`Kaş ki, bizim biznesmenlərdə erməni iş adamlarının qeyrəti olardı` - MÜSAHİBƏ

`Kaş ki, bizim biznesmenlərdə erməni iş adamlarının qeyrəti olardı` - MÜSAHİBƏ
  13 Yanvar 2014    Oxunub:4032
Atv telekanalının keçmiş baş redaktoru, "Milli təhlükəsizlik və siyasi strategiya" ixtisasi üzrə politologiya magistri, jurnalist Etibar Məmmədov AzVision.az-a müsahibəsində bir sıra maraqlı məsələlərə toxunub.


- 4 ildir ki, telejurnalistikadan ayrılmısınız. Haralardasınız? Hazırda nə işlə məşğulsunuz?

- Televiziyalarla əlaqəmi kəsməmişəm. Əvvəl telekanalda işləyirdim, indi telekanallarla işləyirəm. Hazırda sənədli filmlər çəkirəm və onlar telekanallarda nümayiş etdirilir. Əsas diqqətimi Qarabağ mövzusuna yönəltmişəm. Soyqırımlar, tariximizə aid müxtəlif mövzularla, ədəbiyyat adamlarının həyat və yaradıcılığı ilə bağlı sənədli filmlər hazırlayıram. Bir sözlə, çoxlarının gəlirsiz saydığı işə baş vurmuşam. Əlbəttə ki, gəlirsiz ola və ya şou-biznes qədər gəlirli sahə olmaya bilər, amma bunlar Azərbaycan üçün çox vacib mövzulardır. Sabah hər bir kəsin övladı tarixi bilmək istəyəcək. Bu işlər onlar üçündür. Həm də arxiv yığıram.

- Deyirsiniz, bu işdə gəlir yoxdur, və ya varsa, çox azdır. Əgər belədirsə, əsas gəlir yeriniz haradır?



- Bu, çox ağrılı mövzudur. Təəssüf ki, ölkəmizdə bu sahədə çox az insan peşəkarlaşıb. Serial və bədii filmdən fərqli olaraq sənədli filmləri işləmək çox çətindir. Kömək edənlər, dəstək olanlar da azdır. Məsələn, şou layihələrə 5-10 min manat ayıran insanlar həmin vəsaitin cüzi hissəsini sənədli filmlərə sahəyə ayrısa, ciddi irəliləyiş olardı. Lakin bu baş vermir. Məsələn, biz Xocalı soyqırımından danışırıq, bu faktları dünya çıxarmaq bizim ziyanımızamı olar? Təbii ki, olmazdı. Əgər iş adamı bu torpaqda yaşayırsa, bu torpağın suyunu içib çörəyini yeyirsə, bu torpaqda böyüyüb və bu torpaqdan qazanırsa, bu torpaqda onun atası, anası, babası yatırsa, və bu torpaq, bu millət, bu xalq düşmənin basqılarına məruz qalırsa, həmin iş adamı bu torpağın haqqını verməlidir. İş adamının çoxlu pulu ola bilər. Lakin o, bu haqqı ödəmirsə, vətənilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına dəstək vermirsə, vətənpərvərlik və ya tarixi mövzulara vəsait ayırmağı öz maddi maraqlarına uyğun saymırsa, həmin iş adamı bu torpaqdan qazandığı pulun təsiri altında sadəcə mənəviyyatını itirib.

- Konkret olaraq, sizin təqdim etdiyiniz layihələrə “yox” deyiblər?

- Çox. İlk dəfə müstəqil olaraq sənədli film çəkməyə başlayanda bir iş adamına müraciət etdim ki, milli qəhrəmanlar haqqında sənədli filmlər toplusu hazırlamaq istəyirəm. O, “yox” cavabı verdi. O zaman millət vəkili Qənirə Paşayeva dəstək verdi. Ancaq iş adamı dedi ki, “hazırda böhrandı, ona görə mənim biznesimə bu mövzu uyğun gəlmir. Mən şou layihələrə sponsorluq edirəm”. Belə çıxır ki, həmin insan üçün şou daha vacibdir, nəinki torpağımız, dövlətçiliyimiz uğrunda canından keçmiş milli qəhrəman.



Mən başa düşürəm ki, hansısa telekanal səhər saat 6-dan gecə saat 12-yə qədər yalnız sənədli film nümayiş etdirsə, bu, bezdirici olar. Şou da olmalıdır. Başqa layihələr də omalıdır. Amma belə mövzulara diqqətsiz yanaşmaq yolverilməzdir. İnsan öz tarixini yazmazmı?

- Bəs maliyyə məslələrini necə həll edirsiniz? Dövlət hesabına?

- Mən 1918-ci ildə baş vermiş iki aylıq erməni-gürcü müharibəsi haqqında sənədli film çəkdim. Çəkilişlər Gürcüstanda baş tutdu. Bunun üçün kimlərə müraciət etmədim. Bir nəfər kimi hamısı imtina etdi ki, bəs, sənin işin-gücün qurtarıb. Nəticədə bilirsiz kim mənə dəstək oldu? Prezident aparatının rəhbəri Ramiz Mehdiyev. Yenə adlar çəkə bilərəm. Baş nazirin müavini Əli Həsənov, Dağlıq Qarabağ icmasının sədri Bayram Səfərov, millət vəkili Elman Məmmədov, Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov bu işdə mənə çox kömək edirlər. Çox sağ olsunlar. Mən əlacsız qalanda adlarını sadaladığım şəxslərə üz tuturam. Onlar isə masaya qoyduğum mövzunun əhəmiyyətini bilərək mənə kömək edirlər. Bəs iş adamları bunu dərk etməməlidirmi? Kaş bizim biznesmenlərdə erməni iş adamlarında olan qeyrət olardı. Erməni biznesmenləri ermənilərə qəti aidiyyatı olmayan torpaqları, mədəniyyəti, yeməkləri, şeirləri və s. öz millətinin adına yazdırmaq üçün varidatını ortaya qoyur. Bizim iş adamları isə pulu əyləncəyə, şoulara ayırır. Bunu demək ağırdır, amma bu, faktdır.



- Sizin haqqınızda məlumat toplayarkən həmkarlarınızla əlaqə saxladım. İş yoldaşlarınızdan biri bunu belə təsvir etdi ki, ”Etibar bir dəqiqəyə bir reportaj yazır”.

- Tək jurnalistikada yox, ümumiyyətlə, mənim bəxtim həmişə gətirib ki, yaxşı müəllimlərim olub. Jurnalistikaya gələndə, söhbət Mirşahindən gedir. Nəyəsə görə mənə elə gəlir ki, son zamanlar Mirşahin tələbə hazırlamır. Mirşahin tələbə hazırlayanda efir başqa cür görünür. Bizim bəxtimiz onda gətirdi ki, o, üstümüzdə qılınc kimi dayanırdı. Nəticədə öyrətdi. Söhbət 1997-98-ci illərdən gedir. O dövrdə elə bir komanda var idi ki, insan öyrənməyə məcbur idi. Mühit elə idi. Baxırdım Rüstəmin işinə və deyirdim ki, mən də belə etməliyəm. O zaman mən təzə gəlmişdim telekanala. Biz öyrənə bilirdik. Demək istəyirəm ki, Mirşahinin, yəni müəllimin zəhmətinin nəticəsidir. Bir dəqiqəyə reportaj yazmaq peşəkarlıq yox, vərdişdir. Peşəkarlıq odur ki, müxbir gördüyü işin əhəmiyyətini dərk etsin. Bu olarsa, o zaman reportajı bir dəqiqəyə yazmaq çox asandır. Təbii ki, biz də bu bilikləri kimlərəsə ötürdük. Lakin əksəriyyətindən layiqli tələbə alınmadı. Təəssüf... İndiki zamanda populyar olmaq istəyi peşəkar olmaq niyyətlərini xeyli üstələyib. Bu, əsasən xanımlara aiddir, amma belələrinin sırasında oğlanlar da yox deyil. Telekanalın kandarına çatmamış deyirlər ki, mən aparıcı olmaq istəyirəm.



- Yəqin ki, bu, ATV-də çalışdığınız zamanlara təsadüf edir...

- Bəli. Amma bu tendensiya bütün kanallarda var və yayılmaqdadır. Bilirsiniz, belələri gəlib aparıcı olurlar. Baxırsan ki, bunlar robotdur. Nəyə görə indi telekanallar tənqid olunur? Tamaşaçı aparıcılara inanmır, onları başa düşmür. Buna nail olmaq üçün isə müxbir, redaktor, baş redaktor gərək daim öyrənsin. Redaktor, baş redaktor sadəcə vəzifədir. Hər ikisinin kökündə müxbir anlayışı dayanır. Problem ondan başladı ki, biz müxbirliyi baş redaktorluqdan ayırdıq və vəzifə etdik. Mən deyirəm ki, bu gün peşəkar müxbirlər yoxdur. Saya bilərsiniz ki, Mirşahin, Qulu Məhərrəmli, Rüstəm Əbülfətoğlu, Eldəniz Vəliyev, Böyük Seva, Emin Musəvi, Ləman Əşrəfqızı, Esmira Namiqqızı və s. Təsəvvür edin ki, oturduğumuz otaqda bütün havanı sovurublar və burada cəmi 3-4 oksigen molekulu qalıb. Biz nəfəs ala bilməyəcəyik, deyəcəyik ki, hava yoxdur. Üç-dörd nəfər peşəkarla jurnalistikaya peşəkar demək olmaz.

- Peşəkarlığa konkret nə mane olur?

- Düzgün aparılmayan kadr siyasəti. Fikir verin, indi efirdə xəbər aparıcıları jestlərlə danışmağa başlayıb. Tamaşaçını sözlə inandıra bilməyəndə, təbii ki, işə əllər düşməlidir. Mən ANS-ə ilk dəfə gələndə məndən soruşdular ki, Bill Klinton kimdir. O zaman mən cavab verdim, amma sualın özünə təəccübləndim. Sonra özüm baş redaktor olanda başa düşdüm ki, həqiqətən də primitiv biliklərə malik olmayan gənclər var imiş. Əgər hansısa müxbir Qarabağ problemi ilə bağlı kifayət qədər biliklərə malik deyilsə, o, bu barədə danışa bilməz. Onun tamaşaçını aldatmağa haqqı yoxdur. Mövzunu bilmədən efirə çıxıb suflyordan xəbər oxumaq tamaşaçıya qarşı ən böyük hörmətsizlikdir, boşboğazlıqdır. Adama deyərlər ki, bilmədiyini niyə danışırsan. Bunun nəyi peşəkarlıqdır? Səhvsiz, jestlərlə danışmaq hələ peşəkarlıq deyil. Peşəkarlıq düzgün, ağıllı və başa düşülən şəkildə danışmaqdır.

- Azərbaycanda telekanallar niyə bu cür problemlərlə üzləşir?

- Ona görə ki, telekanallarda pul qazanmaq marağı intellektual tamaşaçının tələbatını ödəmək marağını üstələyib. Peşəkar kadr çatışmazlığı üzündən intellektual layihələr ya bəsit, baxımsız olur, ya da, ümumiyyətlə, efir üzü görmür. Böyük ağıl tələb etməyən şounun da digər layihələri üstələməsinin səbəbi məhz odur ki, Azərbaycanda informasiya, analitik, milli, mənəvi, mədəni dəyərləri təbliğ edən layihələri irəli aparacaq kadrlar yoxdur. 2009-cu ildə Ramiz Mehdiyev “Azərbaycanın efir məkanı” sərlövhəli məqalə dərc etdi. Mən o məqaləni nümunə adlandırıram. Orada bütün prinsiplər, hətta telekanalların strategiyası belə öz əksini tapmışdı. Bir həftə sonra bütün efirlərdə vətənpərvərlik, tarix, mədəniyyətlə bağlı yeni layihələrin anonsları verilməyə başladı. Bəs nə oldu? Haradadı indi o verilişlər? Onların biri də işıq üzü görmədi. Niyə? Kadr tapılmadı və ya olan kadrların buna potensialı çatmadı. Real vəziyyəti bilmək istəyiriksə, özümüzü aldatmaq istəmiriksə, aparıcıların, müxbirlərin, redaktorların attestasiyası keçirilməlidir. O zaman hər şey aydın olacaq.

- Başqa sözlə, siz hesab edirsiz ki, telekanallar öz kadrlarını öyrətməlidir?

- Bəli. Necə olur ki, biz öyrənirdik? İndiki jurnalistlər niyə öyrənməsin ki? Efirə çıxan kimi aparıcı hesab edir ki, o, artıq peşəkardır. Amma yanılır. İndiki kadrların qeyri-peşəkarlığı ucbatından telekanllar “jek”lərlə, bələdiyyələrlə dava aparan, müğənnilər arasında ucuz intriqalar yaradan qurumlara çevrilib. Əslində isə, telekanal çox güclü silahdır. Onunla ya düşməni məhv edəcəksən, ya da özünü vuracaqsan. Bu gün biz ikincisini müşahidə edirik. Mən adamlar tanıyıram ki, gəlib deyirdilər ki, mən aparıcıyam, müxbir deyiləm, çəkilişlərə getmirəm. Telekanalları bu cür insanlardan təmizləmək lazımdır. Qadın-müxbir və kişi- müxbir anlayışları yoxdur. Bu peşənin sahibisənsə, sən ayağı yalın qaçmağı da bacarmalısan, kiminsə qapısında saatlarla gözləməyi də. Mən demirəm ki, indi belələri yoxdur. Sadəcə, o peşəkarlar indiki qeyri-peşəkarlar kütləsinin içində itdilər, bəziləri isə qaçdılar. İndiki zamanda peşəkarlar öz yerlərində deyillər.

- Sizin fikrinizcə, telekanallarda baş verən bu proseslər cəmiyyətimizin, ayrıca götürsək, fərdlərin psixologiyasına təsir göstərirmi?

- Şübhəsiz. Azərbaycan efiri öz tamaşaçısını başqa ölkələrin, o cümlədən düşmən ölkələrin efirlərinin xeyrinə itirir. Belə tamaşaçı həmin ölkənin dilində düşünməyə başlayır, onun psixoloji təsirinə məruz qalır. Müasir dünyada informasiya müharibənin aparılmasının əsas vasitələrindən birinə çevrilib. Bu müharibədə vuran əllər KİV-lərdir, o cümlədən telekanallar. Şou layihələrlə informasiya müharibəsi aparılmaz. Bizdə deyirlər ki, şou proyektlər olmasa pul qazanmaq mümkün deyil. Amma özlərini CNN, BBC ilə müqayisə edirlər. CNN və BBC-nin efirlərində primitiv, bəsit şoular yoxdur. Lakin onlar bizim telekanallardan qat-qat çox pul qazanırlar. Səbəb də odur ki, onlar əvvəlcə keyfiyyəti sonra isə pulu düşünürlər.

- Azərbaycanda nə vaxtsa CNN, BBC kimi telekanallar ola bilər?

- Əlbəttə. Hələ 2004-cü ildə mən demişdim ki, ATV-ni Qafqazın “Əl-Cəzirə”sına çevirmək olar. Bunun konsepsiyasını da hazırlamışdım.

- Siz bunu 10 il əvvəl demisiniz. Nəyə görə mümkün olmadı?



- Ona görə ki, hərəkətsizliklə üzləşdik və bayaq dediyim mənasız şoulardan pul qazanmaq amili qalib gəldi. CNN, BBC, Əl-Cəzira kimi telekanallar səviyyəsinə yüksəlmək üçün böyük şərtlər var ki, onlara riayət etməlisən, stereotiplərdən əl çəkməlisən. Bu, baş vermədi. Amma təsəvvür edin ki, Azərbaycanda CNN səviyyəsində telekanal var. O zaman biz bütün düşmənlərin informasiya şəbəkələrini məhv edərdik. Bir dəfə biz buna nail olduq. Gecə saatlarında Nardaranda təyyarə qəzaya uğramışdı. Mən qəza yerindən reportaj hazırladım. Həmin reportajı CNN telekanalı olduğu kimi köçürmüşdü. Sevincimizin həddi-hüdudu yox idi. Bizim telekanalın loqosu CNN-in efirində... Böyük uğur idi və bu hadisəni sadəcə ənənəyə çevirmək lazım idi. Təəssüf ki, belə olmadı.

- Belə çıxır ki, siz Azərbaycan telekanallarına baxmırsız?

- İndi internetə üstünlük verirəm. Orada hər şey tapmaq olur. Bu, bir tərəfdən, yaxşıdır, digər tərəfdən, təəssüf hissi doğurur ki, telekanallar özlərini belə bir vəziyyətə gətirib çıxarıb. Daimi olaraq Azərbaycan radiosunu izləyirəm. Orada ədəbiyyat var, orada Mikayıl Müşfiqdən, Hüseyn Caviddən, Molla Vəli Vidadidən, tarixdən, mədəniyyətdən bəhs edən verilişlər yayımlanır. Bir dəfə belə verilişlərdən birini sona qədər dinləmək üçün maşını Siyəzənə qədər sürmüşəm. Məni özünə çəkdi. Azərbaycanın tele-tamaşaçısı da belə verilişlər üçün darıxıb. İndiki efirə baxanda isə orada dava, intriqa, söyüş, ölüm, qətl, bir sözlə, hər şey görmək mümkündür. Maarifləndirməkdən başqa. Biz deyirik ki, cəmiyyətimizdə ədəbiyyat ab-havası yoxdur. Niyə yoxdur? Ona görə ki, telekanallar ədəbiyyatımızı, dilimizi təbliğ etmirlər. Amma kolbasanı reklam edirlər, iki qadının bir-birinə efirdə nalayiq ifadələr işlətməsinə vaxt ayırırlar. Bu, faciədir.

- Bütün bunlara rəğmən televiziyaya qayıtmaq təklifi alsanız qayıtmaq istərdinizmi?

- Açığı, bu barədə düşünməmişəm. Hələlik özümün böyük layihələrim var. Bir neçə nəfər yığışıb onların üzərində işləyirik. Bu ilin sonuna qədər gerçəkləşdirmək istəyirik. Bu işdə də bizə baş nazirin müavini Əli Həsənov mənəvi dəstək göstərdi. Bu il Daxili Qoşunlarla bir layihə həyata keçirmək istəyirik.

- Beləliklə, nəticə...

- Nəticə odur ki, Kütləvi İnformasiya Vasitələri, xüsusilə də telekanallar, milli təhlükəsizlik sahəsinə daxil olan məsələdir. Başqa sözlə, telekanalda çalışan hər bir əməkdaş hər an öz vətəni, milləti, dövləti uğrunda mübarizə aparır. O, peşəkardırsa, bunu dərk edir, deyilsə, deməli, ünvanı səhv salıb. Qeyri-peşəkar müxbir, redaktor, baş redaktor döyüş vaxtı məğlubiyyətə məhkumdur. Qeyri-peşəkarı da döyüşə yalnız qeyri-peşəkar komandir göndərə bilər. Telekanallar bu cür hallardan təmizlənməlidir.

Şahanə RƏHİMLİ

AzVision.az




Teqlər:  





Xəbər lenti