqdur ki, bizdən əvvəl yaranıb. Sadəcə şeytan, iblis onlardan olduğu üçün cinlərin bəzisini öz tərəfinə çəkir, aldadır. Cadugərlərlə, falçılar da cinlərlə işləyir. Murdar, qeyri-insani yollarla cinlərlə əhd bağlayırlar.

ANS kanalının efirində göstərilən, cinvurmadan əziyyət çəkən xanım 5 ildir ki nevropatoloqun yanına gedir, müalicə alır, amma xeyri yoxdur. O, Goranboy rayonunda yaşayır, araşdırsanız görəcəksiz ki, cin çıxarılandan sonra düzəlib, hazırda lap yaxşıdır”.

Bəziləri belə iddia edir ki, cin vuran adamın bədənindən çıxarılan cin yaxınlıqdakı başqa bir adamın bədəninə girə bilər. Vüsal Mərdinli buna belə aydınlıq gətirdi: “Onun bədənindən cini çıxaranda həmin cinin yaxınlıqdakı birinin bədəninə girməməsi vacibdir. Bunun qarşısını Quranla alırıq. Mən o cini Məkkəyə göndərdim. Azərbaycanda bunu çox az adam bacarır. O adamın bədənindən çıxardığım cin mənim qorxumdan başqa adamın bədəninə girə bilməz. mən hara istəsəm ora gedəcək. Ermənistanın prezidentinə də göndərsəm gedər”.
Cin çıxaran deyir ki, hər gün 15-20 nəfər ona cinvurma şikayəti ilə müraciət edir.

Qeyd edək ki, elə bizim də 5-10 dəqiqəlik söhbətimiz zamanı onun digər mobil telefonuna 3 zəng gəldi. Söhbətdən belə başa düşülürdü ki, onların hər 3-ü cinvurma ilə bağlı zəng ediblər: “Müraciət edənlərin hamısı psixoloqa, nevropatolqa müraciət ediblər, amma xeyir tapmayıblar. Həkimlərin gözünün qabağında edirik, amma inkar edirlər, darvinçidirlər. Mənim həkimlərə böyük hörmətim var. Uşağım xəstələnəndə mən də həkimə müraciət edirəm. Cinvurmadan qaynaqlanan epilepsiya, şizofreniyanı da müalicə edirəm. Mən şizofreniyanı, epilepsiyanı müalicıə etmirəm, əgər bunlar cinvurmadan qaynaqlanırsa, onda həmin adamı bundan xilas edirəm”.
Psixoloqlar, eləcə də psixiatrlar isə bu fikirdədir ki, cinvurma deyilən halın heç bir əsası yoxdur. Bu, cahillikdən qaynaqlanır.

“Cinçıxarma cəhalətdir..”

Psixiatr Mehriban Zeynalova vurğulayır ki, xəstənin yaxşılaşmağının səbəbi cincıxarma əməliyyatı vasitəsilə sağalacağına inamdır: “Bunun heç bir elmi tərəfi yoxdur. Cinçıxarma cəhalətdir. Insanlar özlərinıə təlqin edir ki, onlarda hansısa problem var. O təlqinin hesabına da inam yaranır. İnandıqlarına görə də cinçıxarma əməliyyatı müsbət nəticə verir. İnamla adi bir su içsə belə bu, ona kömək edəcək. Inamsız ən güclü dərman belə həmin insana kömək edə bilməyəcək”.

“İnsanların hissləri ilə oynayırlar”



Psixoloq Elnur Rüstəmov isə insanı cinin vurub vurmayacağını belə izah edir: “Bunun heç bir əsası yoxdur. Fikir versəniz, mütəmadi olaraq efirdə bu cür şeylər verilir. Bəzi hallarda bu, mənfi hal kimi təqdim olunsa da, bu da insanlarda cinçıxarmaya maraq yaradır. Epileptik tutmaları olan bir qızın üzərində şou düzəldirlər, bununla da insanların hissləri ilə oynayıb müştəri yığırlar. Yaxşı olardı ki, bu, efirə verilməsin. Bəzi hallarda həmin əməliyyat açıq şəkildə təbliğ olunur.

Həmin cinçıxarma əməliyyatını icra edənlrdən heç biri xəstənin psixoloji durumu ilə maraqlanmır. Elə cin çıxaranın özünün də psixoloji durumuna baxmaq lazımdır ki, bu, normal adamdırmı? O, normal adam deyil”.

Psixoloq qeyd edir ki, cin çıxardığını deyən insanlar bəzən hətta şizofreniyadan əziyyət çəkən xəstəni belə sağaltmaq iddiasına düşür: “Konkret psixi problemi olan insanı sağaltmaq iddiasına düşürlər. Ürəyi, böyrəyi xəstə olan, xərçəng olan xəstələri belə sağalda biləcəyini deyirlər. Insanların hissləri ilə oynayırlar. Xəstə insan hər vasitəyə əl atır, hər yerdən ümid istəyir, bu insanlar isə ondan istifadə edir. Mən bu yaxınlarda bir evə getdim, dedilər ki, bir ekstrasens onların evində cin olduğunu deyib ev sahibindən 5 min manat pul alıb. Ev sahibi danışır ki, onların hamısını ayaqüstə düzüb ki, namaz qılmalısız. Cini çıxarmaq üçün canavar dişi gətirəcəyinə söz verib pulu alıb və aradan çıxıb”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti